İdman

"Qarabağ"ın Avropa Liqasındakı oyunlarının başlama saatı dəyişdirilir

2 Sentyabr 2014 13:05
0 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avroliqanın qrup mərhələsində oynayacaq Ağdamın "Qarabağ" klubunun ev oyunlarının vaxtı dəyişdirilə bilər. Milli.Az xəbər verir ki, bu barədə apasport.az saytına klubun meneceri Asif Əsgərov məlumat verib.
  

O bildirib ki, ağdamlıların qrup mərhələsində keçirəcəkləri ev oyunları nəzərdə tutulduğu kimi saat 22:00-da deyil, 1 saat tez başlayacaq: "UEFA oyunların vaxtını açıqlayarkən orada "Qarabağ"ın ev matçlarının başlama saatına yenidən baxılacağı haqqında qeyd yazmışdı. Dəqiq olmasa da, böyük ehtimalla bizim Bakıda keçirəcəyimiz oyunlar saat 21:00-da başlayacaq".
  

Əsgərov, həmçinin Ukraynanın "Dnepr" klubuna qarşı keçirəcəkləri səfər oyununun "Dnepr Arena"da deyil, başqa stadionda keçiləcəyini bildirib:

""Dnepr"ə qarşı keçirəcəyimiz səfər oyunu da böyük ehtimalla başqa stadionda baş tutacaq. Çünki bu klubun öz stadionu hazırda Rusiya ilə müharibə şəraitində olan Donetsk bölgəsinə yaxındır. Onlar ilk matçı İtaliya "İnter"i ilə oynayacaqlar. İtalyanlar da bununla bağlı UEFA-ya müraciət ediblər. Həmçinin, Fransanın "Sent-Etyen" klubu da ukraynalılarla matçı "Dnepr Arena"da keçirmək istəmir. Qrupda hər 3 klub bununla bağlı qitə futbol qurumuna müraciət edib. UEFA da "İnter", "Sent-Etyen" və "Qarabağ"ın müraciəti əsasında qərar verəcək. Böyük ehtimalla oyunlar Kiyevdə keçiriləcək. Çünki "Dnepr" pley-off mərhələsindəki oyununu da Ukraynanın paytaxtında keçirib. Bu barədə qərarın nə olacağı isə həftə ərzində məlum olacaq".
 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk matçını sentyabrın 18-də Bakıda "Sent-Etyen"ə qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.