Cəmiyyət

Azərbaycanda it və pişik alveri - 3200 manata sifariş - FOTO

24 May 2017 14:19
2 Şərh     Baxış: 4 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Online ticarətin ən geniş yayılmış növlərindən biri də ev heyvanlarının satışıdır. Hansı ki son zamanlar Azərbaycanda da geniş yayılıb. Evdən bayıra çıxmadan yaxşı gəlir gətirən bu bizneslə nə qədər insanın məşğul olduğu, dövriyyənin rəsmi statistikası bəlli deyil. Düzdür, dünyanın bir çox dövlətlərində bu say nisbidir. Lakin heyvanları müdafiə edən cəmiyyətlər əmək sərf edib ortaya bir rəqəm qoymağa çalışırlar. Məsələn, Amerikanın ev heyvanları sahibləri Assosiasiyasının (American Pet Association - APA) rəyinə görə, ABŞ-ın milyona yaxın vətəndaşı it, pişik, eləcə də digər heyvanların alqı-satqısı ilə məşğul olur. Azərbaycanda rəsmi statistika kimi belə bir araşdırma da yoxdur. Baytarlıq klinikaları isə onlara peyvənd üçün gətirilən heyvanların sayını belə gizlədirlər.

Alış-veriş saytlarında ev heyvanlarının satışı elanı artıb 

Araşdırmalara əsasən, maliyyə böhranından sonra bütün dünyada ev heyvanlarının biznesi ilə məşğul olanların sayı artıb. Bu, həm insanların ev heyvanları ilə vaxt keçirməklə gərginliklərini azaltmağa çalışmaları, həm də sözügedən biznesin asan və gəlirli qazanc növü olması ilə izah edilir.  Hazırda Azərbaycanda ev heyvanlarının satışı iki yolla aparılır. Birincisi, sırf alıcının sifarişi əsasında  xaricdən idxal etməklə, ikinci, şəxsi təşəbbüslə gətirib online satış saytlarında elan yerləşdirməklə satış həyata keçirilir. Birja.az, tap.az, bul.az, elan.az, alsat.az, ucuztap.az, supermarket.az kimi elan saytlarında cins it və pişiklərin satışına dair yüzlərlə elana rast gəlmək olar. Qiymətlər isə hər iki hal üzrə  heç də ucuz deyil. Başlayaq şəxsi təşəbbüslə gətirilərək satılan heyvanların qiymətlərindən. Cins it növlərindən "şarpey"  (yapon iti) 600 manat, "haski" balaları 220 manat, "alabay" balaları 599 manat, "labrador" 400 manat, "rotveyler" 500 manat,  "pitbull" 400 manat, "pekines" 250-290 manatdır. "Şpits" 1300-1600 dollar, "Pomeran şpitsi" 1600 manat, hətta 2200 manat təşkil edir. Pişiklərə gəlincə, ən ucuz türk anqorudur - 70 manat.  Tayland pişiyi 150, fars pişiyi 200-300, şinşilla 500, Britaniya pişiyi  300, "Sfenks" 900, siam 100, İngilis sortu (British shorthair) 450 manat təşkil edir. 

Sifariş baha başa gəlir 

Sifariş əsasında idxal olunan ev heyvanlarına gəlincə, burada vəziyyət dəyişir. Yəni cins itlərin və pişiklərin gətirilməsi ucuz proses deyil. Belə ki, ev heyvanı sifariş vermək adı ilə əlaqə saxladığmız satıcılar bizə aşağıdakı qiymətləri oxudular: "Bordeaux" balalarını sizə təklif edə bilərik. 2800 manata gətiririk. İt 2,5 aylıqdır". Satıcının sözlərindən məlum oldu ki, çatdırılma 5 gün çəkir. Ən əsası da itin mərkəzi Belçikada yerləşən Dünya İt Federasiyasından (FCİ) sənədi var.
Adını İtaliyanın Napoli şəhərindən alan, Misir, Fars və Mesopotamiya əsilli "Mastino Napoletano" itinin 2 aylıq balasının sifarişlə gətirilmə dəyərinin isə  2500 manat olduğunu öyrəndik. Taleh adlı satıcı bala iti Ukraynadan gətirdiyini dedi. 

Əlaqə saxladığımız digər it-pişik alverçiləri bizə FCİ sənədli, dəyəri 3200 manat olan "Pomeran şpitsi" təklif edilər: "Amerikadan və İspaniyadan Ukraynaya gətirilən "Amerikan bulli"si də təklif edə bilərik. Qiyməti 2000 dollardır. İtin bütün sənədləri var". Qiymətlərin baha olduğunu bildirdikdə "Minyatür Schnauzer" i məsləhət görərək 1300 manata 5 günə çatdıracaqlarını söylədilər.


 
Yeri gəlmişkən, soğu zamanı öyrəndik ki, yarışların qalibi olan cins it balalarını da sifariş vermək mümkündür. Məsələn, babaları müxtəlif it yarışlarının qalibi olan "Türk kanqalı" 2400 manata başa gəlir. 

