Cəmiyyət

Cocuq Mərcanlı - güllə səslərini azan səsi əvəz edir

16 İyun 2017 07:53
Baxış: 1 373

Cocuq Mərcanlı. Vaxt vardı, bu kəndin adına atəşkəs barədə xəbərlərdə rast gəlirdik. "Düşmən... və Cocuq Mərcanlı istiqamətində mövqelərimizi atəşə tutub". Bu gün isə Cocuq Mərcanlı ilə bağlı xoş xəbərlərin ardı-arası kəsilmir. 2016-cı ilin aprel döyüşlərinə qədər bu kənddə yalnız silah səsləri duyulurdusa, indi bunu azan səsi - əmin-amanlıq, firavanlıq, sabitlik əvəz edir. Bu gün Cocuq Mərcanlı erməni işğalı altında qalan torpaqlarımıza qayıdışın başlanğıcıdır, rəmzidir.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı.

İyunun 14-də Azərbaycan Prezidenti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etdi. Dövlət başçısı yeni salınan kənd yolunun açılışını etdi, yeni inşa olunan 96 şagird yerlik məktəblə, Cocuq Mərcanlıda yeni tikilən Şuşa məscidinə bənzər məsciddə yaradılan şəraitlə tanış oldu, kəndin ərazisini gəzdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, tarixi gündür, Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Məhz ötən ilin şanlı aprel qələbəsi nəticəsində Azərbaycan Ordusunun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini ələ keçirməsi ilə Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Bu gün isə bu təhlükəsiz həyat şəraiti reallığa çevrildi.

Ümumilikdə, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi ev və müvafiq infrastruktur inşa olunub. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək.

İkinci mərhələdə isə Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işləri davam etdiriləcək, o cümlədən 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikiləcək. Dövlət başçısının 15 iyun tarixli sərəncamına əsasən bu məqsədlə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 9 milyon manat ayrıldı.

Bu gün Azərbaycan dövlətinin bir nömrəli işi, prioriteti də elə budur: işğal olunmuş ərazilərimizi azad etmək, bu torpaqlarda sabitliyi bərqərar etmək, güllə səslərinə son qoymaq. Azərbaycan Cocuq Mərcanlının timsalında bu niyyətini dünyaya nümayiş etdirdi. İndi dünya ictimaiyyəti bir qərara gəlməli, son sözünü deməlidir: Dağlıq Qarabağ və ətraf rayonların poliqona çevrilməsi yaxşıdır, yoxsa Cocuq Mərcanlı nümunəsi?

Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq, istər sülh yolu ilə, istərsə də hərbi yolla olsun, erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasına, qovulmasına nail olacaq. Dövlətimizin başçısının dediyi kimi, "Azərbaycan ictimaiyyəti bilirdi, ancaq aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir".

Vaxt gələcək, işğal olunmuş bütün doğma torpaqlarımızda silah səsləri kəsiləcək, bu səsləri azan səsi, insanların gülüş səsləri əvəz edəcək, geniş abadlıq-quruculuq işləri görüləcək, müxtəlif təyinatlı yeni binalar tikiləcək, yollar, parklar salınacaq, Şuşa, Xankəndi başda olmaqla Qarabağın bütün şəhər, qəsəbə və kəndlərində Azərbaycan bayrağı dalğalanacaq. Eynən Cocuq Mərcanlıda olduğu kimi! Bu böyük tarixi günə az qalıb, bəlkə də çox az...

Bəxtiyar Hacıyev,

Trend

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.