İdman

"Onlarla oyunumuz ağır keçir"

14 Aprel 2015 10:05
1 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter"ə 2:0 hesabı ilə qalib gələn "Neftçi"nin hücumçusu Nikolas Kanales jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, paytaxt derbisində dubl edən çilili futbolçu komandasının qələbəsi və Premyer Liqamızın səviyyəsi haqda danışıb.


- Kubok matçının ilk oyununda "İnter"ə 2:0 hesabı ilə qalib gəldiniz...

- Bizim üçün ağır oyun oldu. Çünki "İnter" hər zaman yaxşı oyun nümayiş etdirir. Son iki oyunda onlara məğlub olmuşduq. Amma bu dəfə yaxşı oyun sərgilədik və qələbə qazandıq.
 

- Son turlarda məhsuldarlığınla seçilirsən. Artıq əvvəlki formana qayıtdığını söyləmək olar?

- Son turlardakı oyunlar əvvəlkilərdən xeyli fərqlənir. Rəqiblərimiz də güclü təsir bağışlayırlar. İnanmıram ki, Premyer Liqanın bombardiri mövsümün sonuna qədər iyirmi qol vursun. Bununla belə, özümə inamım artıb və imkanlardan yararlanıb qollar vururam.
 

- İlk oyundakı qələbəyə baxmayaraq cavab qarşılaşmasında şansların eyni olduğnu söyləmək olar?

- Təbii ki, arxayınlaşmaq olmaz. Çünki "İnter" öz meydanında çox yaxşı təsir bağışlayır. Statistikaya baxsanız, bizim orada çox qol vura bilmədiyimizi görərsiniz. Cavab qarşılaşmasında fərqli sistemlə oynamaq lazımdır ki, qol buraxmayaq.
 

- Belə oyunla finalda da qələbə qazanacağınıza inanırsan?

- Məncə, belə oynasaq, qələbə qazana bilərik. Çoxdandır, belə yaxşı oyun sərgiləmirik.
 

- Necə düşünürsən, "Neftçi"yə gəldiyin 2012/2013 mövsümü ilə müqayisədə Premyer Liqanın səviyyəsi aşağı düşüb?

- Bəzi klublarda maliyyə problemləri var. Ona görə də həmin komandalar artıq bizə rəqib ola bilmirlər. Bu da çempionatın səviyyəsinə mənfi təsir göstərir. Ancaq deməzdim ki, çempionatın səviyyəsi aşağı düşüb. Bəzi komandalar daha yaxşı oyun sərgiləyir. Məsələn, "Sumqayıt" haqda mənfi fikir söyləyə bilmərəm. Onlarla oyunumuz ağır keçir. Yəni hər bir komanda "Neftçi"yə qarşı güclü müqavimət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.