Cəmiyyət

Bakıda möhtəşəm yarış keçiriləcək - FOTO

20 İyun 2017 10:35
Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Azərbaycan" qəzetinə istinadən Bakıda keçiriləcək "Formula-1" yarışı haqda yazını təqdim edir.

İdman sahəsində aparılan dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Xüsusən, son on ildə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub.

Hazırlıq işləri başa çatıb
 
Ötən ay IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edən və başa vuran Azərbaycan indi növbəti beynəlxalq idman hadisəsi ərəfəsindədir. İyunun 23-25-də Bakı növbəti dəfə dünyanın ən populyar idman tədbirlərindən biri olan "Formula-1" yarışlarına evsahibliyi edəcək. Bunun üçün

Bakının mərkəzi küçələrində həyata keçirilən hazırlıq işləri başa çatıb. 
Xatırladaq ki, "Formula-1" dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. 1950-ci ildən başlayaraq hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir "Formula-1" avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar tək adamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və istehsal etdikləri digər detalları istifadə edirlər. 

Builki "Formula-1" Qran-pri yarışlarına mart ayında Melburn şəhərində start verilib. Pilotlar və komandalar noyabr ayına qədər 21 yarış mərhələsi keçməlidirlər. Son yarış Abu-Dabidə baş tutacaq. Sayca 7-ci Qran-pri iyunun 9-11-də Kanadanın Montreal şəhərində keçirilib. Son günlər isə diqqətlər Bakıya yönəlib. Bakı həmişə olduğu kimi, bu yarışa hazırdır. Amma burada bolidlər avtodromda deyil, məhz şəhərin küçələrində yarışacaqlar.
"Formula-1"in rəsmi saytında bu il yarışın mərhələlərinin keçiriləcəyi bütün ölkələr sadalanıb və Bakı mərhələsi Azərbaycan Qran-prisi adlandırılıb. Bu isə o deməkdir ki, Bakı bu günlərdə Avropanın paytaxtı olacaq. Ümumiyyətlə isə Bakı "Formula-1" yarışlarının yeni ünvanıdır. Çünki ötən ilədək Bakıda bu yarış keçirilməmişdi. Bu mənada xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası "Formula-1" təqviminə yeni əlavədir. Bakı Şəhər Halqasının, trekin uzunluğu 6 km-dən bir qədər artıqdır. Bu, uzunluğuna görə dünyada ikincidir. 
Şübhəsiz ki, Azərbaycan Qran-prisi ötən il olduğu kimi, 2017-ci il "Formula-1" mövsümünün də ən maraqlı tədbirlərindən olacaq. Həftənin sonuna düşən yarış günlərində peşəkar avtopilotların idarə etdiyi bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında tam yeni bir macəranın enişli-yoxuşlu dar keçidləri ilə yanaşı sahilboyu müasir göydələnlərə və Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirir. Burada bütövlükdə Bakının ecazkar siması unikal bir trek kimi nəzərdə tutulub. Beləliklə, Bakının düz mərkəzində sürət və həyəcan bir araya gələrək "Formula-1" yarışının mahiyyətini tam simvolizə edəcək.
 
Bu dəfə daha həyəcanlı anlar yaşanacaq
 
Qeyd edildiyi kimi, Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. "Formula-1" Bakı Qran-prisi "Azadlıq" meydanından start götürəcək və burada da başa çatacaq. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq.
Trekin birinci və üçüncü döngəsi pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar. Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alacaqlar. Onlar təxminən 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşacaqlar. Burada pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək və kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər. 5-ci və 6-cı döngələr pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldəcək. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə "Formula - 1" bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq.

