Cəmiyyət

İlahi, bu adamların arasında mənim nə işim var?

26 İyun 2017 12:07
9 Şərh     Baxış: 3 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündəmdə "şəhər-kənd" polemikası, "şortik qalmaqalı" olan günlərin birində vacib işlərimi həll etmək üçün şəhər mərkəzinə güzarım düşdü. İşlərimi həll etdikdən sonra dodaqçatladan susuzluğumu yatırmaq üçün, şəhərin mərkəzindəki kafelərdən birində xanım dostumla əyləşib, çay sifariş verdim. Üz-gözündən abırlı adama bənzəyən ofisiant utana-utana məlumat verdi ki, bu kafedə sadə çay içə bilmərik. Buna bizim mənəvi haqqımız yoxdur. Turistlərin qaynaşdığı bu zəngin paytaxt şəhərində sadə çay içmək, şəhər mədəniyyətindən bixəbərliyin əlamətidir. Sən demə, şəhər mədəniyyətinin tüğyan etdiyi bu kafedə çay dəstgahının qiyməti 20 manatdır. 

Şübhəsiz ki, 20 manatlıq çay dəstgahını sifariş verib, bir neçə saat laqqırtı vurmaq, ətraf masalarda əyləşmiş turistlərin necə soyulduğuna, talandığına şahidlik etmək olardı, amma buna vaxtım və hövsələm, üstəlik imkanım yox idi. Düşündüm ki, bu məqamda bir stəkan sərin su içib, bu zadəgan mühitindən üzüsulu uzaqlaşım. Ona görə də üz-gözündən abırlı adama oxşayan ofisiantdan adi, qazsız su gətirməsini rica etdim. Bu üz-gözündən abırlı adama bənzətdiyim ofisiant boynunu büküb yazıq-yazıq ərz elədi ki, bu kafedə 20 manatdan az sifariş qəbul olunmur. Yəni, bu məntiqlə mən ən azı 50 litr su sifariş verməli idim. Yəni 200 qram suya ehtiyacım olduğu halda, bu kafedə minimum 20 manat xərcləməliyəm. Təbii ki, kasıb kəndli balası üçün bu bədxərclik mümkünsüzdür. Əgər zadəgan, əsilzadə, bəyzadə olsaydım, düşünmədən 200 qram su üçün 20 manat xərcləyər və bundan hədsiz zövq alardım. Amma bacarmadım. 

Öncə istədim ki, ofisianta bazar iqtisadiyyatından, tələb və təklifdən, müştəri məmnuniyyətindən, xidmət mədəniyyətindən, sahibkar təfəkküründən, xidmət sektorunun düzgün qurulmasının vacibliyindən, müştəriylə davranış qaydalarından qısa və maraqlı mühazirə oxuyum. Sonra fikrimdən daşındım. Bu təfəkkürlə şəhərin mərkəzində kafe sahibi olan sahibkarın gələcək uğurlarını qısqandığımı bəlli etmədim.

Kənarda qəlyan xoruldadan zənginlərə, bahalı sifarişlərini iştahla gözləyən tələyə düşmüş siçan kimi vurnuxan turistlərə baxıb abrıma qısıldım. Boğazım daha da qurudu, kövrəldim, doluxsundum, utandım. Mən bu zəngin, əsilzadə, xidmət sektorunda zirvələrə ucalmış şəhərdə yaşamağa layiq olmadığımı dərhal anladım. Yaxşı ki, yanımda əyləşən dostum köməyimə çatdı. Təmkinlə qoluma girib təskinlik verdi və kafedən çıxmağımızı təklif etdi. Anladım ki, başqa yolum yoxdur. 

...İlahi, bu adamların arasında mənim nə işim var? Niyə bu zəngin, əsilzadə mühitdə öz kasıblığımla ürək bulandırmalıyam? Niyə bu insanların xoşbəxt həyatına mane olmalıyam, niyə? 

Kəndimizin dağları, meşələri, buz bulaqları yadıma düşdü. Hövlləndim, ürəyim sıxıldı, boğuldum. Boğazıma qədər gələn qəhəri udub, yanıqlı bir bayatı çəkmək istədim. Sözlər, misralar boğazımda tıxanıb qaldı. Kapitalizmin meqapolisdə bu qədər iyrənc formada təzahür etməsi ciyərimi göynətdi. Susuzluqdan qurumuş dodadaqlarımı dilimlə isladıb, yaxınlıqdakı köşkdən yarım litr qazsız suyu 50 qəpiyə alıb birnəfəsə başıma çəkdim. Ürəyim toxtaqlıq tapan kimi yenidən başıma ikiəlli qapaz endirdim. Susuzluğumu yatırandan sonra küçələrdə olan səs-küy də vecimə olmadı. Hətta bir anlıq özümü bu səs-küydən, mənasız yarışdan zövq alan şəhərlilər kimi hiss etdim. Bu xəyal da uzun sürmədi. Yenidən ürəyim sıxıldı.

...Bir anlıq ağacların xışıltısı, suların şırıltısını xəyalımda canlandırıb xoşbəxt oldum. Bu səs-küylü şəhərə sığınıb xoşbəxtlik haqqında səfil xəyllar quran digər kənd uşaqları kimi, başımı aşağı salıb yoluma davam elədim. 

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.