İdman

Mariana Vasileva: "Dünyada gimnastika üçün ən yaxşı kompleks Azərbaycandadır"

5 Mart 2015 17:10
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünyada gimnastika üçün ən yaxşı kompleks Azərbaycanda tikilib". Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva deyib.
 

O qeyd edib: "Bu, təkcə mənim fikrim deyil. Ölkəyə gələn bütün mütəxəsisslər və qonaqlar öz gözləri ilə gördülər ki, belə kompleks heç yerdə mövcud deyil. İdmançıların özləri də onların necə yaxşı arenası olduqlarını anlamırlar, çünki heç vaxt pis şəraitdə işləməyiblər və onların müqayisə edə biləcəyi bir şey yoxdur. Ölkədə bu idman növünü inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. İdmançılara onlara verilənlərin qədrini bilməyi öyrətməyə çalışıram ki, onlar məsuliyyətli olsunlar və müvafiq nəticələr göstərsinlər".
 

Baş məşqçi bildirib ki, son 6 ildə bədii gimnastika Azərbaycanda ən populyar idman növlərindən birinə çevrilib: "Yeddi regionda bədii gimnastika üzrə seksiyalar açılıb və hazırda 217 gimnast məhz həmin regionlarda məşğul olurlar. Fikrimcə, bu, yaxşı başlanğıcdır".
 

O, cari çempionatda bədii gimnastika üzrə Azərbaycan millisinin nəticələri ilə bağlı proqnozlar verməkdən imtina edib: "Bu, qızlarımız üçün ikinci startdır. Bəziləri üçün isə debütdür. Hazırda qızlar yaxşı hazırlaşıblar. Qarşıya qoyulan tapşırığı iş prosesində yerinə yetiriblər. Bu gün psixoloji cəhətdən necə dözümlü olduqlarına baxmaq qalır. Evdə çıxış etmək bir az çətindir. Çünki hamı yaxşı nəticə gözləyir. Fikrimcə, idmançılar öhdəsindən gələcəklər".
 

M.Vasileva əlavə edib ki, digər ölkələrin bir çox güclü gimnastları çempionata gəliblər: "İkiqat dünya çempionu Yana Kudryavtseva çıxış edəcək. Fikrimcə, gimnastlarımız hazırlıq baxımından geri qalmırlar. Ona görə də hər şey onların çıxışından asılıdır. İki ay yarımdan sonra keçiriləcək Avropa çempionatına və 3 aydan sonra baş tutacaq Avropa Oyunlarına yaxşı hazırlaşmaq üçün hələ vaxt var. Federasiyanın və mənim razı qalmağım üçün Avropa Oyunlarında yaxşı çıxışa ümid edirəm. Bilirsiniz ki, federasiyamızın prezidenti Mehriban Əliyevadır və həmişə onu layiqincə təmsil etməliyik".
 

Məşqçinin sözlərinə görə, azərbaycanlı idmançılar gimnastikanın digər növləri üzrə də yaxşı nəticələr göstərirlər: "Ötən gün kişi və qadınlar arasında idman gimnastikası üzrə çoxnövçülük yarışları başa çatdı. Deyə bilərəm ki, əla çıxışımız və yaxşı nəticəmiz var. Oleq Stepko Azərbaycanın mütləq çempionu oldu. Pyotr Paxnyuk isə gümüş medala layiq görüldü. Zədədən və əməliyyatdan sonra bir qədər əvvəlki formasına qayıdan Eldar Səfərov da əla çıxış etdi. Onun yeni mürəkəb elementləri necə yerinə yetirdiyini görəndə təəccübləndim. Hazırkı nəticə məni çox sevindirir. Qızlar arasında idman gimnastikası üzrə çoxnövçülükdə birinci yeri Kristina Pravdina tutdu. Bu onun birinci qızıl medalıdır. O, ilk dəfə Azəraycan çempionu oldu. Onu bu münasibətlə təbrik edirəm. Lakin hələ çalışmalı və üzərində işləməli çox şey var. Bu gün idmançılar batut və aerobika üzrə çıxış edirlər. Bu idman növləri və qadın idman gimnastikasını yenicə inkişaf etdirməyə başlamışıq. Hələ ki, olduqca yaxşı nəticələr var. Lakin yarışın sonunadək gözləmək lazımdır. Amma düşünürəm ki, məşqçi heyəti və biz birlikdə yarışlardan sonra işləməli olduğumuz məqamları təhlil edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.