Cəmiyyət

Ramazan ayı hansı gün sona çatır?

24 İyun 2017 19:45
14 Şərh     Baxış: 11 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayının son günlərini yaşayırıq. Bu isə o deməkdir ki, yenə də bayramın hansı günə təsadüf etməsi ilə əlaqədar müzakirələr gündəmi zəbt edir. Təəsüf ki, bəzən İslam ehkamlarını və qaydalarını dərindən bilməyən şəxslər bu məsələ ətrafında İslamda tarixən mövcud olmuş müxtəlif rəyləri nəzərə almayaraq (inanırıq ki, bilmədən) aranı qatan, hətta məzhəblərarsı ədavət toxumu səpən iddialara yol açırlar. Odur ki, bəzi məsələlərə aydınlıq gətirməyi zəruri sayırıq.

İlk öncə qeyd edək ki, Qəməri təqvimi aylarının, xüsusən isə Ramazan ayının başlanması və bitməsi üzrə rəy müxtəlifliyi İslamın ilk illərindən mövcud olub. Sonradan astronomiyanın inkişafı bu məsələyə yeni baxışlar da gətirib. Və bizcə bunların olması tam normal haldır. Hazırda ayın sabit olması barədə 3 müxtəlif rəy mövcuddur.

Milli.Az islam.az-a istinadən bildirir ki, əvvəla, bir qrup alimin nəzərinə görə, astronomik hesablamalar yeni ayın başlanması barədə qərar vermək üçün kifayətdir. Astronomik ayın təzələnməsi, onun görünüb-görünməməsindən asılı olmayaraq yeni ayın başlanmasına dəlalət edir.

İkinci rəy belədir: əgər dünyanın istənilən nöqtəsində Ay görünərsə, artıq bayram namazı qılmaq olar. Yəni plantein istənilən regionunda müşahidə edilən Ay bütün müsəlmanlara Ramazanın bitməsi, Şəvvalın isə başlamasına bir işarədir.

Nəhayət, sonuncu rəyə əsasən, Ay mütləq hər müsəlmanın toplumunun yaşadığı üfüq xəttində görünməlidir. Məsələn, əgər Ay yalnız Cənubi Amerikada müşahidə edilibsə, o zaman məhz bu ərazidə yaşayanlar bayram namazı qıla bilər. Asiya, Avropa, Azərbaycan müsəlmanları üçünsə Ay sabit olmayıb və onlar Ramazan orucunu davam etdirməlidirlər.

Sonra.. Yuxarıda qeyd edilən 3 müxtəlif rəy qətiyyən məzhəb çalarlarına boyanmayıb. İstər sünnilikdə, istərsə də şiəlikdə bu 3 rəydən birini daha mötəbər hesab edən alimlər mövcuddur. Hər il də biz saytda hansı ölkələrin hansı günlərdə bayram elan etməsini yazırıq və bir daha sübut olunur ki, bütün dünya demək olar 50/50 prinsipi ilə, məzhəbindən asılı olmayaraq Bayramı fərqli günlərdə qeyd edir (Məsələn Hind-Çin regionu: Pakistan, Hindistan, Banqladeş və s.; Məğrib ölkələrinin bəzisi; İraq, İran, Azərbaycan, Dağıstan, bəzən isə bəzi Orta Asiya ölkələri və s. demək olar ki, hər il Ramazan bayramını Körfəz ölkələri, Türkiyə, Malaziya və İndoneziyadan bir gün sonra qeyd edir.

Və sonuncu. Astronomik hesablamalara görə, bu il ayın astronomik yenilənməsi 24 iyunda baş tutacaq. Yeni Ay iyunun 24-ü axşamı səmada peyda olacaq. Lakin üfüqdən çox az hündür olması və demək olar ki, Günəşin qürubu ilə eyni zamanda batması nəticəsində, onun bizim regionda gözlə görünməsi qeyri-mümkün olacaq. Ayı yalnız 25 iyunda, axşam görmək mümkündür. Odur ki, ənənəvi olaraq yeni Ayın görünməsi prinsipi ilə bayramı qeyd edən Azərbaycanda iyunun 25-i Ramazan ayının son günü, iyunun 26-sı isə, Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi kimi, Şəvval ayının 1-i, Ramazan Bayramı günüdür.

Allah orucunuzu qəbul etsin, əziz müsəlmanlar! Qarşıdan gələn Bayramınız da mübarək!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.