Cəmiyyət

Cənnət Allahın sevgisində, cəhənnəm qəzəbindədir

24 İyun 2017 21:50
10 Şərh     Baxış: 3 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Doğru yol doğru mənzilə aparar. Doğru yolun şərtləri ağır olar, amma sonu xeyirdir. Sonunda ruhun rahat olar. Cənnət də kənardan o qədər çəkici görünmür, amma cəhənnəmin cazibəsi göz aldadır. İslam fitrət dini olduğu kimi cənnət də gerçək fitrəti yaşayanların son mənzilidir. Cəhənnəm Allah-Taalanın ədaləti, cənnət mükafatıdır. Bəziləri cənnət və cəhənnəmin varlığına inanmırlar, deyirlər ki, hardadır o boyda dünyalar?

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, coğrafi baxımdan harada olduğunu biz də bilmirik, amma mütləq bir əminliklə deyə bilərik ki, cənnət Allah-Taalanın sevgisində, cəhənnəm isə qəzəbindədir. Bəndə üçün mühüm olan o SEVGİyə layiq ola bilməkdir. Sən o sevgini qazandınmı, daha sənə zaval yoxdur, o məqama yetişənlər cənnət sevdasından, cəhənnəm qorxusundan azad olur, hər əməllərini dünya mənfəəti üçün deyil, axirət hesabına uyğun işləyirlər. Bəzən anlaşılmaz, qəribə görünürlər, çünki onların təsəvvüründəki hesabla bizim ağlımızdakı hesab üst-üstə düşmür. Dünyada ola-ola dünyadan uzaq aləmləri seyr eləyirlər, gözü-könlü bizim bilmədiyimiz aləmlərdə dolaşar, könül verməzlər bu dünyanın sərvətinə, şəhvətinə, nemətinə... Yaşadıqlarını da danışmazlar, danışanlar yaşayanlar deyillər. Hər gün bir addım bizdən uzaqlaşan və tərk edib getdiyimiz bu dünyanın deyil, gedəcəyimiz aləmin atmosferində yaşayarlar sanki.

Yunus Əmrənin bu mövzuda nə dediyini yada salaq:

Cənnət, cənnət dedikləri

Bir kaç huri, bir kaç mələk,

İstəyənə ver onları,

Mənə səni gərək, Səni.

Elə bilirik ki, mövzuya giriş kimi belə başlanğış o qədər də pis alınmadı. Yəni məsələ sənin niyyətində, istiqamətində həll olunur. Sən kimi sevirsən, kimin razılığını qazanmaq istəyirsən, kim xoşnud eləmək istəyirsən, uşaqların təbirincə desək, özünü kimə göstərmək istəyirsən ki, səndən xoşu gəlsin.

***

Bir padşah varmış. Özü də çox duyğulu, tez dolub-boşalan adam imiş. Sevinəndə dəli kimi sevinər, üzüləndə də ölürmüş kimi dərdə-qəmə batarmış. Bu padşah bir gün məmləkətə car çəkir ki, onu bu zəifliyindən hansı loğman, hansı təbib qurtara bilsə, həmin adamı dünya malından qane edəcək, amma qurtara bilməyənin də boynunu vurduracaq. Kim bu işə girişər? Təbib-loğman canından bezməyib ki? Nəhayət, dünyagörmüş, saçı-saqqalı dümağ bir dədə gəlir padşahın yanına və deyir:

- Ay oğul, dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul eləməkdir. Sənin məsələn elədir ki, bunu nə dava-dərmanla, nə də türkəçara ilə düzəltmək mümkündür. Amma sənə bir tövsiyəm var. Bir üzük düzəltdir. Qaşına da belə yazdır: "Bu da keçər". Sevinəndə də, üzüləndə də ona bax və düşün.

Piri-fani bu sözü deyib gedir. Padşah onun dediyi kimi bir üzük düzəltdirir, üstünə də "Bu da keçər" yazdırıb, barmağına keçirir. Xoş anında da ona baxır, üzüləndə də. Sevincindən şaqqanaq çəkib gülmək istəyəndə üzüyə yazdırdığı sözə baxıb kiriyir, dərddən ağlamaq ərəfəsinə gələndə də üzüyə baxıb təsəlli tapır. Amma deyirlər ki, padşah mükafatlandırmaq üçün o qocanı nə qədər axtarsa da o nişanda, o görüntüdə birisini gördüyünü deyən tapılmır.

***

Səhər heç acmayacaqmış kimi tox idim, axşam heç yeməmiş kimi acam. Nəfs də qursaq kimidir, genəldikcə genəlirmiş.

Faniyik, amma əbədiyə namizədik. Ölürük, amma bir daha dirilmək üçün gözlərimizi qapadırıq.

