İdman

"Millinin qapısını ölkənin ən yaxşı qolkiperi qoruyacaq"

20 Dekabr 2014 15:25
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin qapıçılarla iş üzrə köməkçisi təyin olunan Faiq Əzizovun azerisport.az saytına müsahibəsini təqdim edir.

- Təyinatınız barədə nə deyə bilərsiniz?

- Mənə də bu barədə dünən xəbər verdilər. Şadam ki, yenidən yığmada çalışacağam. Bununla qürur duyuram. Məsuliyyətli işdir. Çünki ölkəmizdə qapıçılar çox müzakirə olunurlar.

- Prosineçkinin seçimi sizin üzərinizdə edəcəyini gözləyirdiniz? Çünki sizdən öncə bu postda Rauf Mehdiyev çalışırdı...

- Mümkündür ki, o, mənim yığmada və ölkə xaricində iş təcrübəmin olmasına diqqət yetirib. Üç il Birləşmiş Ərəb Əmirliklərində, altı il yığmada fəaliyyət göstərmişəm.

- Əvvəllər millidə "bir nömrə" Kamran Ağayev sayılırdı. Amma indi Səlahət Ağayev də var...

- Elədir. Elə Norveçlə oyunu götürək. Həmin görüşdə Kamran ehtiyatda qaldığı halda, qapıda Səlahət durmuşdu.

- Seçim etmək çətin olmayacaq?

- Niyə çətin olmalıdır ki? Qapıda ölkənin ən yaxşı qolkiperi duracaq. Kim çempionatda, yığmanın toplanışlarında daha yaxşı təsir bağışlayacaqsa, çərçivəni də ona tapşıracağıq. Bizdə ikili standart olmayacaq.

- Bəs siz indi onlardan hansını ən yaxşı sayırsınız?

- Son dövrlərdə həm Kamran, həm də Səlahət öz klublarında normal çıxış edirlər. Kamranda bir ara məlum düşüş var idi. Amma indi əvvəlki formasını bərpa etməyə başlayıb. Növbəti ildə hər ikisinin yaxşı vəziyyətdə olacağını düşünürəm. Yığmada rəqabət heç kimə mənfi təsir göstərmir.

- Ağayevin durumu ilə maraqlanmısınız?

- Bu təyinatdan sonra qapıçılarımızın klublardakı durumu ilə bağlı daha çox maraqlanacağam. Kamranın müəyyən problemləri var idi. Şübhəsiz ki, bu, onun oyununa təsirsiz ötüşə bilməzdi. Qapıçı psixologiyası meydan oyunçularından çox fərqli olur.

- Qapıçı seçimini siz edəcəksiniz, ya Prosineçki?

- Bunu işin gedişi zamanı biləcəyəm. Biz sadəcə, bir dəfə görüşmüşük.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.