İdman

"Qarabağ"ın uğuru Qarabağın uğurudur

30 Avqust 2014 15:10
1 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zahid Oruc: "İdmançılarımızın zəfərini səngərdə dayanan əsgərin apardığı mübarizənin davamı saymalıyıq..."
 

Avqustun 28-də Azərbaycanın futbol tarixində ilk dəfə olaraq "Qarabağ" futbol klubu Hollandiyanın güclü "Tvente" klubu ilə heç-heçə qalaraq, qrup turnirinə vəsiqə qazandı. Bu hadisə hamımızı, təbii ki, həm də "Qarabağ" adının Azərbaycan toponimi kimi Avropada insanların beyinlərinə həkk olunması baxımından sevindirdi.

Hər halda, futbol fanatları ilk dəfə qruplarda oynayacaq bu klubun adı ilə maraqlanan zaman Qarabağın işğalda olmasını biləcəklər, Avropanın minlərlə insan tutumuna malik nüfuzlu stadionlarında bayrağımız dalğalanacaq, "Qarabağ" sözü üzərində yazılmış köynəklərdə oyunçular və azarkeşlər stadionlarda olacaq, futbol mütəxəssisləri bu klub barədə danışacaqlar. Bundan əlavə, Qarabağın qruplardakı hər oyununda bütün dünyanın diqqəti yönələcək.
 

Bütün bunların fonunda bir sual meydana çıxır: qazanılan idman zəfəri Qarabağ məsələsinin həllində hansı rolu oynaya bilər?

Deputat Zahid Oruc hesab edir ki, "Qarabağ"ın qələbəsi Azərbaycanın milli mübarizəsinə ən böyük töhfələrdən biridir: "İdman siyasətin mühüm hissəsidir. Hətta bəzən özüdür. Bir sıra hallarda siyasətdən də önə çıxa bilir. Biz bunun tarix boyu şahidi olmuşuq. Xüsusilə, I və II Dünya müharibələrində. "Qarabağ"ın uğuru Azərbaycanın milli mübarizəsinə çox mühüm töhfədir. Kiçik bir xatırlatma edim ki, şotlandlar indinin özündə də ingilislərin tərkibindən çıxmaq üçün müxtəlif mübarizələrdən keçirlər. Onlar dünya çempionatında ingilislər üzərində qazandıqları 2-1-lik qalibiyyəti düz bir il milli zəfərə çevirdilər. Ən azından özlərinə inam qazandılar ki, biz qalib gələ bilərik. Almaniyanın güləş salonlarının girişində bir şüar asılıb. "Düşməni öz sənətində məğlub et". Biz idmançılarımızın uğurlarını səngərdə dayanan əsgərin apardığı mübarizənin davamı saymalıyıq. "Qarabağ" klubunun adı ilə Qarabağ adının beynəlxalq aləmdə Azərbaycanla bir səslənməsi böyük töhfə olacaq. Qrup mərhələsindəki oyunlar zamanı təkcə stadiondakı azarkeşlər yox, eyni zamanda ekran qarşısındakı izləyicilər də Qarabağ brendinin Azərbaycanla bir olduğunun şahidi olacaqlar".

Zahid Oruc "Qarabağ"ın nailiyyətinin ciddi bir uğur olduğunu bildirdi: "Bu klubun tərkibində öz millətimizin mənsubları çoxdur. "Qarabağ" sözün həqiqi mənasında milli bir komandadır. Azərbaycanın insanın özünə inamında da bu mühüm bir hadisə oldu. Şəxsən özüm oyunu izləyirdim. Hamımıza xoş bir ovqat oldu. Davamlı olmağını arzulayıram. Onların imzasını səngərdə dayanan əsgərin də yazması üçün bir hadisə kimi dəyərləndirirəm".

Deputat bundan sonra da "Qarabağ"ın qazandığı uğurların davamlı olması üçün dövlətin verə biləcəyi dəstəkdən də danışdı: "Bildiyimiz kimi, Qarabağın oyunlarını Ağdamda keçirmək məsələsində müəyyən problemlər yarandı. İlk növbədə bu problem həllini tapmalıdır. Hər oyunçu bu illər ərzində ölkə başçısı tərəfindən dəstək görüb. Klubun ən aşağı yaş etibarı ilə sistemli, strateji investisiyalarının artmasına ehtiyac olacaq. Bunlar şəxsi oyunçuların şəxsi hesabına uğur yazılması kimi əlamətdardır. Onlar beynəlxalq məkana özlərini təqdim edə bilirlər. Eyni zamanda transfer üçün də böyük imkandır. Bütün mənalarda yaxşı bir hadisə kimi dəyərləndiririk. Təkcə qruplarda deyil, daha yüksək yerlərə getməsi üçün mütərəqqi bir hadisə kimi qiymətləndirirəm".

"Yeni Müsavat" olaraq, "Qarabağ" klubunun qazandığı uğur münasibətilə xalqımızı, azarkeşləri təbrik edir, klubumuzun gələcək də qələbələrinin davamlı olmasını arzulayırıq.

Yeni Müsavat

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.