Əlinə, ovcuna süzülən nur kimidir, gözünə, könlünə axan sevda kimidir əbədilik duyğusu.

İtirmək qorxusu, ayrılıq həyəcanı, arxamızca süzülən göz yaşları. Məcnun olub Leyliyə qovuşsan belə hər səhər səninlə oyanıb, hər axşam səninlə kiçik ölüm adlanan yuxunun qollarına təslim olan o sevginin, o səadətin bətnində yaşayır həmin o qorxu, o həyəcan, o göz yaşları. İçinizdə böyüyür, gözlərinizdən bir-birinizə boylanır və nə qədər gizləsəniz də hər addımda özünü göstərir itirmək qorxusu. Öncə kim gedəcək, sənmi, omu? Sənmi onu ağlayıb gecələrin qaranlığını həsrətinlə baş-başa səhər edəcəksən? Omu sənin adını çağırıb "Allahım, onun yerini cənnət eylə!" deyə ardınca dua edəcək.

Unudulacaq bütün sevdalar, səndən mənə, məndən sənə uzanan bütün sevgilər bir məzar daşının altına gömüləcək.

Ehh, bu dünya o qədər Məcnunlar görüb, o qədər Leylilər dəfn edib ki, saymaqla qurtarmaz. Hamısı unudulub, hamısı unudulacaq...

***

Sonu olandan qorxursansa, sonu olmayana, Sonsuza can at ki, bu qorxudan qurtarasan.

"Faniyəm, fani olanı istəməm". Duyğuların kükrəsə, ruhun şaha qalxsa belə bu gerçəyin kölgəsindən çıxmaq mümkün deyil.

Həzrət Əli (r.a.) deyir: "Qeyb pərdəsi gözlərim önündən qaldırılsa, axirətə imanımdan bir zərrə artmaz, azalmaz", Rəsulullah (s.ə.s.) da belə buyurur: "Ehsan - Allah-Təalanı qarşısında görürmüş kimi ona ibadət eləməkdir."

Sözlərə baxırsan, gözün bərəlir, ruhun ənginliyini, imanın, təslimiyyətin gücünü ifadə etməyə söz tapmırsan.

Gözün qarnı yox ki, doysun. Nə qədər baxsan, doydum deməz. Gözün də nəfsi var, həm də necə...

"Hansı gül üzdür ki, əriyib torpağa qarışmadı,

Hansı ala gözdür ki, su kimi axıb torpağa qarışmadı. "- Bir dərvişin türküsüdür bu iki misra.

"Faniyəm, fani olanı istəməm". Bu sözün ağırlığından adam belini dikəldə bilmir.

***

O qədər sevdim ki... Özü də kimləri sevmədim ki?! Amma elə sevdiyim qədər də itirdim, sevdiklərimi itirdim, sevdiklərimi itirdikcə sevgilərimi də itirdim. İtirəndən sonra anladım ki, itmək, itirmək, itirilmək qorxusu olan hər şey fanidir, ötəridir. Sevdiyim çiçəklər, göy üzündə süzən buludlar, gecələr sayrışan ulduzlar, pəncərəmə qonan kəpənəklər, dağlar, daşlar, dənizlər.., hamısı keçib gedəcək, hamısı ölüb fani olacaq. Üzərinə günəş doğan hər canlı ölümü dadacaq.

Çox ağırdır, nəfsinə yedirə bilmirsən, amma unutma, sən də fanisən, mən də faniyəm. Hamımız o ölüm meyvəsini dadacaq, qəbir qapısından keçib fərqli bir dünyaya gedəcəyik. Unudulacaq bütün sevdalar, quruyacaq göz yaşları, sinədə açılmış şırımlar yavaş-yavaş qovuşacaq, yaşanmış həsrətlər, iztirablar ruhumuzun damağında uzaq, ilıq bir xatirə kimi qərib bir dada dönəcək.

***

Başqasının əlindəkinə göz dikəni insanlar istəməz, bu dünyaya könül verəni də Allah sevməz. Fanisən, faniyəm, faniyik, amma əbədiyə namizədik. Bizim kimi faninin Əbədiyə qovuşmağı da faniliyimizin fani istəklərindən qurtarıb Əbədinin iradəsinə təslim olmaqla, könül evimizi Ona layiq şəkildə bəzəyib döşəməklə, hər şeyimizi ona təslim etməklə mümkün olur. Baqi (Əbədi) olan ancaq Allahdır. Allaha qovuşmağa can atanlar faniliyin məngənəsindən qurtulub əbədilikdən öz nəsibini alacağına ümid edərlər.

Heç bilmədim bu yazı necə alındı. Şeir yazmaq istəyirdim, amma olmadı, bu sözün hikməti qarşısında bütün duyğularım yaz qarı kimi əriyib getdi: "Faniyəm, fani olanı istəməm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.