Yeddinci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçərişəhərin qala divarlarına tərəf yönələcəklər. Bu yolda trek qismən səki hesabına genişləndirilib. Burada bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər. Trekin 8-ci döngəsindən 12-ci döngəsinədək olan hissəsində yarış çox maraqlı anlarla yadda qalacaq. Çünki burada yol daralıb və yalnız ən sürətlə hərəkət edən bolid birinci keçəcək. 12-dən 15-ci döngəyə qədər olan hissədə, İstiqlaliyyət küçəsində bolidlər yüksək sürətlə hərəkət edəcəklər. 13 və 14-cü döngələr kiçik bucaqlı olduğundan buradan pilotlar, demək olar ki, əyləc sistemindən istifadə etmədən keçəcəklər. Bu küçədə pilotları Milli Elmlər Akademiyasının binası, sonra isə onları 15-ci döngədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası qarşılayacaq. 12-ci döngədən 15-ci döngəyədək olan məsafə 850 metrdir. 15-ci döngəyə yaxınlaşdıqca yarışın həyəcanı daha da artacaq. Çünki bu döngədən sonra pilotları kəskin eniş gözləyir. Bu enişdə Xəzər dənizinin sahil boyu ərazilərinə tərəf gözəl mənzərə açılır. Burada 300 metr uzunluğunda ikinci xüsusi asfalt örtüyü salınıb. Trekin 16-cı döngədən düz xətt boyunca davam edən hissəsində yarışın möhtəşəm keçəcəyi gözlənilir, çünki burada sürət maksimal həddə çatacaq. Bu döngə pilotları yenidən Neftçilər prospektinə yönəldəcək. Pilotlar yalnız 17 və 18-ci döngələrdə sürəti bir az azaldacaqlar. Qız Qalasının yanındakı 19-cu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək 20-ci və daha sonra yenidən 1-ci döngəyə gəlib çatacaqlar. Trekin məhz bu hissələrində bolidlərin sürətinin ən yüksək həddə - 340 km/saata çatacağı gözlənilir. 

İdman mütəxəssislərinin fikrincə, Bakı trekini yalnız Sinqapur treki ilə müqayisə etmək olar, lakin burada bolidlərin sürəti Sinqapurdakından daha yüksək olacaq. Əlavə edək ki, Bakıda trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi İçərişəhər ətrafında, 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək. 
"Azadlıq" meydanı yarışın başlayıb bitdiyi yer olduğu üçün trekin əsas hissəsini təşkil edəcək. Burada inşa olunan Paddok arenasında yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, "Formula-1" rəhbərliyinin ofisləri, eləcə də 21 iştirakçının hər biri üçün dayanacaq tikilib. İkinci mərtəbə Paddok klubun üzvləri üçün nəzərdə tutulub. Onlar yarışı 2500-dək izləyici tutumuna malik məkandan izləyəcəklər. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını da rahatlıqla izləyə biləcəklər. Məhz bu ərazidə yarışın startı və finişi olacaq. Qaliblər isə pit binasının podium hissəsində mükafatlandırılacaqlar.

"Formula-1" bütün dünyada maraqla izlənən əsas idman yarışlarından biridir. Bu idman növünün dünyada milyonlarla azarkeşi var. Elə ölkəmizdə də bu avtomobil yarışmasına maraq kifayət qədərdir. Digər tərəfdən "Formula-1" Bakı mərhələsini izləmək üçün xarici ölkələrdən xeyli sayda turistin gələcəyi gözlənilir. Bu baxımdan yarışın təşkilat komitəsi tamaşaçıların avtoyürüşü rahat və təhlükəsiz izləmələri üçün mühüm işlər görüb. Trekin 9 yerində tamaşaçı tribunaları quraşdırılıb.
Yarışın əsas tribunası Abşeron adlanır. "Azadlıq" meydanına yaxın quraşdırılan bu tribunadan yarışın ən həlledici məqamlarını izləmək mümkündür. Çünki buraya bilet alanlar start düzülüşü və finiş xəttini yaxından izləyə biləcəklər. 
Xəzər tribunası Muzey Mərkəzinin yanında yerləşir. Xəzər tribunasında olan izləyicilər bolidlərin start-finiş xəttinə doğru saatda 300 kilometri aşan sürətlə hərəkətini yaxından müşahidə etmək imkanı əldə edəcəklər. 
Bulvar tribunası da Xəzər tribunası ilə eyni səmtdədir. Buradan da bolidlərin start-finiş xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini izləmək imkanı olacaq.
 
