İdman

"Reynaldonun qırmızı vərəqəsinin ləğvi çox çətin məsələdir"

1 Avqust 2014 15:38
0 Şərh     Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Qarabağ" klubunun direktoru Əmrah Çəlikəlin qol.az saytına müsahibəsini təqdim edir.


- "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la ilk oyununda qələbə qazandı. Qarşılaşma haqda fikirlərini bilmək istərdik.


- Oyun həddindən artıq maraqlı keçdi. Gah sevindik, gah da hirsləndik. Bir azarkeş kimi də oyundan zövq aldım. Uzun illərdir ki, belə maraqlı matç izləməmişdim. Məncə, bütün azarkeşlər "Qarabağ"ın çıxışından razı qaldı.


- Hakim idarəçiliyi birmənalı qarşılanmadı. Siz bu haqda nə fikirdəsiniz?


- Mən futbol mütəxəssisi deyiləm. Hakimliklə bağlı çox danışa bilmərəm. Ancaq Reynaldonun qırmızı vərəqə aldığı epizoda təkrar baxdıqdan sonra məlum olur ki, hətta rəqib futbolçuya sarı vərəqə göstərilməli idi. Çünki Reynaldoya arxadan müdaxilə var idi.

- Reynaldonun qırmızı vərəqəsnin ləğv olunması üçün "Qarabağ" sona qədər cəhd göstərəcək?


- Dünən UEFA-ya şikayət ərizəmizi göndərmişik. Bizim Türkiyədə vəkilimiz var. O, bu işdə bizə köməklik göstərir. Hər halda çalışırıq.


- UEFA-nın hakimin qərarını dəyişəcəyi nə dərəcədə realdır?


- Mütəxəssilərlə müzakirə etdikdən sonra məlum oldu ki, Reynaldonun qırmızı vərəqəsi sarı ilə əvəzlənə bilər. Buna görə də UEFA-ya müraciət etdik. Ancaq UEFA hakimin qırmızı vərəqə qərarını dəyişmir. Müəyyən istisna hallar var. Bu kimi hallarda isə hakimin qərarının dəyişdirilməsi çox çətin məsələdir. Yəni hakimin verdiyi qərarın arxasında UEFA da dayanır. Buna baxmayaraq, müraciətimizi etdik.


- Reynaldo və Admir Telinin cavab qarşılaşmasında iştirak etməməsi "Qarabağ" üçün böyük itkidir. Komandanızı ağır səfər matçı gözləyir. "Qarabağ"ın mərhələ adlamaq şansını necə qiymətləndirirsiniz?


- İlk oyunla müqayisədə indi rəqibi daha yaxşı tanıyırıq. İmkansız heç nə yoxdur. Əlbəttə ki, səfərdə çox böyük təzyiq altında oynayacağıq. Ancaq uğurlu nəticə qazanacağımıza inanırıq. Azərbaycanımızı ən yaxşı şəkildə təmsil edəcəyik. İnamdan çox şey asılıdır. İlk növbədə, özümüz inanmalıyıq ki, hər kəs də bizə inansın.


- "Qarabağ" mərhələni adlayacağı təqdirdə yeni hücumçu transfer oluna bilər?


- Klub rəhbərliyi hər zaman baş məşqçimizin istəyini yerinə yetirməyə hazırdır. Qurban müəllim istəsə, yox deyilməyəcək.


- "Qarabağ"ın cavab oyunu televiziya vasitəsi ilə Azərbaycanda canlı yayımlanacaq?


- Bu işlərlə komanda Avstriyaya yollandıqdan sonra məşğul olacağıq. Yəqin ki, canlı yayımla bağlı bir problem olmayacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.