İdman

Rəşad Sadıqov: "Dünya bir daha əmin olacaq ki, "Qarabağ" Azərbaycanındır"

30 Avqust 2014 09:57
1 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Azərbaycan milli komandasının və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. R.Sadıqov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.

- "Qarabağ" artıq Avropa Liqasının qrup mərhələsindədir. "Qarabağ"ın keçdiyi bu çətin yola birlikdə nəzər salaq.

- "Valletta"ya qarşı yaxşı oynadıq və növbəti mərhələyə adladıq. "Zalsburq"la oyunlarda da pis təsir bağışladığımızı düşünmürəm. Xüsusən də, ilk matçda çox yaxşı oynamışdıq. Uşaqlarda özünəinam çox yüksək səviyyədə idi. Lakin qismət elə gətirdi ki, mübarizəni Avropa Liqasında davam etdirdik. Avropa Liqasının pley-off mərhələsindəki rəqibimiz "Tvente" təhlükəli komanda idi. Biz hər iki oyunda ağıllı oynamağa, qol buraxmamağa çalışdıq. Sonluqda isə özümüzə sərf edən nəticəni əldə etdik. Çox çətin olsa da, biz bunu bacardıq.
 

- "Qarabağ" bir neçə dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırıb. İndiki "Qarabağ" öncəki "Qarabağ"ı hansı məqamlarda üstələyib, qrupa düşdü?

- Hər bir heyətin öz üstünlüyü var. Mən arada fərq qoymaq istəmirəm. Sadəcə, deyim ki, qrup mərhələsində oynamaq bu futbolçuların qisməti imiş. Mən komandanın uğuruna görə çox sevinirəm. Son 5-6 ildə arzum o idi ki, "Qarabağ" adı qrup mərhələsində olsun. Bütün futbol ictimaiyyəti "Qarabağ" adı ilə maraqlanacaq və bir daha əmin olacaq ki, "Qarabağ" Azərbaycanındır. "Qarabağ" adının qrup mərhələsində olması Azərbaycan üçün çox vacib, tarixi bir məsələdir.
 

- Qrup mərhələsi bizim üçün bir hədd olaraq, göstərilir. "Qarabağ"ın bu səddi aşmaq ehtimalı varmı?

- "Qarabağ" futbolçuları məşqçilər korpusu tərəfindən elə tərbiyələndirilib ki, biz heç vaxt uzunmüddətli plan qurmuruq. "Valletta" və "Zalsburq"la oyunlar zamanı heç vaxt qrup mərhələsini düşünmürdük. Biz sadəcə, "Tvente" ilə matçlar zamanı qrup mərhələsini düşündük və bu işin öhdəsindən gəldik. Qrup mərhələsində 6 oyunumuz var. Çalışacağıq ki, hər bir görüşə maksimum dərəcədə köklənək və nəticə əldə edək.
 

- Qrup mərhələsinin oyunları üçün transferlərə ehtiyac varmı, yoxsa "Qarabağ"ın heyəti bu cür yarışda oynamaq üçün yetərlidir?

- "Qarabağ"ın heyəti yetərlidir. Transfer dövründə əsasən gənc futbolçulara üstünlük verdik. Cəmi 1 legioner oyunçu gətirdik. Düşünürəm ki, istedadlı futbolçuların heyətə cəlb olunması çox yaxşı haldır. Komandamızda həmin gənc futbolçuların inkişaf etməsi üçün yaxşı şərait var. Əgər bu gün komandaya çox sayda legioner gətirsək, gənc futbolçu harada oynayacaq? Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdır. Gənc futbolçulara bu gün Avropa Liqasının oyunlarında şans verməliyik, güvənməliyik ki, həmin oyunçular bir müddət sonra milli komandamıza xeyir verə bilsinlər.
 

- Qarşıda uzun və sıx marafon var. Avropa Liqasının qrup oyunları, Topaz Premyer Liqası, Azərbaycan Kuboku, Superkubok. "Qarabağ" üçün əsas vəzifələrdən bir məhz güclərin düzgün bölüşdürülməsi olmalıdır.

- Ümumiyyətlə, məşqçi korpusu Avropa Liqasının qarşılaşmaları olanda güclərin düzgün bölüşdürülməsinə böyük önəm verib. Bu baxımdan təcrübəmiz var. Düşünürəm ki, çempionat oyunları bizim üçün ağır olacaq. Qrup mərhələsindəki oyunlarımız Premyer Liqadakı nəticələrimizə təsir edəcək. Lakin hesab edirəm ki, 23 oyunçumuz eyni məsuliyyətlə oynayacaq və bizdə hər hansı bir ciddi eniş olmayacaq.
 

- Avropa Liqasının qrup mərhələsini sizin karyeranızın pik nöqtəsi saymaq olar?

- Karyeramın yaxşı mərhələsidir. İdmanda pik nöqtə olmur. Karyeramın son vaxtlarında belə bir nəticə çox yaxşıdır. Amma yenə də irəli getmək istəyirəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.