İdman

Prosineçki: "Biz qrup üçüncülüyü uğrunda mübarizə apara bilərik"

28 Mart 2015 12:16
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Futbolda infrastruktur çox vacibdi. Azərbaycan futboluna investisiya yatırılır. Bu isə o deməkdi ki, uğur qazanmaq olar". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Goal.com saytına müsahibə verən xorvatiyalı mütəxəssis Azərbaycan futbolunun gələcəyindən nikbindi: "Hazırda qrupda heç də yaxşı mövqedə deyilik. Ancaq mən bu ölkə futbolunun potensialına inanıram. Mən demirəm ki, biz bir gün İtaliya və ya İspaniyanın taxtını əlindən alacağıq. Ancaq fikirləşirəm ki, onlara çətin anlar yaşada bilərik. Azərbaycanda yaşamağı qərara almışam. Daxili çempionatın oyunlarını müntəzəm diqqətdə saxlamağa çalışıram. Sizə deyim ki, burda perspektivli futbolçular var. Mən də hazırda yalnız Azərbaycan futbolu barədə düşünürəm".

Prosineçki hesab edir ki, Avropa çempionatının yeni formatı Azərbaycan millisi üçün bir şansdı: "Biz həmişə qrup üçüncülüyü uğrunda mübarizə apara bilərik. Hesab edirəm ki, bu format çox sərfəlidi, Azərbaycan millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansını artırır. Ümumiyyətlə, bu format kiçik ölkələr üçün bir stimuldu".

46 yaşlı çalışdırıcı sələfi Berti Foqtsun fəaliyyətini də yüksək dəyərləndirib: "Berti Foqts son 6 ildə burda xeyli yaxşı iş görüb. Çoxları onun uğursuz olduğunu düşünür. Ancaq heç də belə deyil. Foqts irəliləyişə nail olub. Bununla belə, biz təfəkkürü dəyişməliyik. Sıfırdan başlamalı və qalib mentaliteti inkişaf etdirməli, futbolçulara bunu aşılamalıyıq".

Prosineçki yığmamızın Avro-2016-nın seçmə qrup mərhələsindəki rəqibi Xorvatiya barədə də fikir bildirib. Xorvatiyalı məşqçi sentyabrda həmyerlilərinə qarşı keçiriləcək oyunu səbirsizliklə gözlədiyini vurğulayıb: "Xorvatiyaya qarşı keçirəcəyimiz matç mənim üçün xüsusi olacaq. Xorvatiya hazırda mənim çıxış etdiyim 1998-ci ildəki komandadan daha güclüdü və onların Fransada titul qazanacaqlarına inanıram. Mən də komandamı xorvatlarla oyuna yüksək səviyyədə hazırlayacam ki, öz bacarığımızı nümayiş etdirək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.