Cəmiyyət

Yay kabus qoxuları...

19 İyun 2017 14:10
4 Şərh     Baxış: 915

Avtobusda, metroda, liftdə və ya hansısa marketdə növbə gözləyərkən burnunuza dəyən sərt motal qoxusunun ağlınızı başınızdan alıb sizləri paralel dünyalara apardığını xatırlayırsınızmı? Qarşınıza yemək qoyan ofisiantın uzun caynaqlarını görüb xoşbəxt olduğunuzu necə? İstifadə etdiyiniz ictimai tualetdəki son vəziyyəti yadınıza salanda hansı hisləri keçirirsiniz? Liftə daxil olarkən üzünüzə vuran kəskin siqaret qoxusunun ovsunlayıcı ətrini necə, unutmusunuzmu? Ümid edirəm heç olmasa dolub-daşan zibil qablarından ətrafa yayılan zibil qoxusunu unutmamısınız. Yaxşı görək, heç olmasa metroda illərlə yuyulmayan dişlərini qıcayıb üfunətli nəfəsini üzünüzə üfürən o sərt baxışlı dayını yaddan çıxara bilməzsiniz.

Unutmamalısınız. Unuda bilməzsiniz. Çünki mən buna imkan vermərəm. İmkan vermərəm ki, metrodan çıxıb rahat nəfəs alasınız, avtobusdan atılan kimi dəsmalı burnunuzdan çəkəsiniz. Mən sizə kabuslarınızı xatırlatmaqda israrlıyam. Özümü şairliyə vurub sizə gül-çiçək ətrindən, antiperespirantın kəşfindən, fransız parfümünün ecazından, diş pastasının faydalarından, təmizliyin imandan olduğundan danışsam, şaqqanaq çəkib mənə gülərsiniz. Camaat Marsda həyatı araşdırır, Kvant fizikasını həyatın müxtəlif sahələrinə tətbiq edir, müxtəlif icadlarla dünyanı silkələyir. Hələ qalın-qalın kitablar, ciddi-ciddi filmlər var bu dünyada. Antiperespirant vaxtıdı?

Yayın nəfəs kəsən isti günələrində sizə bu xoş xatirələri ona görə xatırladıram ki, mən olduqca pinti, təmizliyə nifrət edən, ictimai məkanlarda davranışımla insanları diksindirməkdən zövq alan iyrənc adamam. Və bu davranışlarımdan, sizləri narahat edən əməllərimdən vəhşicəsinə zövq alıram. İmkanım olsa, ayaq dırnaqlarımın uzanaraq ayaqqabımı deşib çıxmasına şərait yaradar, çeçələ barmağımın dırnağını qulaqlarımın içini eşələyəcək qədər uzanmasına göz yumardım. Heyf ki, çeçələ barmağımın dırnağını çeynəmək daha zövqlüdür.

Bəzən bir köynəyi aylarla yumadan geyinə, bir corabla bütöv bir ili başa vura bilirəm. Xüsusilə dost-tanışla təsadüfən rastlaşanda onların burnunu tutub uzaqlaşması məni xoşbəxt edir. Təsadüfən dostlarla oturanda "Cola" içib gəyirməyi, burnumu eşələməyi, qulağımı barmağımla nümayişkəranə şəkildə qurdalamağı çox sevirəm. Bu manyak natəmizliyimi, çirkaba qarşısıalınmaz meylimi izah etməkdə çətinlik çəkirəm. Bu, nəsə xüsusi bir istedad, qabiliyyətdir.

Sudan, sabundan, şampundan zəhləm gedir. Günlərlə yuyunmuram və bu, mənim səhhətimə çox gözəl təsir edir. Avtobusda, metroda, liftdə, marketlərdə, oturduğum kafelərdə özümdən sonra unudulmaz qoxular buraxmaq qanımda adrenalinin miqdarını artırır. Xülasə, mən sizin kabusunuzam.

Səhərlər duş almaq, dişləri fırçalamaq, corab dəyişmək, parfüm sıxmaq çox iyrənc məşğuliyyətdir. Belə mənasız işlərə vaxt itirən adamlara yazığım gəlir. İctimai tualetlərdən istifadə edəndən sonra təmizliyə riayət etməyi "çumo"luq hesab edirəm. Parfüm istifadə edən, təmiz geyinən oğlanlara yaxşı baxmıram. Avtobus dayanacağında siqaretdən dərin bir qullab alıb, tüstünü avtobusa daxil olandan sonra buraxmaq, müxtəlif növ xəstəliklərin qarşısını alır.  

Bu sahədə mənim dostlarım, davamçılarım, ardıcıllarım o qədər çoxdur ki, özümü ictimai yerlərdə xoşbəxt hiss edirəm. Bizdən gələn təbii qoxu, başqa adamlardan gələn saxta təmizlik qoxularını məhv edir. Biz öz natəmizliyimizlə, qoxularımızla, pintiliyimizlə birlikdə çox güclüyük.

Ümid edirəm bu yay sıralarımız daha da genişlənəcək, "antiprespirant əleyhinə mübarizə həftələri", "çimərliyə, hamama yox!" petisiyaları uğurlu nəticə verəcək. Ümid edirəm ki, bu yayın qoxusu da unudulmaz olacaq. Sizə kabus kimi unudulmaz yay vəd edirik! Bizimlə tərləyin!

Cəlil Cavanşir
Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Murad · 19 İyun 14:1411

    Vallah belə "saqqal"ı da görəndə unutmuram )))

    Cavab yaz
  • Anonim
    farid · 19 İyun 14:5011

    Qələminizə qüvvət.

    Cavab yaz
  • Anonim
    )))) · 19 İyun 15:0100

    )))))

    Cavab yaz
  • Anonim
    Rony · 19 İyun 16:5921

    Cəlil bəy, demək olar yalnız bir şeydən başqa mənim də müşahidə etdiklərimin hamısını qeyd etdiniz. Deyim qalan nədir? İctimai tualetin kabinetinə girib siqaret çəkmək. Bəh-bəh-bəh.. Bu da çox xeyirlidir. Siqaret tüstüsü orada olan və sonra daxil olan, çəkisi 1 qramdan tutmuş 100 kiloya qədər bütün zərərli canlıları məhv edir. Heç xlora da ehtiyac qalmır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.