Cəmiyyət

Azərbaycanda qan təzyiqi xəstəliyi cavanlaşır

18 Yanvar 2012 14:28
0 Şərh     Baxış: 8 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bunu Trend-ə müsahibəsində Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev deyib. Onun sözlərinə görə, ürək-damar sistemi xəstəlikləri arasında qan təzyiqinin qalxması ilə müşahidə edilən hipertoniya xəstəliyi mühüm yer tutur.

Kardioloq deyib ki, 20-30 il əvvəl qan təzyiqinin yüksəlməsinə daha çox 55-65 yaşlı insanlarda təsadüf olunardı. Bunun əsas səbəbi həmin yaş dövründə qadınlarda menopauza prosesinin baş verməsi ilə izah olunur. Əvvəllər bu xəstəlik yalnız 3-5 faiz hallarda yeniyetmələrdə müşahidə olunardı. Həmin yeniyetmələrin də bir hissəsinin qan təzyiqi sonradan normallaşardı.

"Qadınlarda aybaşı dövrü normal olduqda problem olmur. Amma aybaşı tsikli pozulandan sonra qadınlarda piylənməyə meyllilik yaranır, qan təzyiqi yüksəlir. Əvvəllər bu proses qadınlarda 50-55 yaşa yaxın olardı, indi isə bu da cavanlaşıb. Bu problem qadınlarda artıq 45 yaşdan sonra yaranır", - həkim qeyd edib.

Adil Baxşəliyev bildirib ki, təzyiqin yüksəlməsində psixo-emosional gərginliyin çox mühüm rolu var. Hazırda insanların həyat şəraitinin dəyişməsi də qan təzyiqinin yüksəlməsi problemi ilə üzləşənlərin sayını artırıb.

Kardioloqun sözlərinə görə, indi insanlar sağlam həyat tərzi sürmürlər. İnsanların sosial problemləri, işsizlik, əməkhaqqı ilə bazar qiymətləri arasında mütənasibliyin olmaması, avtomobil yollarında yaranan tıxaclar, təmiz havada çox ola bilməmək və istirahət etmək imkanlarının məhdud olması insanların sinir sistemini gərginləşdirir. Bu gərginliyin yaranmasında televiziyaların da mənfi rolu var. Onlar gün ərzində baş vermiş cinayətlər haqqında məlumatlar yaymaqla insanlarda mənfi emosiya yaradırlar.

Bütün bu amillərin hamısı insanlarda psixo-emosional gərginliyin, stresin yaranmasına gətirib çıxarır. Stres və mənfi emosiyalar isə öz növbəsində qanda təzyiqi artıran stres, həyəcan hormonlarını çoxaldır. Bu da sonda orqanizmdə ürək döyüntülərinin sayını artırır, damarları sıxır və təzyiqi yüksəldir.

Təzyiqin yüksəlməsi yalnız böyüklərdə deyil, uşaqlarda da baş verə bilər. Belə hallarda da təzyiqin yüksəlməsinin əsas səbəbi uşaqlar üçün gərgin mühitin yaradılması olur.

"Uşaqlar məktəbə gedir və dərsdə verilən tapşırıqları yerinə yetirirlər. Üstəlik, onlar həm də 5-6 repetitorun yanına gedirlər və sonda onlar bütün tapşırıqları yerinə yetirə bilmirlər. Evdə də valideynlər uşaqları buna görə danlayır və onu yaxşı şagird olmamaqda qınayırlar. Bunun da nəticəsində uşaqlarda özlərinə qarşı mənfi rəy yaranır. Onlar fikirləşirlər ki, "mən hamı kimi deyiləm, zəif oxuyuram". Belə hallarda da uşaqlarda ürək döyüntülərinin artması, həyəcanlamalar və sonda təzyiqin qalxması baş verir", - Adil Baxşəliyev qeyd edib.

Kardioloq deyib ki, hipertoniya müxtəlif - böyrək, böyrəküstü vəz, endokrin mənşəli və s. ola bilər. Ümumilikdə hipertoniya xəstəliyinin əmələ gəlməsində orqanizmdəki iki sistem mühüm rol oynayır. Bu sistemlərin biri qan təzyiqini qaldıran, digəri isə aşağı salan sistemdir. Bu sistemlər arasındakı mütənasiblik pozulduqda sinir sistemində oyanıqlıq əmələ gəlir. Bunun da nəticəsində ürək döyüntülərinin sayı artır və qan təzyiqi yüksəlir. Təzyiqin yüksəlməsinin iki yolu var. Təzyiq planlı və qəfil qalxa bilər. Təzyiq qəfil yüksəldikdə ilkin tibbi yardım kimi dil altına "Kaptopril" və ya "Korinfar" qoymaq lazımdır. Bu halda təzyiq tez bir zamanda aşağı düşəcək. Amma bütün hallarda təzyiqin qalxma səbəbini müəyyənləşdirmək üçün xəstə həkim tərəfindən müayinə edilməli və planlı şəkildə müalicə olunmalıdır.

Təzyiqdən qorunmağın ən əsas yolu sakit və sağlam həyat tərzi sürməkdir. Təzyiqin normallaşması üçün insanlar normal yatmalı, dərd və problemlər barədə fikirləşməməli, təmiz havada gəzməlidirlər. Təzyiq problemi ilə üzləşən insanlar yatmamışdan əvvəl heç olmasa, bir saat yarım açıq havada olmalıdırlar.

Bundan əlavə, yüksək təzyiqdən qorunmaq üçün çox yemək lazım deyil, qoyun əti və duzlu qidalardan imtina etmək lazımdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.