İdman

""Qarabağ" qrupdakı rəqiblərindən geri qalmır"

2 Sentyabr 2014 16:52
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Qarabağ" klubunun yeni transferi Şəhriyar Əliyevin qol.az saytına müsahibəsini təqdim edir.

- Premyer Liqamızın son turunda "Bakı" ilə qarşılaşmada (2:2) növbəti xal itkisi ilə üzləşdiniz. Sabiq komandanla oyun haqda fikirlərini bilmək istərdik.

- "Bakı"nın heyəti gənclərdən ibarət olsa da, sona qədər oynayan, mübariz komandadır. Ona görə də görüşə məsuliyyətlə yanaşırdıq. İlk hissə üstünlüyümüz şəraitində keçdi. Bu, hesabda da özünü göstərdi. Ancaq ikinci hissə qapımızda iki qol gördük. Deməzdim ki, arxayınlaşmışdıq. Sonradan toparlanıb, bərabərlik qolunu da vurduq. Qələbə də qazana bilərdik. Hesab 2:2 olandan sonra yaxşi qol imkanımız oldu, ancaq yararlana bilmədik. Düşünürəm ki, uduzmaqdansa, bir xal da pis nəticə deyil. Ancaq xal itirdiyimizi deməliyəm. "Bakı" ilə görüşdən maksimum nəticə əldə etməli idik.

- Hesabda öndə olsanız da, dörd dəqiqə ərzində qapınızda iki qol gördünüz. Hətta məğlub ola bilərdiniz. Buraxılan qollarda müdafiə xəttinizin kobud səhvi vardımı?

- "Bakı" hər iki qolu künc zərbəsindən vurdu. Rəqib futbolçuları boş buraxdıq. Təbii ki, səhv olmasa, qol da olmaz. Özümüz də tez bir zamanda iki qol buraxacağımızı gözləmirdik.

- Komanda yoldaşların "Bakı"nın vaxtı uzatdığından gileylənir.

- Bəli, hesab 2:2 olduqdan sonra "Bakı" futbolçuları vaxtı uzatmağa başladı. Bu da təbiidir. "Qarabağ" kimi komandadan bir xal almaq "Bakı" üçün yaxşı nəticədir. Yəni böyük klublara qarşı oyunda bu kimi hallar çox olur. Ancaq onu da deməliyəm ki, "Bakı" da yaxşı oyun sərgilədi. Onlar çox istəkli idilər.

- "Qarabağ" nə dərəcədə istəklidir? Avroliqanın qrup mərhələsinə vəsiqə qazandıqdan sonra Premyer Liqa oyunlarına köklənmək çətin deyil ki? Komandanız üç oyundan iki xal toplayıb.

- Deməzdim ki, fikrimiz Avropada qalıb. Sadəcə, komandamızda yorğunluq ola bilər. İlk oyunlarda bir qədər yol yorğunluğu oldu. Ancaq çalışırıq ki, maksimum nəticə qazanaq. Qarşıdakı oyunlarda xal itkilərini sığortalayacağıq.

- Son ölkə çempionu üçün bu nəticələr nə dərəcədə normaldır? Rəqiblərinizlə xal fərqini aradan qaldırmaq çətin olmayacaq?

- "Qarabağ" üçün çətin olmamalıdır. Çempionat yeni başlayıb. Xal itirdiyimiz komandaların hər biri ilə üç oyunumuz var. Növbəti turlarda xallarımızı toplayacağıq.

- Avroliqanın qrup mərhələsindəki rəqibləriniz haqda nə deyə bilərsən?

- Rəqiblərimizin hər biri adlı-sanlı komandalardır. "İnter" haqda danışmağa ehtiyac yoxdur. "Sent Etyen" və "Dnepr" isə öz ölkələrinin ən titullu komandalarıdır. Ancaq biz də rəqiblərin heç birindən çəkinmirik. Öz əziyyətimizlə qrupa düşmüşük. Deməli, biz də hər bir rəqiblə mübarizə apara bilərik və buna layiqik.

- "Qarabağ" bu rəqiblərlə mübarizədə qrupdan çıxa bilər?

- Özümüzə güvənirik. Rəqiblərimizdən geri qalmırıq. Bununla belə, onlara hörmətlə yanaşırıq. Çalışacağıq ki, mümkün qədər irəli gedək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.