İdman

Rəşad Sadıqov: "Mən futbolçulara göstəriş vermirdim, ruhlandırırdım"

31 İyul 2014 14:42
0 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki , "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"a qarşı keçirdikləri ilk oyundan (2:1) sonra qol.az saytının suallarına cavab verib


- Oyun haqda fikirlərini bilmək istərdik?

- Özünüz də gördünüz ki, "Zalsburq" çox güclüdür. Həm sürətli, həm də texnikalı futbola üstünlük verirlər. Rəqibi düzgün analiz edib, yaxşı hazırlaşmışdıq. İkinci hissədə "Zalsburq"un bir neçə qol imkanı oldu. Azlıqda qalmaq planlarımız bir qədər pozdu. On nəfərlə qaldıqda müdafiədə olan boşluqları doldurmaq çətin olur. Ancaq şükürlər olsun ki, Admir Teli qırmızı vərəqə alsa da, 15 dəqiqə sonra komanda yenidən özünü toparladı. Cəmi bir səhv buraxdıq ki, o da qolla nəticələndi. Yenə də qələbə qolunu vura bildik.
 

- Hakim açıq futbola imkan vermirdi, tez-tez oyunu saxlayırdı. Onun verdiyi qərarlara münasibətin necədir?

- Artıq Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edirik. Bu mərhələdə təcrübəli hakimlər olur. Epizodlara təkrar baxdıqdan sonra şərh verə bilərəm. Oyun zamanı baş verənləri yaxşı görə bilmədim.
 

- İkinci hissədə müdafiəyə çəkilməyiniz nədən irəli gəlirdi?

- Ümumiyyətlə, ilk hissədən müdafiəyə daha çox fikir verirdik. Çünki belə rəqiblə oyunda müdafiə olunmasan da, onlar səni buna məcbur edirlər. "Zalsburq"un çox güclü hücum xətti var. Ancaq ikinci hissədə iki müdafiəyəmeyilli futbolçumuz Qara Qarayev və müdafiəçimiz Admir Telinin meydanda olmaması işimizi çətinləşdirdi və istədiyimiz kimi müdafiə oluna bilmədik.
 

- Cavab qarşılaşmasında Reynaldonun olmaması "Qarabağ" üçün nə dərəcədə çətin olacaq?

- Düzdür, Reynaldo "Qarabağ" üçün çox iş görür, komandanın aparıcı futbolçularından biridir. Ancaq son vaxtlar çox yaxşı formada olan Vüqar Nadirovumuz da var. Məncə, Vüqar Reynaldonu layiqincə əvəz edəcək.
 

- Uzun müddətdir meydan çıxmırdın. Öz oyunundan razı qaldın?

- Öz oyunumdan razı qalmağıma hələ çox var. Demək olar ki, cəmi 3-4 gündür komanda ilə məşq etməyə başlamışam. Artıq iki aydır zədədən əziyyət çəkirəm. Bu, uzun bir müddətdir. Formamı bərpa etmək üçün zamana ehtiyac var.
 

- Ehtiyat oyunçular skamyasından futbolçulara göstərişlər verirdin. Müdafiəçilərdən narazı idin?

- Xeyr, mən onlara göstəriş vermirdim, ruhlandırırdım. Səhv olanda da bildirirdim ki, əladır. Yəni komandanın ürəkli oynamasına çalışırdım. Meydanda olanda da bunları edirəm. Futbolçularımız bir səhv edəndə onları ruhlandırmağa çalışıram.
 

- "Qarabağ"ın müdafiəçiləri necə təsir bağışladı?

- Müdafiə xəttimizi çox yaxşı dəyərləndirirəm. Admir Telinin qırmzı vərəqə almasına qədər müdafiəmiz əla idi.
 

- Gözlədiyiniz "Zalsburq" bu idi?

- Demək olar ki, elə gözlədiyimiz kimi oynadılar. Rəqibin bir çox oyunlarını analiz etmişdik. Bilirdik ki, çətinliklə üzləşəcəyik.
 

- Cavab qarşılaşması haqda nə düşünürsən?

- Rəqibin oyununa və gücünə artıq bələdik. Bilirik ki, nəyə qadirdirlər. Həmişə Allaha güvənmişik. Səfər oyununda da yaxşı nəticəyə ümid edirik. Qarşıda bizi daha çətin oyun gözləyir. Çalışacağıq ki, vətənə yaxşı nəticə ilə qayıdaq və bizi dəstəkləyən çoxsaylı azarkeşlərimizi sevindirək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.