İdman

"Zalsburq"un müdafiəçisi: "Admir Teli göydə "uçurdu""

31 İyul 2014 15:05
1 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Zalsburq"la qarşılaşan "Qarabağ" 2:1 hesablı qələbə qazandı. Oyundan sonra Ağdam təmsilçisinin yeni transferi Danillo Diasla futbolkasını dəyişən Avstriya çempionunun müdafiəçisi Andre Ramalyo apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
  

- Məğlubiyyətdən qaça bilmədiniz. Halbuki, oyunun favoriti "Zalsburq" hesab edilirdi...

- Çətin oldu. "Qarabağ" yaxşı komandadı. Xüsusilə birinci hissədə əla oynadılar. Hesabda geri düşdükdən sonra bərabərlik qolunu vurmağa çalışdıq və ikinci hissədə buna nail olduq. Amma heç-heçəni saxlaya bilmədik. Son dəqiqələrdə "Qarabağ" ikinci qolu vurdu. Komandanızın sürətli futbolçulardan qurulduğunu və bunun bizim üçün çətinlik yaratdığını qeyd etmək istərdim. Məğlub olmağımıza baxmayaraq, cavab qarşılaşmasında "Qarabağ"ı məğlub edib, pley-offa yüksələcəyik. Buna inanırıq.
  

- "Qarabağ"ın bu cür çıxış edəcəyini gözləyirdiniz?

- Bilirdik ki, yaxşı, intizamlı komandadı. Xüsusilə braziliyalı futbolçuları çox texnikalı idilər. Onlar meydanda əsl mübarizə göstərdilər. Oyunun taleyini də böyük ölçüdə onlar həll etdilər.
  

- Hakim 3 futbolçunu meydandan qovdu. Haqlı qərarlar idi?

- Admir Teli göydə "uçurdu". "Uçan" zaman da topu əli ilə vurdu. Halbuki, onun bir sarı vərəqəsi var idi. Reynaldonun qırmızı vərəqəsinə gəldikdə, epizodu görə bilmədim. Hakim daha yaxın idi, onun ağır qərar verdiyini düşünürəm. Dəqiq fikir bildirmək üçün videoyazıya baxmaq lazımdır.
  

- Cavab oyunu haqda nə düşünürsünüz?

- Doğma meydanda keçirəcəyimiz oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Prezidentimiz, azarkeşlərimiz üçün vuruşacağıq. Çalışacağıq ki, onları sevindirək. Bunu bacaracağımıza da inanırıq. Oyunu lehimizə dəyişəcəyimizi düşünürəm.
  

- Bu gün stadionda sizin üçün sürpriz hesab ediləcək bir durumla qarşılaşdınızmı?

- Azarkeşlər möhtəşəm idi. Stadion tamamilə dolmuşdu. Onlar ilk dəqiqələrdən sonra qədər komandalarını dəstəklədilər. Bir sözlə, həm azarkeşlər, həm də "Qarabağ" yaxşı təsir bağışladı. Əmin ola bilərsiniz ki, bizim azarkeşlər daha çılğın olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.