Onu da qeyd edək ki, satıcıların sözlərindən it və pişiklərin, əsasən, Ukrayna və Rusiyadan ölkəyə gətirildiyi bəlli oldu. Heyvanların çatdırılma müddəti isə maksimum 5 gün çəkir. Təhvil-təslim zamanı itin və ya pişiyin "yeddi arxa dönəni" haqqında sənəd, baytar müayinəsindən keçməsinə dair arayış  təqdim edilir.Bu arada ödəniş ancaq nağd şəkildə tələb edilir. Çünki söhbət etdiyimiz satıcılar dönə-dönə kreditlə it satmadıqlarını dedilər. 
 
Ölkəyə nə qədər it-pişik gətirilib?

Məsələnin ən müəmmalı tərəfi budur. Rəsmi statistikada ölkədə diri heyvan idxalı göstərilsə də, rəqəmin təsnifatı verilmir. Lakin bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ötən il ölkəyə 154 baş it və pişik balası gətirildiyini açıqlamışdı. Bu sahədə son vəziyyəti öyrənmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxladıq. Qrumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli onlarda belə bir rəqəm olmadığını söylədi. Lakin məlum oldu ki, xaricdən gətirilən diri və kəsilmiş heyvanlar Dövlət Baytarlıq Nəzarəti Xidməti tərədindən qeydiyyatdan keçərək, sənədləşdirilir. 
Nəzərə alsaq ki, veterinar klinikalar it-pişik biznesi ilə məşğul olanlara bələd olan yeganə qrumdur, belə ki, onlar it və pişiklərin qeydiyyatı, peyvəndi ilə bağlı elektron məlumat bazasına sahibdirlər, statistikanı bir də onlardan almağa çalışdıq. Lakin "Royal Canin" Baytarlıq Klinikasından statistikanı açıqlaya bilməyəcəklərini söylədilər. "Vəfalı dostum" klinikasından da eyni cavabı aldıq. 

Şəhərdə xüsusi təyinatlı itlərin sayı artıb 

Vəhşi Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev bildirir ki, son illər Bakı şəhərində xüsusi təyinatlı cins itlərin sayı artıb: "Bu, onu göstərir ki, alıcılar daha çox bu növ itlərə üstünlük verirlər. Ətraf üçün belə itlər təhlükəlidir. Xaricdə onların ictimai yerlərdə gəzdirilməsinə icazə verilmir. Bəzi hallarda isə nəsil artımının qarşısını almaq üçün axtalanırlar".  A.Qarayev bildirir ki, ölkəyə nə qədər it və pişiyin gətirilməsinə dair statistikanın olmaması, müvafiq qurumlarda qeydiyyatın baha başa gəlməsi ilə bağlıdır: "Bütün hallarda adiyyəti qurumların prosesə nəzarətinin artırılması vacibdir. Sərhəd keçid məntəqələrində nəzarət  gücləndirilməlidir".

A.Qarayev deyir ki, idxal olunan it və pişiklərin sağlamlıqları bəzən sual altında olur: "Əvvəla cins it və pişiklərin hansı ölkələrdən gətirildikləri bəlli deyil. Başqa tərəfdən onların Azərbaycanın iqlim şəraitində qalıb-qalmayacaqları, xəstəliklərə qarşı davamlı olub-olmayacaqları sual altındadır". 
Cəmiyyət sədrinin sözlərinə görə, it-pişik saxlamaq istəyənlər küçədəki sahibsiz heyvanları da çimizdirib, peyvənd edib bunu reallaşdıra bilərlər: "Yerli it və pişik növləri heç də cins heyvanlardan geri qalmır". 

Yerüstü, yoxsa hava nəqliyyatı? 

O ki qaldı Azərbaycana ev heyvanlarının necə gətirilməsinə, görünən odur ki, satıcılar hava nəqliyyatından daha çox yerüstü nəqliyyata üstünlük verirlər. Çünki birinci bahadır. Əvvəla daşınma xərcləri aviaşirkətlər üzrə dəyişir. Digər tərəfdən proses baqajın əlavə yükünün ordinar qiymətinə uyğun həyata keçirilir. Buruntaqda olan it sərnişin salonunda daşınır, lakin onun üçün xüsusi yer nəzərdə tutulmur. Salonda 5 kiloqrama qədər çəkisi olan pişik, it, həmçinin ev quşları, o cümlədən tutuquşu və bülbül aparmaq olur. İt-pişiklər xüsusi qəfəsdə və ya zənbildə, yaxud çantada olmalıdır. Ödənişə heyvanın çəkisi də daxil edilir. Yaşı və çəkisi böyükdürsə, daşınmaya görə vergi yüksək olur. 
Bu səbəbdən ölkəyə ey heyvanları, əsasən, yerüstü nəqliyyat vasitələri ilə gətirilir. 

L.Əliyeva 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.