Cəmiyyət

Azərbaycanda plastik əməliyyatların qiymətləri - Bizdə ucuzdur, yoxsa qonşularda?

27 Aprel 2017 13:48
18 Şərh     Baxış: 63 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Plastik cərrahiyyə son illər Azərbaycanda ən populyar sahələrdən birinə çevrilib. Əvvəllər xarici görünüşündə dəyişiklik arzulayanlar qonşu Türkiyəyə, eləcə də Avropaya üz tuturdularsa, yaxud da hər hansı klinika bu məqsədlə xaricdən mütəxəssis dəvət edirdisə, artıq vəziyyət dəyişib. Plastik cərrahiyyə üzrə ixtisaslaşan azərbaycanlı həkimlər bazarı tamamilə ələ almağı bacarıblar. Buna adekvat olaraq əməliyyat etdirənlərin sayı da gündən-günə çoxalır. Artıq insanların xarici görünüşlərində qəfil dəyişikliklər - rinoplastika (burunun korreksiyası), süd vəzlərinin böyüdülməsi və ya kiçidilməsi, dodlaqların şişirdilməsi, liposaksiya (piy sovurma əməliyyatı), abdominoplastika (qarın gərmə əməliyyatı) ətrafdakılarda təəccüb yaratmır. Bəs plastik əməliyyatların qiymətləri necə dəyişir? Bunu öyrənməyə çalışdıq.

Klinikalarla əlaqə saxlayıb xarici görünüşündə dəyişiklik etdirmək istəyənlərin daha çox müraciət etdikləri rinopalstika və süd vəzlərinin böyüdülməsi qiymətləri ilə maraqlandıq.

Baku Medical Plazadan bildirdilər ki, rinoplastika əməliyyatı 1400 manat təşkil edir. Bura müayinə xərcləri də daxildir. Süd vəzlərinin böyüdülməsi isə 3000 manata başa gəlir. 

Vital Klinikadan rinoplastika əməliyyatının 1300 manat olduğunu dedilər. Lakin bədənin digər üzvləri üzrə plastik əməliyyatın qiymətlərini açıqlamadılar. Bildirdilər ki, bunun üçün həkim xəstəni müayinə etməlidir. 

Xətai Estetik Klinikasından rinoplastika əməliyyatının 2000-2500, süd vəzlərinin böyüdülməsinin  3500 manat olduğu qeyd olundu.

Daha bir estetik əməliyyat reallaşdıran Medera Hospitalda rinoplastika 1800, süd vəzlərinin böyüdülməsi estetik əməliyyatının 4000 manat olduğunu öyrəndik.

HB Güven Klinikasından da plastik əməliyyatların qiymətlərinin müayinə və həkimlə individual söhbət əsasında təyin edildiy açıqlandı. Sorğu-sualdan məlum oldu ki, bu klinikanın həkimlərinin həyata keçirdikləri rinoplastika əməliyyatı 2 000 manatdan başlayır.   

Mərkəzi Gömrük Hospitalından burunun vəziyyətindən asılı olaraq qiymətlərin 1800-2600 manat arasında dəyişdiyi deyildi.

Modern Hospitalda rinoplastika əməliyyatı 1500 manat təşkil edir.

Məşhur estetik cərrah, kiçik burunların müəllifi Vaqif Qələndərlinin də əl işlərinin dəyərini öyrənməyə çalışdıq. Lakin cərrahın şəxsi klinikasından bildirildi ki, qiymətlər müayinədən sonra müəyyənləşir.

Həkimlər həmkarlarının səhvlərini baha düzəldirlər

Sorğularımız nəticəsində öyrəndik ki, xəstə ikinci dəfə estetik renoplastika etdirmək istəyirsə, qiymətlər dəyişir. Yəni bir həkim digər həmkarının "əl işini" ucuz əməliyyat etmir. Belə halda qiymət 3000-5000 manat arasında olur.

Bizdə plastik əməliyyat daha ucuzdur

Nəzərə çatdıraq ki, Azərbaycanda plastik əməliyyatların qiymətləri qonşu ölkələrlə müqayisədə ucuzdur. Məsələn, Rusiyada estetik rinoplastika - 120 000 (3672 manat), rinoplastika 160 000 (4896 manat), tam rinoplastika (burunun korreksiyası) 220 000 (6732 manat), ikinci rinoplastika 300 000 (9180 manat), travma nəticəsində rinoplastika 300 000 rubl (9180 manat) təşkil edir.

Dəyirmi implantlarla süd vəzlərinin böyüdülməsi 250 000 (7650 manat), süd vəzlərinin anatomik implantlarla böyüdülməsi 250 000 (7650 manat), ginekomastiya (kişilərdə süd vəzilərinin cərrahiyyəsi) 60 000 (1836 manat), süd vəzlərinin kiçidilməsi 320 000 rubldur (9792 manat).

Maraqlıdır ki, Türkiyədə də plastik əməliyyatların qiymətləri klinikaların veb səhfələrində göstərilmir. Müxtəlif jurnalist araşdırmalarına görə, estetik rinoplastikanın dəyəri 3000 -12000 tl (1419-5676) arasında dəyişir.   

