İdman

"Rəqibin hücum etməməsi işimi çətinləşdirir"

19 Sentyabr 2014 14:52
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin apasport.az saytına müsahibəsini təqdim edir.
  

- Avroliqanın qrup mərhələsinin ilk turunda Fransanın "Sent-Etyen" klubu ilə üz-üzə gəldiniz və 1 xal qazandınız. Bu matçla bağlı fikirləriniz necədir?

- Oyundan əvvəl desəydilər ki, "Sent-Etyen"ə də, sizə də bir xal verilsin" razılaşardıq. Amma matç isə yanıldığımızı göstərdi. Biz rəqibdən daha güclü idik. Əlimizə düşən qol imkanlarından yararlansaydıq, indi 1 yox, 3 xaldan danışırdıq. Yenə də hər şey yaxşı oldu. Çünki qrup mərhələsinə xalla başladıq. Bundan ötrü hamını təbrik edirəm.
  

- Rəqib qapınıza normal bir zərbə endirə bilmədi. Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında demişdi ki, qapıçımızın üzərinə böyük iş düşəcək. Amma əksinə oldu. Razısız?

- Əlbəttə, bununla razıyam. Xüsusilə ikinci hissədə heç bir təhlükəli zərbə olmadı. İlk yarıda isə az da olsa, rəqib məni narahat edirdi. Amma rəqibin hücum etməməsi mənim işimi çətinləşdirir. Çünki özümü rahat hiss edib, oyuna konsentrasiyanı itirə bilərdim. Yenə də sevinirəm ki, qrup mərhələsinin ilk oyununda qapımızda qol görmədim.
  

- Rəqibin hücum qura bilməməsini müdafiənin əvvəlki oyunlara nisbətən daha yaxşı oynaması ilə əlaqələndirmək olar?

- "Qarabağ" bir ailədir. Əgər bir oyunda komanda özünü yaxşı tərəfdən göstərirsə, burda hamının əməyi var. Komandamız möhtəşəm idi. Biz "Böyük beşlik" ölkələrinin komandalarından olan "Sent-Etyen"ə qarşı belə oyun göstərdiyimizə görə sevinirik. 3 xal qazanmalıydıq.
  

- Azarkeşlər haqqında nə deyə bilərsiniz?

- Onlar, sadəcə, möhtəşəm idilər. Bizi tək qoymadılar və ən əsası sona qədər dəstəklədilər. İnanıram ki, onlar da darıxmadılar və maraqlı oyun izlədilər. Biz birlikdə güclüyük. Azarkeşlərimiz bizim 12-ci oyunçumuzdur. Qarşıdakı oyunlarda onlara qələbə sevincləri yaşadacağıq.
  

- "İnter" və "Dnepr"lə qarşılaşmalarda da bu uğurlu oyunu davam etdirə biləcəksiniz?

- Artıq Avroliqa haqqında düşünmürük. Çünki qarşıdakı oyunumuz çempionat matçıdır. "Simurq"la üz-üzə gələcəyik və bütün fikirlərimiz onlarla oyuna yönəldəcəyik. Bundan sonra Avroliqa haqqında düşünə bilərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.