İdman

"Qarabağ"ın rəqibi: UEFA Kubokunun finalçısı olmuş "qırmızı öküzlər"

23 İyul 2014 17:57
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qarabağ" Maltanın "Valletta" klubunu ümumi nəticədə 5:0 hesabı ilə məğlub edib Çempionlar Liqasının III mərhələsinə adladı. Milli.Az apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin növbəti rəqibi Avstriya çempionu olan "Zalsburq"dur.
 
1933-cü ilin sentyabrın 13-də yaradılmış bu klub Almaniya ilə sərhəddə olan Avstriyanın 4-cü böyük şəhəri Zalsburqun Vals-Zitsenhaym bölgəsini təmsil edir. "Austriya" adı ilə yaradılan bu klub şəhərin "Herta" və "Rapid" komandalarının birləşməsindən sonra formalaşıb. 1950-ci ildə komanda ləğv olunsa da, elə həmin il yenidən bərpa edilib. İlk dəfə Avstriyanın elitasında 1953-cü ildə iştirak edən "Austriya" həmin il çempionatı IX pillədə başa vurub.
 
Bu klub ilk dəfə 1971/72 mövsümündə avrokuboklarda çıxış edib. Gümüş medalçı kimi UEFA Kubokunda iştirak edən avstriyalılar evdə 3:1 hesablı qələbəyə baxmayaraq, ilk mərhələdəcə Rumıniyanın UTA klubu tərəfindən kənarlaşdırılıb. 1974-cü ildə Avstriya kubokunun finalına ilk dəfə çıxsa da, 2 oyunun cəmində Vyana "Austriya"sına uduzub.
 
1978-ci ildə klubun rəsmi adı "Kazino", 1997-ci ildə isə Avstriyanın maliyyə xidmətləri korporasiyasının adı ilə "Vüstenrot" edildi. Ancaq komanda yenə də "Austriya" kimi çağırılırdı. "Kazino"nun vaxtında klub ilk dəfə 1994-cü ildə UEFA Kubokunun finalına çıxdı və hər 2 oyunda "İnter"ə 0:1 hesabları ilə məğlub oldu. Həmin il komanda ilk Avstriya çempionluğunu qazandı. "Kazino" 1994/95 və 1996/97 mövsümlərində də çempionluğu qeyd etdi.
 
"Kazino" 1994/95 mövsümündə isə Çempionlar Liqasının qrupunda ilk dəfə çıxış edib. Qrupda sonradan turnirin qalibi olan "Ayaks", finalçı olan "Milan", eləcə də Hayfa "Makkabi"si və AEK-lə mübarizə apardılar. "Ayaks"la hər 2 oyunda heç-heçə edən, AEK-ə səfərdə qalib gələn Avstriya təmsilçisi qrupu III pillədə başa vurdu.
 
2005-ci ilin aprelin 6-dan isə kluba məşhur "Red Bull" enerji içki şirkəti sponsorluq etməyə başladı. Bundan sonra komandanın adı "Red Bull"a, ənənəvi rəngləri isə bənövşəyi-ağdan qırmızı-ağa dəyişdirildi. Buna etiraz əlaməti olaraq bəzi azarkeşlər 2005-ci ilin oktyabrın 7-də Zalsburq "Austriya"sı adlı yeni klub yaratdılar. Hazırda Avstriyanın Regionalliqasında mübarizə aparan bu klubun loqosunda əvvəlki "Austriya"nın yaradıldığı 1933-cü il, eləcə də bənövşəyi-ağ rəng əks olunub. Komandanın ləqəbi "Red Bull"a görə "qırmızı öküzlər"dir.
 
2006-cı ilin mayında bu komandanın baş məşqçisi məşhur Covanni Trapattoni və köməkçi qismində Lotar Matteus təyin olundu. İtaliyalı çalışdırıcının 2 il işlədiyi dönəmdə komanda yalnız 1 dəfə Avstriya çempionu olmağı bacardı. Ümumiyyətlə, bu komanda 8 dəfə ölkə çempionu olub. 2 dəfə kubok və 3 dəfə Superkubok qazanan "Red Bull" ötən mövsüm "qızıl dubl" edib. Komanda II yerdən 11 xal fərqlə çempionluğu qeyd edib.
 
Klubun avrokuboklarda "Red Bull" kimi yox, sadəcə şəhərin adı ilə tanınması isə UEFA-nın standardlarına görədir. Çünki qitənin ali futbol qurumunun meyarlarına görə, belə klubların adlarını daşıdığı şirkətləri reklam etməsinə icazə verilmir.
 
Ötən il komandaya "qızıl dubl" qazandıran almaniyalı baş məşqçi Rocer Şmidt mövsümün sonunda "Bayer"ə keçib. İyunun 1-dən komandaya Adolf Hütter rəhbərlik edir. O, Avstriyada "Adi" ləqəbi ilə tanınır. "Zalsburq"un heyətində Almaniya, Danimarka, Braziliya, İsveçrə, Qvineya, Seneqal, Norveç, Yunanıstan, Qana, İspaniya, Benin, Macarıstan, Sloveniya və Belçikadan legionerlər çıxış edir. Ötən ilin yayından komandanın kapitanı Xonatan Sorianodur. "Espanyol" və "Barselona"nın sabiq hücumçusu tanınmamış Kataloniya yığmasında da çıxış edib. Müdafiəçilər - Martin Hintereqqer, Andreas Ulmer, yarımmüdafiəçilər - Kristof Laytqeb, Ştefan İlzanker və Valentino Lazaro Avstriya yığmasının üzvləridir.
 
"Qarabağ"ın rəqibi ev oyunlarını 2003-cü ildən "Red Bull Arena"da keçirir. 45 milyon avroya inşa olunan stadion 31895 tamaşaçı tutumuna malikdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.