Bildirək ki, Azərbaycanda plastik əməliyyatlara xərclənən vəsaitlərin az olmamasına, eləcə də əməliyyat etdirənlərin sayının gündən-günə artmasına baxmayaraq, rəsmi statistikada bu sahə səhiyyənin bir bölməsi kimi yer almır.

Halbuki, plastik cərrahiyyə hazırda dünyada milyardlarlarla dollar dövriyyəsi olan ayrıca sektor hesab edilir. Təkcə bir ildə 10 milyona yaxın insan plastik əməliyyat etdirir. Beynəlxalq Estetik Cərrahlar Birliyinin (ISAPS) 2015-ci il üzrə hesabatına görə, bir ildə 3,969,147 üz estetik əməliyyat reallaşdırılıb. 1,264,702 prosedur göz əməliyyatı, 730,287 prosedur rinoplastika  üzrə olub. 2015-ci ildə 758,590 abdominoplastika, 50,086 vaginal cavanlaşdırma, 1,394,588 liposaksiya, 2,790,138 süd vəzlərinin estetik əməliyyatı həyata keçirilib. Araşdırmalara əsasən, dünyada bu bazarın həcmi  illik 13-33% artır. Yaxın üç ildə dövriyyənin 240 milyard dollara çatacağı gözlənilir. Lakin bir məqamı da vurğulayaq ki, hələ də qeyri-cərrahi prosedurların sayı çoxluq təşkil edir. Dünyada 21,696,671 qeyri-cərrahi estetik prosedur reallaşdırılıb.  

Tibbi turizmdə estetik cərrahiyyənin rolu

Azərbaycanda plastik cərrahiyyənin qonşu dövlətlərlə müqayisədə ucuz olması tibbi turizmin məhz bu seqment üzrə inkişafını da şərtləndirə bilər. Ancaq sorğularımız göstərdi ki, plastik əməliyyat üçün müraciət edənlər, əsasən, yerli vətəndaşlardır.  

Qeyd edək ki, hazırda bir çox ölkələr turistlərin diqqətini plastik cərahiyyə ilə də cəlb etməyə çalışırlar. Bir zamanlar Meksika, Braziliya bu sahədə ilk yeri tutsa da, son illər Dubay və Tayland liderliyi ələ alıb. Sonuncular təkcə 2013-cü ildə xaricilərin istifadə etdikləri tibbi xidmətlərdən (bunların tərkibində estetik cərahiyyə 1-ci planda yer alır) 4,3 milyard dollar qazanıblar.

Dünyada ən çox plastik əməliyyat reallaşdırılan ölkələr

Məlumat üçün bildirək ki, plastik əməliyyatların daha çox reallaşdırıldığı ölkələrin siyahısına ABŞ rəhbərlik edir. Məsələn, 2012-ci ildə amerikalı cərrahlar 1.688.694 plastik əməliyyat həyata keçiriblər. Əməliyyatlar, əsasən, süd vəzlərinin böyüdülməsi, liposaksiya  olub. Ümumiyyətlə, plastik cərrah bu  ölkədə ən məşhur və yüksək ödənişli peşə sahibi hesab edilir. Orta aylıq əmək haqqları təxminən 150 min dollardır.

İkinci sırada Braziliya gəlir. Statistikaya əsasən, hər gün ölkədə 2 min plastik əməliyyat reallaşdırılır. Maraqlıdır ki, 90-cı illərdə Braziliyada daha çox süd vəzlərinin kiçildilməsi həyata keçirildisə, 2000-ci ildən əks proses başlayıb. Hətta bu ölkədə süd vəzlərinin estetik  əməliyyatı o qədər ucuzdur ki, lipoturizmin inkişafına gətirib çıxarıb.

Meksikada da plastik əməliyyat ucuz prosedur olduğundan əməliyyat üçün müraciət edənlər çoxdur. İtaliya isə siyahının dördüncüsüdür. Burada həkimlər xəstə ilə müqavilə imzalamadan əməliyyata girmirlər. Yeri gəlmişkən, İtaliyada qiymətlər bahadır. 

Plastik cərrahiyyənin yaranma tarixi son 15 ilə dayanan Çin beşinci sıradadır. Ölkə estetik əməliyyatlardan  illik milyard dollar gəlir əldə edir. Çin tibb turizmi də inkişaf etdirib. Bu çərçivədə ölkədə 20 min plastik cərrahiyə  üzrə ixtisaslaşmış xəstəxana yaradılıb. Çin həkimləri il ərzində 3 milyon plastik əməliyyat reallaşdırırlar.

Ölkələr üzrə plastik əməliyyatların növləri də təsnifləşdirilib. Məsələn, Asiyada daha çox burun əməliyyatı, Amerika, Meksika, Avropada isə, əsasən, süd vəzlərinin əməliyyatı geniş yayılıb.

Leyla Əliyeva
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.