İdman

Böyük Britaniyanın Bakı-2015 komandasına Olimpiya çempionları başçılıq edir

24 Aprel 2015 23:43
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniyalı Olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed MakKiver Avropa Oyunlarında iştirak edəcəklər.

Trend Avropa Oyunlarının saytına istinadən məlumat verir ki, Böyük Britaniya Bakı-2015 Avropa Oyunlarında yarışacaq 153 idmançının adlarını açıqlayıb. Bu idmançılar 12-28 iyun tarixlərində keçiriləcək yarışlarda 13 fərqli idman növündə mübarizə aparacaqlar.

Britaniya nümayəndə heyətinin rəhbəri Mark İnqlənd qeyd edib: "Bakı-2015 Avropa Oyunlarında Böyük Britaniya komandası adından yarışacaq idmançıları elan etmək gözəl duyğudur. Onların çoxu üçün Avropanın ən yaxşılarına qarşı mübarizə aparmaq, çoxsaylı idman növü üzrə yarışlarda mühüm təcrübə qazanmaq və ya Rio-2016-ya aparan yolu özləri üçün təmin etmək baxımından böyük imkandır. Həmçinin Böyük Britaniyadan Bakıya bu cür böyük bir nümayəndə heyətinin gəlməsindən çox məmnunam. Bu, bizim Pekin-2008 Olimpiya Oyunlarından sonra ən böyük nümayəndə heyətimizdir. Bunun onların hər biri üçün çox qürurverici an olacağından əminəm".

Boksçu N.Adams London-2012 Olimpiya Oyunlarında 51 kq çəkidə qızıl medal qazanıb, o, həm də dünya çempionatlarının üçqat gümüş medalçısıdır.

C.Cons taekvondo üzrə qızıl medalı qazanmış ilk britaniyalı idmançı kimi London-2012 Olimpiya Oyunlarının qalibi olub.

Bakı-2015 üçün özünə yer təmin etmiş digər uğurlu idmançı London-2012 Olimpiya Oyunlarında 200 metr məsafəyə kayakla yarışda qızıl medal qazanmış E.MakKiverdir. Bu 31 yaşlı idmançı həm də 2010-cu il dünya, həm də Avropa çempionatlarında 200 metr məsafəyə kayakla yarışlarda qızıl medala layiq görülüb.

E.MakKiver belə deyib: "Mən bu dəfə Avropa Oyunlarında iştirak etmək üçün yenidən Böyük Britaniya komandasına seçilməyimdən qürur duyuram. Bu, Rio-2016 üçün kvalifikasiya yarışı olacaq dünya çempionatına kimi səkkiz həftəlik müddət üçün mühüm yarışdır. Dünyanın birinci dərəcəli avarçəkmə idmançılarının əksəriyyəti avropalı olduğuna görə mən həqiqətən də sürətli yarışlar və hazırlıq proseslərinin nə cür getdiyini görmək istəyirəm".

Qeyd etməyə layiq digər britaniyalı idmançılar cüdo üzrə gümüş medal sahibi Qemma Gibbons və Alise Şlezinger, üçqat dünya triatlon çempionu Helen Cenkins və taekvondo üzrə Olimpiya bürüncü medalçısı Lutalo Muhammaddır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.