İdman

"Sent-Etyen" çox qol vurmağı sevən komanda deyil"

17 Sentyabr 2014 16:55
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qarabağ"ın yarımmüdafiəçisi Muarrem Muarremin apasport.az saytına müsahibəsini təqdim edir
  

- Sabah Avroliqanın qrup mərhələsinin ilk turunda Fransanın "Sent-Etyen" klubu ilə üz-üzə gələcəksiniz. Oyuna tam hazırsız?

- Oyuna çox yaxşı hazırlaşmışıq. "Qarabağ" ilk dəfə Avroliqanın qrupunda oynayacaq və bizi çətin bir qarşılaşma gözləyir. Çətin bir qrupda yer almışıq. İnanıram ki, öz oyunumuzu göstərə bilsək, ilk matçımızda qələbə qazanmağımız mümkündür. Fransa klubuna qarşı necə oynayacağımızı baş məşqçimiz bizə söyləyəcək. Amma çox güman ki, onlara qarşı bir taktikamız olmayacaq. Sadəcə həmişə göstərdiyimiz oyunu nümayiş etdirməliyik. Düşünürəm ki, bir problemimiz olmayacaq. Qələbə üçün meydana çıxacağıq.
  

- Rəqibinizin oyunlarını izləmisiniz?

- Arada 10-15 dəqiqə oyunlarını izləyirdik. Təbii ki, video ilə baxdığımız oyunlara görə rəqib haqqında nə isə demək olmaz. Həm də rəqibimizin Fransa çempionatındakı oyunları başqa, Avroliqa başqa. Onların Liqa 1-dəki oyunlarına görə hazırlaşmaq olmaz. Məncə, rəqib də bizə qarşı 100 faiz hazır deyil.
  

- Ən azından onların pley-off mərhələsində Türkiyənin "Karabükspor" klubu ilə oyunlarına da baxa bilərdiniz...

- Həmin oyunlara baxmışıq. Türkiyədə 1:0 uduzdular, evdə 1:0 qalib gəldilər. Penatilərlə qrupa çıxdılar. Fikrimcə, "Sent-Etyen" çox qol vurmağı sevən komanda deyil. Əslində, bu Fransa liqasından irəli gəlir. Çünki daxili çempionatdakı oyunlarına da baxmışam. Oyunlarının çoxu 1:1, 1:0, 2:0 hesabları ilə bitir. Böyükhesablı qələbələri yoxdur.
  

- "Sent-Etyen"lə Avroliqanın pley-off mərhələsində oynadığınız Hollandiyanın "Tvente" klubu arasında hansı fərqlər var?

- Dediyim kimi tam qərar vermək olmur. Məsələn, pley-off mərhələsindən öncə "Tvente"ni izləmişdik. Amma meydanda onlara qarşı oynayarkən rəqibdən tam başqa oyun gördük. Bu da belə. Dəqiq deyə bilmərəm ki, "Sent-Etyen"in gücü nədir.
  

- Avroliqanın F qrupunda İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent-Etyen" klubları ilə birlikdə yer almısınız. Bu qrupdan növbəti mərhələyə çıxmaq şansınız nə qədərdir?

- Şansımızın nə qədər olduğunu deyə bilmərəm. Amma növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Düzdü, çox güclü komandalar var. Qrupun favoriti "İnter"dir. Amma hər şeyə qrup mərhələsinin oyunları bitdikdən sonra aydınlıq gələcək. Biz də ilk dəfə oynayırıq. Digər komandalar bizim yaxşı tanımırlar. Şansımız var, amma nə qədərdir, onu bilmirəm.
  

- "Sent-Etyen"in prezidenti Rolan Romeye demişdi ki, qrupun iddialı komandaları "İnter" və "Dnepr"dir. Onlardan sonra III pilləni tuta bilərik...

- Bu onun düşüncələridir. Bizi tanımadıqları üçün hər şey deyə bilərlər. Onlar yəqin ki, bizim oyunlarımızı yaxşı izləməyiblər. Normaldır. Artıq "Sent-Etyen"lə üz-üzə gələcəyik. Bundan sonra rəqib qərar verəcək ki, bizim necə komandamız var. Bizi siyahıdan silmək olmaz.
  

- Qrup mərhələsinin ilk oyununu doğma meydanda keçirmək sizin üçün yaxşı hal sayıla bilər?

- Əlbəttə. Yaxşı oldu ki, ilk matçımızı evdə keçirəcəyik. Azarkeşlərimiz bizə dəstək verəcəklər. Çünki səfərdə oynasaydıq, fərqli hallar ola bilərdi. İnanıram ki, Bakıda qrup mərhələsinin ilk qələbəsini qazanacağıq.
  

- Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü dəyişilib. Bu müəyyən problemlər yarada bilər?

- Əslində bundan öncəki oyunlarımızda böyük problemlər yaşadıq. Ot örtüyü bərbad idi. Amma ot örtüyü dəyişildiyinə görə daha yaxşı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.