İdman

Rövnəq Abdullayev: "Qurbanov onları dəyişəcək"

31 İyul 2014 10:16
0 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Zalsburq" matçını izləyən AFFA prezidenti Rövnəq Abdullayev matç başa çatdıqdan sonra təmsilçimizin üzvlərini təbrik edib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ardından qurum rəhbəri oyunla bağlı sualları cavablandırıb.
 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Qələbə münasibəti ilə hər birinizi təbrik edirəm. Uzun müddət idi, Tofiq Bəhramov adına Respublika stadionuna bu qədər azarkeş gəlmirdi. Komandamıza da təşəkkür edirəm ki, oyunları və qələbəsi ilə bizləri sevindirdi.
 

- "Valletta" ilə oyundan sonra stadionu erkən tərk etdiklərinə görə azarkeşlərdən narazı qaldığınızı açıqlamışdınız. Bu dəfə onlar sona qədər "Qarabağ"ı dəstəklədilər. Razı qaldınızmı?

- Əlbəttə, razı qaldım. Onlar bu gün həqiqətən də azarkeşlik etdilər. Qalır "Zalsburq" səddini aşmaq. Hazırlaşıb, onları mübarizədən kənarlaşdırmaq lazımdır. Bu gün birinci hissədə nümayiş etdirdiyimiz oyunu səfərdə hər iki hissədə göstərmək gərəkdir.
 

- Cavab oyununu izləmək fikriniz var?

- Vaxt tapsam, səfərdəki oyunu stadiondan izləməyə çalışacam.
 

- "Qarabağ"ın iki futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldı. Bununla bağlı fikrinizi bilmək istərdik.

- Məncə, Reynaldonun epizodunda qırmızı vərəqə yox idi. İlk qırmızıya gəldikdə, bu sevincdən irəli gəlirdi. Həmin epizodda əllə oynamağa ehtiyac yox idi. Ümumiyyətlə, əllə oynamaq futbolçuya yaraşan hal deyil.
 

- Komandamız pley-off mərhələsinə vəsiqə qazana bilsə, AFFA tərəfindən mükafatlandırılacaq?

- Əslində, elə fikrimiz klubların pley-off mərhələsini adlaması və qrup mərhələsinə vəsiqə qazanmasıdır. Ötən həftə "İnter"in oyununda xoş olmayan halla qarşılaşdıq. Hakimin matçın əvvəlindəki kobud səhvi nəticəyə də təsir etdi. Bu oyundakı qərarların yanlış olduğunu deyə bilmərəm, amma referinin vərəqələrdən çox istifadə etdiyi aydındır. Buna görə fasilədən sonra komandamız ehtiyatlı oynamağa çalışdı.
 

- Cavab oyununda "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiniz?

- Şans var. Qurban Qurbanovla danışdım, qırmızı vərəqə alan futbolçuları əvəzləyəcək oyunçularının olduğunu bildirdi. Yaxşı olacağını düşünürəm.
 

- Bu günlərdə SOCAR-ın Türkiyənin "Qalatasaray" klubuna sponsorluq edəcəyi ilə bağlı xəbərlər yayıldı. Bu həqiqətdirmi?

- Elə bir şey yoxdur. Yanlış məlumatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.