İdman

""Qarabağ" "Zalsburq"u keçsə, əsl sensasiya olacaq"

29 İyul 2014 14:12
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyalı futbol veteranı, vaxtı ilə Avstriya klublarında çalışan Stanislav Çerçesov azerisport.az saytına müsahibəsində "Qarabağ"ın "Zalsburq"a qarşı şanslarından danışıb. Çerçesov Avstriyanın futbol klublarının güclü heyətə malik olduğunu qeyd edib:

""Zalsburq" son illər inkişaf dövrünü yaşayır. Sponsorlar heyətin güclənməsinə yaxşı pul xərcləyirlər. Komanda ötən mövsüm yaxşı oyun sərgiləyir. Bütün görüşlərdə inamlı qələbə qazanıb. Özü də qol şanslarını boşa vermirlər. 1/4 finalda "Bazel"ə məğlubiyyət ədalətli olmadı. Yəni komanda Avropa Liqasında irəliləyə bilərdi. Qrupdakı görüşlərdə məğlub olmadı. Dediyim nəticələr komandanın oyun keyfiyyətindən xəbər verir. Bu mənada Azərbaycan klubu ciddi hazırlaşmalı olacaq".

Stanislav Çerçesov "Qarabağ"ın bu görüşdə güclü müqavimətlə qarşılaşacağını deyir:

"Bilirsiz, belə oyunlarda fərqi yoxdur, ilk oyunu harada oynayırsan. Evdə və ya səfərdə oynamaq o qədər vacib deyil. Son oyuna baxmısızsa, siz "Zalsburq"un gücünü görmüsüz. "Rapid"ə böyük hesabla qalib gəldi. Fikrimcə, Avstriya komandası görüşün favoritidir. "Qarabağ"a çətin olacaq. Bəxtləri gətirməyib. Komandanızın son oyunlarını görməmişəm, ona görə konkret nəsə söyləmək çətindir. "Qarabağ" daim avrokuboklarda iştirak edirsə, deməli, Azərbaycanın ən güclü klublarındandır. "Zalsburq"u gördüyümdən belə deyirəm".

Rusiyalı mütəxəssis rəqibin oyunu haqda bunları deyib: "Çox mobil komandadır. Sürətli futbolu sevir. Müdafiədə etibarlı oyunuyla seçilir. Hündürboylu futbolçuları çox deyil. 2-3 futbolçularının boyu hündürdür. Orta boy 1.72 sm-dir. Əsas oyunçuları Sorensen, Soriano və Alandır. Heyətin əksər futbolçuları bir-birini yaxşı tanıyır. Hazırda bu komanda Avstriyanın ən güclü klublarından biri sayılır. Ona görə püşkdə bəxtiniz gətirməyib. Bununla belə məğlubedilməz komanda yoxdur. Əgər düzgün taktika seçsəz, müəyyən mənada bəxt sizin tərəfdə olsa, nəticə qazanmaq olar".

Oyun haqda proqnoz verməyən Çerçesov "Qarabağ"ın qələbəsinin sensasiya olacağını bildirib: "Hər iki komandaya hörmət edirəm. Sözsüz ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iştirak edirlərsə, deməli, təcrübələri var. Azərbaycan futbolunun son dövrlərdəki vəziyyəti barədə məlumatım azdır. Son dəfə Azərbaycan millisinin Rusiyaya qarşı oyununu izləmişəm. Bununla belə komandalarınızın gücləndiyini bilirəm. "Qarabağ" bu mərhələni keçsə, sensasiya sayılacaq. Amma bu, o demək deyil ki, bu, mümkün deyil. Sizin komandanız üçün bu ciddi sınaq sayılacaq. "Zalsburq" bu mərhələdə dayanmaq fikrində deyil. Onlar Çempionlar Liqasında irəliləmək barədə düşünürlər. Sizin üçün isə pley-offa çıxmaq yeni mərhələ olacaq. Səviyyə fərqi burada da görünür".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.