Cəmiyyət

Mağazadan alınan malda nöqsan olarsa, nə etmək lazımdır? - ARAŞDIRMA

17 İyun 2017 13:56
2 Şərh     Baxış: 2 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda istehlakçıların qarşılaşdıqları problemlərdən biri də aldığı məhsulda defekt çıxdığı zaman onu geri qaytara bilməməsidir. Bəzən bu hallarda müştərilər hara müraciət edəcəklərindən məlumatsız olurlar. Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143 B, mənzil 296 ünvanında yaşayan Süleyman Qazıyev də aldığı mebellə bağlı problemlə qarşılaşıb.

Milli.Az bildirir ki, report şikayətçinin üzləşdiyi problemi araşdırıb.  

Belə ki, S.Qazıyev aprelin 23-də "Bayramoğlu" mebel mağazasından paltar şkafı sifariş edib və mağaza sahibi Anar adlı şəxs onun evinə gələrək mebelin ölçülərini, qiymətini razılaşdırıb. Qarşı tərəf şkafa görə 400 manat istəyib və istehlakçı 80 manat beh verib. Mağaza sahibi şkafın 3-4 günə hazır olacağını deyib, S.Qazıyev isə bir müddət sonra daha 70 manat beh verib və bununla da ödədiyi məbləğ ümumilkidə 150 manata yüksəlib. İsteklakçı razılaşdırılmış vaxtda mebeli təhvil alsa da, ancaq məhsulda çoxsaylı defektlər görür. Bununla bağlı mağaza sahibinə zəng vuraraq iradını bildirir, o da evə gələrək defektin "xırda məsələ" olduğunu, iki gündən sonra gəlib düzəldəcəyini deyir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, mebeli satan şəxs nə gəlib defekti düzəldir, nə də istehlakçının telefonlarına cavab verir. İstehlakçı mebeli qaytarmaq, ödədiyi pulu geri almaq üçün onu mağazada da tapa bilmir.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən report-a bildirilib ki, istehlakçı bu kimi hallarla üzləşdikdə 498-15-01 (04) nömrəli "Qaynar xətt"ə zəng vurmalıdır: "Nazirlikdə problemlə bağlı araşdırma aparıldıqdan sonra qarşı tərəfə cavab verilir. Müştərinin aldığı məhsulda problem olarsa, yəni haqlı tərəfdirsə, 14 gün müddətində geri qaytarmaq haqqı var. Bu zaman pulun tamamı da geri qaytarılmalıdır. Bəzən müştəriyə malın dəyişdirilməsi təklif olunur. Əgər mal dəyişdirilməsi və ya qaytarılması qadağan olunan məhsullara aid deyilsə, müştərinin malı dəyişdirməmək, pulunun tamamilə geri verilməsi qarşılığında malı qaytarmaq haqqı var".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində 12 adda malın dəyişdirilməsi qadağandır: "Bunlar qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, əlzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq mallarıdır. Qalan digər malların müştəri tərəfindən geri qaytarılmaq və ya dəyişdirilmək hüququ mövcuddur. Malların keyfiyyətsizliyi ilə bağlı bizə daxil olan müraciətlərin 80 faizini danışıqlar yolu ilə həll edə bilirik. Ancaq bu məsələni danışıqlar yolu ilə həll edə bilmədiyimiz üçün müvafiq dövlət qurumlarına müraciət etmişik. Bizə məsələnin araşdırılacağı bildirilib". 

E.Hüseynov vurğulayıb ki, hüquqlarının qorunması ilə bağlı məhkəməyə müraciət edən istehlakçıdan dövlət rüsumu alınmır: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinnin "Qaynar xətti"nin bəzi hallarda yaxşı fəaliyyət göstərmir, məhkəmələr isə əksər hallarda biznes qurumlarının tərəfini saxlayılır".

İqtisadiyyat Nazirliyinin "Qaynar xətt" xidmətindən report-a bildirilib ki, onlara daxil olan zənglər araşdırılır və istehlakçı hüquqlarına uyğun olaraq həll olunur: "Mebellərlə bağlı müraciətlər olur. Məsələni araşdırmışıq və problem çox zaman həllini tapıb. Məsələni araşdırmaq üçün 15 gündən 30 iş gününədək vaxt ayrılır. İstisna hallarda vaxtın artırılması da mümkündür. Problemi həll edə bilmədiyimiz halda məhkəməyə müraciət edən istehlakçının məhkəmə prosesində tərəf kimi iştirak edə və onun nazirliyə təqdim etdiyi sənədlər əsasında müdafiə edə bilirik".

Şikayətçi Süleyman Qazıyev isə İqtisadiyyat Nazirliyinin "Qaynar xətt" xidmətinə iki gündür müraciət etdiyini söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.