Ən sürətli şəhər treki
 
Dənizkənarı park boyunca davam edən sürət xətti üzərində 20-ci döngədə yerləşən Sahil tribunasında tamaşaçılar yolun iki müxtəlif hissəsini eyni anda izləmək imkanına malik olacaqlar. Trekin bu tribunadan görünən hissəsində bolidlər həm soldan sağa doğru start-finiş istiqamətində tam sürətlə, həm də trekin digər tərəfində 5-ci və 6-cı döngələri asan keçmək üçün aşağı sürətlə hərəkət edəcəklər. Bu da, öz növbəsində, tamaşaçılara avtomobil və sürücüləri yaxından izləmək üstünlüyü verəcək.
Muğam tribunası Kukla Teatrının qarşısında quraşdırılıb. Azarkeşlər bu tribunadan yolun çarpaz hissəsində görüşən bolidləri eyni anda müşahidə edə biləcəklər. Muğam tribunasının düz qarşısında bolidlər həm soldan sağa doğru start-finiş istiqamətində, həm də buna əks istiqamətdə, sağdan sola doğru 7-ci döngəyə tərəf, şəhərin tarixi hissəsinə dönənədək tam sürətlə hərəkət edəcəklər.
İçərişəhər tribunası Qala qapılarının yanında yerləşir. Bu tribuna yarışı izləməklə yanaşı, qədim şəhərin gözəlliklərinə də tamaşa etmək baxımından unikal mövqeyə malikdir. Burada tamaşaçılar yarışın ən həyəcanlı anlarından birini izləyəcəklər. 

Filarmoniya tribunasında isə tamaşaçılar Filarmoniya bağının qarşısında, trekdəki kəskin enişin 16-cı döngəyə keçdiyi hissədə baş verəcək gərgin mübarizəni izləmək imkanına malik olacaqlar. 
Azneft tribunası "Azneft" dairəsi ətrafında yarışı yaxından izləməyə imkan verən mükəmməl mövqedə yerləşir. Buraya bilet alan tamaşaçılar Dənizkənarı parkın Bakı tennis və yaxt klublarına yaxın olan hissəsindəki 16-cı döngəni ən yaxşı yerdən müşahidə etmək imkanına malik olacaqlar. Trekin eniş hissəsinin düz qurtaracağında yerləşən Azneft tribunasında tamaşaçılar bolidlərin 16-cı döngəyə qədər amansız rəqabətini, kəskin dönüşlərini və döngənin ardınca sahil boyu uzanan sürət zolağında ötüşməsini izləyəcəklər. Bu tribuna aşağı və yuxarı hissələrdən ibarətdir.
Qız qalası tribunasında isə bu tarixi abidənin mənzərəsi fonunda bolidlərin ən sürətli hərəkətini seyr etmək imkanı yaranacaq. Bu tribunada olan yarış həvəskarları bolidlərin buradan 18-ci döngəyə tərəf son sürətlə hərəkətini və onların Qız qalasının tam qarşısından keçməklə sürət zolağı boyunca davam edəcək gərgin mübarizəsini izləyə biləcəklər.
Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. Reallıq da ondan ibarətdir ki, Bakı Şəhər Halqası möhtəşəm trekdir. Yaradılan infrastruktur Qran-prinin yeni mərhələsini qəbul etməyə hazırdır. 20 müxtəlif çətinlikli döngələri, dar keçidləri və ən maraqlısı - 2,2 km sahilboyu hissədə 340 km/saat sürətə çatmağa imkan verən sürət hissəsi ilə Bakı Şəhər Halqası "Formula-1" təqvimində yenə də ən sürətli şəhər treki fenomeninə imza atacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.