İdman

"Dnepr"in futbolçusu: "Bu, "Qarabağ"ın gücündən xəbər verir"

21 Oktyabr 2014 17:45
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 23-də "Qarabağ"la üz-üzə gələcək Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Sergey Kravçenkonun apasport.az saytına müsahibəsini təqdim edir
  

- İki gün sonra "Qarabağ"la qarşılaşacaqsınız. Komandanız bu oyuna necə hazırlaşır?

- Bütün komanda yoldaşlarım güclü rəqibə qarşı oynayacağımızı bilir. "Qarabağ" Azərbaycan çempionu olubsa, deməli, güclüdü. Çətin və maraqlı qarşılaşma olacaq. Qalib gəlməyə, 3 xal qazanmağa çalışacağıq.
  

- "Qarabağ" haqda nə bilirsiniz?

- Bayaq söylədiyim kimi, sonuncu Azərbaycan çempionatının qalibidi. Rəqibin heyətində 3-4 braziliyalı futbolçu, həm də Azərbaycan millisinin bir neçə futbolçusu var. Bu, rəqibin gücündən xəbər verir.
  

- Sizcə, yer aldığınız qrupun favoriti hansı komandalardı?

- Öncə onu deyim ki, çətin qrupda yer almışıq. Düşünürəm ki, ilk pilləni "İnter" tutacaq. Bu, şübhəsizdi. Qalan 3 komanda isə 2-ci yer uğrunda mübarizə aparacaq. Yəni, bir şansımız var, o da ikincilik. Bizim üçün "Qarabağ"la oyunlar çox önəmlidi. Çünki növbəti mərhələnin taleyini müəyyənləşdirəcək oyunlardı. Kim bu matçlarda daha çox xal toplasa, qrupdan çıxacaq.
  

- Deməli, "Qarabağ"ın qrupdan çıxmaq şansının olduğunu düşünürsünüz...

- "Sent-Etyen" və "İnter"lə oyunlarına baxsaq, şansları çox yüksəkdi. Onlar yaxşı oyun göstərirlər.
  

- Rəqibinizin bundan öncəki oyunlarına baxmısınız?

- "Sent-Etyen"lə görüşü qeyd etmək istəyirəm. Həmin oyunda "Qarabağ" qalib gəlməli idi. Çünki xeyli qol epizodu yaratsalar da, amma rəqib qapısına yol tapa bilmədilər. Amma "İnter"ə uduzdular. Bunu normal saymaq olar. Çünki Milan təmsilçisi qrupdakı rəqiblərindən üstündü. Bunu etiraf etmək lazımdır. Bundan sonra artıq çox önəmli matçlar olacaq. Həm "Qarabağ" üçün, həm də bizim üçün.
  

- Baş məşqçiniz Miron Markeviç bildirib ki, Avroliqa "Dnepr" üçün o qədər də önəmli deyil. Siz də eyni fikirdəsiniz?

- Baş məşqçimiz bildirib ki, Ukrayna çempionatı daha vacibdi. Bu, onun fikridi. Mənə görə, hər iki turnir önəmlidi. Həm Premyer Liqada, həm də Avroliqada qələbələr qazanmalıyıq. Məncə, "Dnepr" bu gücə malikdi. İnanıram ki, qarşıdakı oyunlarda əlimizdən gələni edib, uğurlu nəticələr göstərəcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.