İdman

Tahir Süleymanov: "Saxlanılan azarkeşlərin qollarında faşist emblemini əks etdirən "tatu"lar vardı"

1 Avqust 2014 12:24
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həm rəqibi, həm də onların azarkeşlərini yüksək səviyyədə qarşıladıq. "Çixura" Bakıya gələrkən özü üçün avtobus sifariş etməmişdi. Bizə müraciət edən kimi dərhal komandamıza məxsus avtobusu onların dalınca göndərdik. Qonaqpərvərlik göstərdik, amma onlar Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən pankart açdılar". Milli.Az bildirir ki, bu sözləri apasport.az saytına açıqlamasında "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.


Avroliqanın III təsnifat mərhələsində "Neftçi" - "Çixura" (0:0) matçının ilk yarısında azarkeşlər arasında qarşıdurma yarandı. Buna səbəb isə gürcüstanlı fanatların nümayiş etdirdiyi pankartda Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi təqdim olunması idi.


Süleymanov əməkdaşımızla söhbətində bildirib ki, təxribat törətmək istəyən həmin azarkeşlər erməni əsilli Gürcüstan vətəndaşlarıdır: "Azarkeşlərimiz pankartın nümayişinə dərhal reaksiya verdilər. Elə ilk hissənin gedişində həmin pankart hüquq-mühafizə orqanları tərəfindən müsadirə edildi. Oyundan sonra isə həmin təxribatçı qruplardan olanlar yenə şüarlar səsləndirmək fikrində idilər. Dərhal müdaxilə olundu və bunun qarşısı alındı. "Neftçi" klubu olaraq "Çixura" komandasına bununla bağlı etirazımızı bildirdik. Onlar da bizdən üzr istədilər. Gürcüstanlı azarkeşlərdən bəziləri həbs edildi. Onların arasında olan qadın azarkeşlərin qollarında faşist emblemini əks etdirən "tatu"lar vardı".


Azərbaycan və Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan Süleymanov vurğulayıb ki, həmin təxribatçı pankartı nümayiş etdirən azarkeşlər iki ölkə arasındakı sıx əlaqələrə zərbə vurmaq niyyəti güdürmüş: "Bunlar əvvəlcədən hazırlanmış ssenaridir. Hansısa qrup buna başçılıq, nəzarət edir. Hələ qarşıda cavab görüşü var. UEFA nümayəndəsi baş verənləri oyundan sonra protokolda qeyd edib. Şəxsən mən onunla bütün məsələləri müzakirə etdim. Bilirsiniz ki, futbolda irqçi və siyasi şüarlar yolverilməzdir. Kimsə hansısa ölkənin ərazi bütövlüyünü təhqir edə bilməz".


"Neftçi" rəsmisi avqustun 7-də baş tutacaq cavab oyununda təhlükəsizliyin təminatı üçün Gürcüstan dövlətinə və UEFA-ya müraciət edəcəklərini söyləyib: "Biz həm UEFA-ya, həm də Gürcüstan dövlət rəsmilərinə təhlükəsizliyimizin təminatı üçün rəsmi müraciət edəcəyik. Biz təxribatın qarşısını indidən almalıyıq. UEFA şəxsən səfərdəki oyunumuzu nəzarətə götürməlidi".

Süleymanov gürcü azarkeşlərin təxribatçı pankartı stadiona necə keçirməsinə də izah verib: "O xəritə gizlin şəkildə içəri keçirilib. Onlar bizim yüksək qonaqpərvərliyimizdən istifadə ediblər. Elə də böyük bir pankart deyildi. Çox güman ki, bədənlərində gizlətməklə içəri keçiriblər. Bu məsələdə hüquq-mühafizə orqanları tərəfindən xüsusi araşdırılacaq. Bəlli olacaq ki, onların planı necə baş tutub. İki il öncə biz Gürcüstanın digər klubu "Zestafoni" ilə oynamışdıq. İstər Bakıda, istərsə də, Gürcüstanda xırda da olsa, insident yaşanmamışdı. Baxmayaraq ki, həmin vaxt səfər oyundan bir gün öncə bir-iki nəfər mənfur erməninin cəhdi oldu ki, nəsə etsin, amma onun qarşısı alındı. Heç bir qarşıdurma olmadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.