İdman

""Neftçi"nin Cuzeppe Meattsadakı nəticəsini niyə reallaşdırmayaq?"

19 Sentyabr 2014 12:51
0 Şərh     Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Avropa Liqasının qrup mərhələsinin I turunda "Sent-Etyen"lə oyunun ikinci yarısında meydana daxil olan "Qarabağ"ın futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsini təqdim edir.
  

- Debüt etdiyiniz qrup mərhələsinin ilk matçı ilə bağlı nə deyə bilərsiniz?

- Oyunu izləyənlər yaxşı çıxış etdiyimizi təsdiqləyə bilər. Bu gün, həqiqətən də, rəqibdən üstün oynadıq. Yeganə çatışmazlıq qol vura bilməməyimizlə bağlıdır.
  

- Yaratdığınız qol şanslarından niyə yararlana bilmədiniz? Həmin anda nə çatmadı?

- Epizodlarımız oldu. Həmin şanslardan istifadə etmək olardı. Amma biz bunu edə bilmədik. Yenə də şükürlər olsun ki, qələbə qazanmasaq da, uduzmadıq da. Yəni ilk dəfə qatıldığımız qrup mərhələsinə xalla başladıq.
  

- Bu cür başlanğıcı uğurlu sayırsınız?

- Razıyam ki, qələbə ilə də başlamaq olardı. Çünki biz üstün oynayırdıq. Bu üstünlük 3 xal qazanmağımıza imkan verirdi.
  

- Amma bu cür şansı qaçırmağın acısını sona yaxın yaşıya bilərsiniz...

- Əlbəttə, sonra bu xalları axtara bilərik. Evdə itirdiyimiz, qazana bilmədiyimiz həmin 2 xal bizə lazım olacaq. Ancaq neyləmək olar...
  

- Çumbinyo zədələndikdən sonra oyuna qoşuldunuz. Əvvəlcə mərkəzdə çıxış etmək tapşırılsa da, həmin mövqedə özünüzü göstərə bilmədiniz..

- Bütün mövqelərdə oynaya bilirəm. Fərqi yoxdur, sağ, sol və ya mərkəz mövqeyi. Baş məşqçinin tapşırığından asılıdır. Sadəcə, sağ cinaha keçdikdən sonra daha yaxşı oynamağa başladım. Çünki uzun müddətdir hücumçu kimi çıxış etmirdim.
  

- Növbəti oyununuz qrupun aşkar favoriti "İnter"ə qarşı olacaq. "Neftçi" bu komanda ilə səfərədə heç-heçə edib. "Qarabağ" bu göstəricini ən azı təkrarlaya biləcəkmi?

- Hələ bizi Premyer Liqanın oyunu gözləyir. Bazar günü "Simurq"la qarşılaşacağıq. Bu dueldən sonra "İnter" haqda düşünmək olar. Qaldı ki, "Neftçi"nin Cuzeppe Meattsadakı nəticəsinə, niyə bunu "Qarabağ" da reallaşdıra bilməsin? Əlimizdən gələni edəcəyik ki, xal ehtiyatımızı artıraq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.