İdman

Gürcüstanın sabiq deputatı: "Gürcü azarkeşlərin təxribat xarakterli əməlləri heç kimə xeyir gətirməyəcək"

1 Avqust 2014 18:50
0 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda futbol oyunu zamanı Gürcüstandan gəlmiş azarkeşlərin separatçı hərəkətlərı heç bir tərəfə xeyir gətirməyəcək. Əksinə, bu, üçüncü qüvvələrə sərf edir və onlara imkan verir ki, iki ölkə arasında gərginlik yaratsınlar. Biz bu təxribatçı hərəkətləri pisləyir və xahiş edirik ki, gələcəkdə belə separatçılar bu cür yarışlara buraxılmasın".
 

Bunu Trend-ə açıqlamasında Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, Gürcüstan parlamentinin keçmiş deputatı Əli Babayev Bakıda Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində iyulun 31-də Bakının "Neftçi" və Tbilisinin "Çixura" futbol komandaları arasında keçirilən oyuna Gürcüstandan gəlmiş azarkeşlərin təxribat xarakterli hərəkətlərinə, xüsusən də stadionunda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritəni asmalarına münasibət bildirərkən deyib.
 

Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan münasibətləri tarixən dost, qardaşlıq zəminində qurulub. Bundan əlavə, hazırda Azərbaycan və Gürcüstan strateji müttəfiq dövlətlərdir. "Çixura" komandası və Gürcüstan səfirliyi buna görə artıq Azərbaycan tərəfindən üzr istəyib: "Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü necə tanıyırsa, Gürcüstan da eləcə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu adamlar isə öz separatçı əməli ilə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək niyyətini ortaya qoymaq istəyiblər. Azarkeşlərin bu separatçı hərəkətlərini pisləyirik. Fikrimcə, gürcüstanlı azarkeşlərin arasında bu əməlləri törədənlər Bakıya əvvəlcədən hazırlıqlı gəliblər. Hesab edirəm ki, Azərbaycan polisi bu insidentin yatırılmasında çox düzgün mövqe tutub".
 

Ə.Babayev qeyd edib ki, Gürcüstan və Azərbaycan xalqları və hökumətləri arasında hər hansı ciddi problem yoxdur, hətta iki ölkə arasında sərhəd məsələləri demək olar ki, öz həllini tam tapmaq üzrədir.

O, həmçinin bildirib ki, məsələ ilə bağlı Zaqatala, Balakən və Qaxda yaşayan gürcü və ingiloylar da öz münasibətlərini bildirəcəklər: "Mənə Zaqatala, Balakən və Qaxdan çoxlu zənglər olur. Onlar bu separatçıların kimliyi və hansı haqla, ixtiyarla aranı qarışdırdıqları ilə maraqlanırlar. Bu yaxınlarda orada yaşayan gürcü və ingiloylar da bu insidentlə bağlı münasibətlərini bildirəcəklər. Bu futboldur. Burada idman yarışı olmalıdır, hər hansı separatçı əməllərə yol verilməməlidir. İndi bir neçə gündən sonra Gürcüstanda "Çixura" - "Neftçi" oyununda biz də "Azad Borçalı!" qışqıraq? Bu düzgün deyil. Belə hərəkətlər heç kimə xeyir gətirməyəcək".
 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb. Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşunların əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb. Ehtimal olunur ki, bu təxribat Azərbaycanla Gürcüstan arasında yaxın dostluq və mehriban qonşuluq münasibətlərini pozmaq istəyən qüvvələrin əməlidir. Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.