Cəmiyyət

Özbaşına dərman qəbulu gözə ziyan verə bilər

30 Aprel 2017 19:40
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən fəsil dəyişikliyi zamanı gözdə qaşınma olur, bəzən sulanmalar müşahidə olunur. Bu, allergiyadır, yoxsa gözlə bağlı digər problem? İnsanın ən vacib orqanlarından biri olan gözlərlə bağlı nələrə diqqət vermək lazımdır?

Millli.Az bildirir ki, bu və digər göz problemləri ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov ATU-nun mətbuat xidmətinə müsahibəsində danışıb.

-Fəsil dəyişən zaman əksər insanlarda gözlə bağlı müxtəlif problemlər yaranır. Bunun səbəbi nədir?

-Fəsil dəyişikliyi ilə əlaqədar olaraq gözdə olan sulanma və bu kimi digər şikayətlər adətən "allergik konyunktivit" adlandırdığımız göz xəstəliyi ilə əlaqədar olur. Adətən hər dəfə fəsillər dəyişərkən və ya bitkilərin tozlanma zamanı xəstələr bu şikayətlərlə həkimə müraciət edirlər. Yazılan dərmanlar sadəcə xəstənin şikayətlərini azaldıb, narahatlığını müəyyən müddətliyə aradan qaldırır. Lakin bəzən xəstələr həkim məsləhəti olmadan özləri müxtəlif dərmanlardan istifadə edirlər. Bu isə xəstəyə ziyan verə bilər. Ona görə də, belə hallarda həkim müayinəsindən keçdikdən sonra uyğun dərmanlardan istifadə etmək məsləhətdir.

-Bəzi insanlar qaş nahiyəsindəki ağrıların gözdən qaynaqlandığını düşünürlər. Bu, nə dərəcədə doğrudur?

-Qaş nahiyəsində olan ağrılar həm gözlə, həm də sinir sistemi ilə əlaqəli ola bilər. Dəqiq diaqnoz qoymaq üçün bu ağrıların vaxtı, müddəti, xarakterini nəzərə almaq, müayinədən sonra mənşəyini dəqiqləşdirmək olur.

-Son zamanlar ən çox hansı göz şikayətləri ilə bağlı müraciətlər olur?

-Şikayətlər çoxşaxəli olduğu kimi, səbəblər də müxtəlifdir. Allergik problemlərlə yanaşı, diabet xəstələri, gözdaxili təzyiqi, refraksiya problemi olan keratokonus və sairə bu kimi xəstəliklərlə müraciət edənlər də kifayət qədərdir.

-Bu xəstəliklərdən hansılarına cərrahi müdaxilə tələb olunur?

-Tibdə, xüsusilə də oftalmologiyada cərrahi müdaxilə yalnız ehtiyac olduğu halda icra edilir. Əgər xəstənin sağalması üçün cərrahi müdaxilədən başqa müalicələr mövcuddursa, ilk olaraq onlar icra edilir. Ancaq gözdə elə xəstəliklər var ki, müalicəsi ancaq cərrahi yolla aparıla bilər. Həmçinin bəzən xəstənin istəyini də nəzərə alaraq cərrahi müdaxilə məsləhət görülə bilir. Məsələn, eynək taxmaq istəməyən xəstələrə, müvafiq yoxlamadan sonra cərrahi müdaxilə məsləhət görülə bilər.

Katarakta, xalyazion, karatakonuson, vitrektomiya, çəpliyin korreksiyası, göz yaşı yolları əməliyyatı, qapaq plastikası, qapaqlarda olan xoş və bəd xassəli törəmələr, arqon lazer fotokoaqulyasiya, barier lazer fotokoaqulyasiya, YAG lazer, refraktiv əməliyyatlar son 1 il ərzində şöbəmizdə icra edilən əməliyyatlardan bəziləridir.

-Göz əməliyyatı icra edənlərin yaş həddi barədə nə demək olar?

-Göz əməliyyatlarının heç də hamısı yaşlı xəstələr üçün deyil. Katarakta-el arasında "mirvari suyu" kimi tanınan xəstəlik adətən yaşlılar arasında çox rast gəlinir. Ancaq yaşlılarda refraktiv korreksiya məqsədilə icra olunan eksimer lazer əməliyyatlarının sayı gənclərdə kifayət qədər azdır. Həmçinin 35 yaşdan sonra irəliləməsi dayanan keratokonus xəstələrində "korneal kross linking" kimi əməliyyatlar icra olunmur. Yəni, əməliyyatın yaşlıya və cavan insana icrası xəstəliyin xarakterindən asılıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.