Cəmiyyət

Qəzetdən nə düzəltmək olar...

29 Aprel 2017 22:20
2 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəblərdə durum bəllidir. İbtidai sinifəcən birtəhər tədris olunan dərslər, beşinci sinifdən sonra çox vaxt boşuna məktəbə ayaq döyməkdən başqa bir şey olmur. Hamı hazırlığa gedir, hamı kursa gedir, hamı dərs oxuyur. Bircə məktəb dərs öyrənmək üçün daha yararlı olmayan bir məkana çevrilir...

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunlar çox vaxt adi, heç bir liseyliyi, pilotluğu olmayan məktəblərə aid edilir. Amma həqiqətdə isə ümumiyyətlə ölkə səviyyəsində hələ qeyri-adi nəticə göstərən, vunderkindlər yetişdirən heç bir təhsil müəssisəsi mən şəxsən hələ eşitməmişəm. Adi məktəblərə şagird qəbulu, adından göründüyü kimi, adi qaydada aparılır. Yəni nə imtahan, nə sual, nə də həyəcan. Gedib uşağın sənədini verirsən. Dərs başlayanda da uşaq çantasını çiyninə atıb, gedir məktəbə. Amma liseylər belə deyil. Liseyə imtahan verən hər bir uşaq və ailəsi elə bir həyəcan fırtınası yaşayır ki, sanki, bu uşaq dünyanın ən tanınmış ali məktəbinə imtahan verir. Söz yox ki, bura liseydir və rəhbərlik də istəyir ki, onun tədris müəssisəsində savadlı uşaqlar oxusun. Onun liseyi başqa məktəblərdən seçilsin və s. Amma bunun qaydası belə deyil axı. Ən azından təhsildə bizdən daha öndə olan ölkələrin təcrübəsindən istifadə etmək olar. Dünyanın özünə hörmət edən heç bir ölkəsində 6-7 yaşlı uşaqları məktəbə qəbul edərkən belə bir çətin imtahandan keçirtmirlər. Hər yaşın öz bilik dərəcəsi var. 6-7 yaşlı bir uşaqdan 35 yaşlı insanın məntiqini gözləmək olarmı?!
Sadə bir misal çəkim. Bu yaxınlarda liseylərdən birinə birinci sinif üçün qəbul imtahanının sınağı keçirilmişdir. İmtahanın özü yayda olacaq. Həmin bu sınaqda bir qrup müəllim birinci sinifə qəbul olmaq istəyən bir uşağa sual verib ki, qəzetdən nə düzəldərsən. Uşaq da cavab verib ki, gəmi düzəldərəm qoyaram suya üzər... 6-7 yaşlı bir uşağın verə biləcəyi ən gözəl cavab deyilmi? Bu uşaq daha necə cavab verməli idi ki, yarım əsrə yaxın yaşı olan bu komissiya üzvlərini razı salardı? Amma həmin bu komissiya üzvləri həmin cavabı qəbul etməyiblər. Deyiblər ki, sən deməliydin ki, mən qəzetdən papaq düzəldib başıma qoyaram, mən qəzeti stolun üstünə sərib, üstündə yemək yeyərdim. ..
Bu cavablardan hansı uşağa uyğun cavabdır? Əlbətdə ki, gəmi düzəltmək. Komissiyanın tələb etdiyi cavab isə tikinti fəhlələrinin düşüncəsinə daha uyğundur. Papaq düzəltmək və stolun üstünə sərib, üzərində yemək yemək...
Belə absurd təfəkkür tərzi ilə 6-7 yaşlı uşağın gələcəyinə mənfi təsir etmək nə dərəcədə doğrudur? Mənfi təsir deyəndə 6-7 yaşlı uşaqları bu cür çətin və mənasız suallarla çaşdırmaq və onları yersiz qorxudub həyəcanlandırmaq - bir uşağın həyatında təhsil haqqında ilk yaddaşın belə acı bir xatirə kimi həkk olması demək deyilmi? Bu, onun gələcək tədris həyatına mənfi təsir göstərməyəcəkmi?
Ölkədə mövcud olan təhsil müəssisələrinin yarısı heç nə öyrətmir, yarısı da bu cür çətin və mənasız suallar verir uşaqlara "belə dədəm vay, belə nənəm vay...".
Liseyə savadlı uşaq qəbul etmək istəyirsiniz - çox gözəl! Əgər 6-7 yaşll bir uşaq hərfləri tanıyırsa, yazıb-oxuya bilirsə, rəqəmləri tanıyır, toplama-çıxma edə bilirsə, rəngləri, fəsilləri tanıyırsa - deməli, yaxşı vəziyyətdədir. Daha o uşağa əndrabadi suallar verib, çaşdırmaqla hansı uğurlu nəticə əldə etmək olar və hansı işıqlı gələcəkdən dəm vurmaq olar?
Uğurlu gələcək həmin uşaqlarla gələcək! Öz ambisiyalarımıza görə, hansısa düşüncələrimizə görə, hansısa natamamlıq komplekslərimizə görə həmin körpə uşaqların gələcəyini qaraltmayaq və onların elmə, təhsilə olan maraqlarını öz hiyləgər suallarımızla öldürməyək...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.