Cəmiyyət

Bakıdakı qalmaqallı internat məktəbin direktoru danışdı

25 Noyabr 2014 21:42
0 Şərh     Baxış: 3 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11 saylı İnteqrasiya təlimli internat müəssisəsinin rəhbəri Gülnarə Abdullayeva: "Bizim məktəbdə uşaqların yataqları heç zəngin ailələrin evlərində də yoxdur"

11 saylı İnteqrasiya təlimli internat məktəbin direktoru Gülnarə Abdullayeva rəhbərlik etdiyi müəssisədə baş verənlərlə bağlı "Yeni Müsavat"ın əməkdaşına açıqlama verib. Direktor sözlərinə Təhsil Nazirliyinin onlara dəstək verdiyini bildirməklə başlayıb: "Bu yaxınlarda müəssisəyə gələn jurnalistlər gördüklərinin tam əksini göstərməyə çalışaraq, haqqımda yalan dolu ittihamlar səsləndiriblər. Ancaq gördüyünüz kimi dünən nazirlik haqqımızda doğru məlumatı mətbuata təqdim etdi.

Gəlib gözlərinizlə görə bilərsiniz ki, uşaqlar necə səliqəli saxlanılır. Sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsinə xüsusi diqqət edilir. Onların təmiz paltarları var, iki qat yataqları var. Hansı ki, zəngin ailələrdə belə yataq yoxdur. Xalçalarımız vaxtaşırı yuyulur. Uşaqlar klassik musiqi konsertlərinə, operaya aparılır".

Əqli cəhətdən zəif uşaqlar operada...

Bu məqamda bir məlumatı qeyd etmək istərdik ki, bu yaxınlarda millət vəkili Elmira Axundova mətbuata çox maraqlı bir fikir bildirmişdi. Onun sözlərinə görə, əqli və fiziki cəhətdən zəif, xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə inteqrasiya etmək lazımdır. Onları bəzən operaya, klassik musiqilərin səsləndiyi salonlara aparmaq lazımdır. Deputatın sözlərinə görə, bu cür halla hələ ki, cəmiyyətimizdə rastlaşmaq mümkün deyil və yaxud çox azdır. Deməli internat rəhbərliyi bu baxımdan ilkə imza atıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar operada... Bu, çox maraqlı faktdır.

Amansız tərbiyəçi

Gülnarə Abdullayeva adı qalmaqallarda hallanan tərbiyəçi Mülkicahan Əliyeva haqda da danışdı. Onun sözlərinə görə, tərbiyəçinin psixoloji problemləri var: "O, həmişə uşaqlara qarşı amansız olub. Sanki nəyinsə intiqamını alır. Fikrimcə bu, onun iddiaları ilə bağlıdır".

Nazirlik internat rəhbərliyini müdafiə etdi.

Qeyd edək ki, dünən Təhsil Nazirliyinin mətbuat xidməti adı qalmaqallarda hallanan 11 saylı İnteqrasiya təlimli internat məktəbinin fəaliyyətini alqışlayaraq, baş verən olayları kollektivdə sağlam ab-havanın yaranmasından məmnun olmayan və əvvəlki rəhbərlikdə təmsil olunan bəzi şəxslərin və özlərini "uşaq müdafiəçiləri" hesab edən himayədarlarının qəzəbi kimi qiymətləndirib: "Bu il müəssisəyə yeni təyin olunan rəhbərlik müəssisənin fəaliyyətini qaydaya salmaq üçün bır sıra tədbirlər həyata keçirib. Lakin bəzi şəxslər tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların məsumluğundan istifadə edilərək, sifarişli və qərəzli xarakter daşıyan materiallar hazırlanıb KİV-ə ötürülür, kollektivdə çalışan müəllim və tərbiyəçilərin fədakar və təmənnasız əməyinə kölgə salınır. Çox təəssüflər olsun ki, istər bu ilin mayında 7 nömrəli, istərsə də bu günlərdə 11 nömrəli internat məktəblərində uşaqların görüntülərindən istifadə edilməklə hazırlanan, heç bir əxlaq və mənəviyyata sığmayan sensasiya xarakterli materiallar eyni ssenari və həftənin eyni günündə təqdim olunur".

Nazirlik Mülkicahan Əliyevanın əməllərini pisləyərək bildirib ki, məsələ ilə bağlı ciddi araşdırmalar aparılır: "Əslində isə nə baş verib? 11 nömrəli internat məktəbində əvvəllər rəhbər vəzifələrdə işləmiş Mülkicahan Əliyeva öz qeyri-sağlam ambisiyaları ilə kollektivdə hərc-mərclik, özbaşınalıq mühiti yaratmağa çalışıb, müəssisənin işgüzar nüfuzuna xələl gətirib. Son hadisədən üç həftə əvvəl həmin şəxs ictimai ajiotaj yaratmaq həvəsi ilə internatda uşağın yüngül yanıq xəsarəti alması faktının süni olaraq şişirdilməsinə çalışmışdır. Həmin vaxt istədiyinə nail olmayan bu xanım noyabrın 20-də sanitar qovşağında məlum çəkilişi təşkil etmişdir. Bu və digər antipedaqoji hərəkətlərinə görə, o, internat məktəbinin pedaqoji şurasının və həmkarlar təşkilatının rəyinə əsasən, 21.11.2014-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilib. Elə həmin gün "sensasiyalı" video portallarda yerləşdirilib və "uşaq müdafiəçiləri" kimi təqdim olunan şəxslər mediada öz etirazlarını bildiriblər.

Lakin, burada bir neçə məqam xüsusi maraq doğurur - əgər internat məktəbində illərlə pozuntular davam edirdisə, onda bu "uşaq əzabkeşləri" harada idilər? İkincisi isə ondan ibarətdir ki, bir çox hallarda "uşaq müdafiəçiləri" uşaqlara valideynlərindən daha çox "can yandırırlar". Bu həm cari ilin mayında, həm də bu günlərdə baş verən analoji hallarda aydın görünür".

Növbədən kənar monitorinq olacaqmı?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev problemlə bağlı açıqlama verib: "Vaxtaşırı internat və bu tipli müəssisələrdə monitorinqlər keçiririk. Onların təlim-tərbiyəsi, gündəlik qayğıları ilə bağlı nəzarətlər edilir. Monitorinq zamanı bəzən qaydalara əməl edilmədiyini görürük. Bu yaxınlarda bir baxçada olduq. Baxçada təhlükəsizlik qaydaları gözlənilməmişdi. Apardığımız araşdırmalar zamanı isə məlum oldu ki, baxça qanunsuz olaraq fəaliyyət göstərir. Adı çəkilən internat məktəbi ilə bağlı onu deyə bilərəm ki, hələ ki, olayla bağlı monitorinq keçirilməsi barədə tapşırıq almamışıq. Yaxın ərəfədə növbədən kənar monitorinq keçirilməsi qaçılmazdır".
 

Xatırladaq ki, bir neçə gün öncə 11 saylı İnteqrasiya təlimli internat məktəbindən çəkilmiş video material saytlarda yayınlanmışdı. Həmin görüntülərdə uşaqların tualetdə çimdiyi əks olunurdu. Həmçinin məktəbdə əqli cəhətdən qüsurlu uşaqlarla kobud davranıldığı deyilirdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.