İdman

Böyükağa Hacıyev "İnter" - "Qarabağ" oyunu haqda proqnoz verdi - MÜSAHİBƏ

2 Oktyabr 2014 19:05
0 Şərh     Baxış: 1 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsini təqdim edir.

- "Qarabağ" bu gün Avroliqanın qrup mərhələsində İtaliyanın "İnter" klubu ilə qarşılaşacaq. Sizdə 2 il öncə eyni yarışda bu komandaya qarşı oynamısınız. Bu matç haqqında düşüncələriniz necədir?

- Mənə elə gəlir ki, komandamız bu gün uğurlu çıxış edəcək. Çünki "Qarabağ" çox yaxşı komandadır. Onların oturuşmuş heyəti var. Həmçinin bu komanda yüksəlişdədir. "İnter"ə gəlincə onlar bir çox əsas heyət futbolçularını satıblar. Buna baxmayaraq onlar həmişə Avropanın seçilən komandasıdır. Adlı-sanlı klubdur. Amma əsas məqam odur ki, "İnter" İtaliya çempionatının son turunda çox ağır məğlubiyyətə düçar olub. Bu, onların oyununa psixoloji cəhətdən təsir edəcək. Bu səbəblərə görə deyirəm ki, "Qarabağ" Milanda qələbə qazanacaq. Həm Qurban Qurbanov, həm futbolçuları səbrsizliklə gözləyən azarkeşlərimizi sevindirəcəklər.

- Əminliklə dediniz ki, "Qarabağ" qələbə qazanacaq...

- Bəli. Əminliklə deyirəm ki, komandamız bu çətin səfərdən qələbə ilə dönəcək.

- Sizin 2012-ci ildə Avroliqanın qrup mərhələsində oynadığınız "İnter"lə indiki komanda arasında hansı fərqlər var?

- Hər şeydən əvvəl bu komandada məşqçi dəyişikliyi olub. Həmçinin 2 il bundan öncəki heyətdən, demək olar ki, heç bir futbolçu komandada qalmayıb. Yaxınlarda onların oyununu izlədim. Komanda köklü sürətdə dəyişib. Elə bir dənə fakt deyim ki, həmin oyundan sonra "İnter"in aparıcı futbolçularından olan Filippe Koutinyo 20 milyon avro qarşılığında "Liverpul"a satıldı. İndi bu komandada elə futbolçular yoxdur. Yəqin ki, Qurban Qurbanov onları analiz edib. Lazım olan bütün məlumatları toplayıb. İnanıram ki, o, bu gün düzgün taktika seçib onları məğlub edəcək.

- Əgər bu gün siz bu "İnter"ə qarşı oynasaydınız, qələbə qazana bilərdiniz?

- Mən uduzmağı sevmirəm, həmişə qələbə qazanmaq istəmişəm. Amma futbola əvvəlcədən proqnoz verməyi sevmirəm. Gəlin gözləyək. Sizin o vaxt "Neftçi"dən gözlədiyiniz qələbəni bu gün "Qarabağ" qazanacaq.

- "İnter"in oyununu izlədiyinizi dediniz. Rəqib hansı mövqelərdə zəifdir?

- Həmişə deyirlər ki, italyanlar müdafiə futbolu oynayır. Amma bununla razı deyiləm. Bir də diqqətlə izləsəniz, hazırda Avropa komandalarının çoxu 3 müdafiəçi ilə oynayır. Əgər "Qarabağ"ın futbolçuları özlərini itirməsələr, çox yaxşı olacaq.

- İtaliyada həmişə möhtəşəm azarkeşlər olub. Sizcə, "Cüzeppe Meatsa" stadionuna toplaşan rəqib azarkeşlər komandamıza psixoloji təsir edəcək?


- "Cüzeppe Meatsa" çox möhtəşəm stadiondur. Allah hər adama orda olmağı qismət etmir. Düzdü, orada çox gözəl azarkeşlər var. Amma futbolçular azarkeşlərdən və rəqibin kimliyindən çəkinməməlidir. Azərbaycan futbolu günü-gündən inkişaf edir. Bunun nəticəsidir ki, son 3-4 ildə 2 komandamız Avroliqanın qrup mərhələsinə düşüb. Növbəti illərdə daha çox komanda ilə təmsil olunmalıyıq. İnanıram ki, "Qarabağ" da bu gün gecə bizi sevindirəcək və qələbə hissi yaşadacaq.

- "Qarabağ"ın düşdüyü qrupu necə dəyərləndirirsiniz?


- Əgər komandamız bir az cəsarətli olsa, rəqiblərdən çəkinməsə, qrupdan çıxacaq. Mən buna inanıram  və komandamıza güvənirəm.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.