Cəmiyyət

Ərlə arvadın sirrini açmaq

22 Aprel 2017 23:50
1 Şərh     Baxış: 2 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evlilik iki vücudun və iki qəlbin birləşməsidir. Bu addımı atıb həyatlarını birləşdirməyə qərar verən insanlar böyük bir məsuliyyəti öz üzərilərinə götürüblər. Bu da onların bir ömür boyu hansı zamanda və hansı şəraitdə olmalarından asılı olmayaraq, Uca Allahın buyurduğu kimi bir-birilərinə qarşı libas, örtük kimi yaxın olmaları deməkdir. Libas vücuda necə ən yaxın olandırsa, eləcə də qadın ərinə və ər də qadınına yaxın olmalıdır. Necə ki, libas insanın bütün gözəlliyini və eyni zamanda qüsurlarını gizləyir, kişi və qadın da bir-birinin özəlliklərini, nöqsanlarını başqalarının bilməsindən qorumalıdır. Bundan başqa, libas vücudu qızmar günəşin yandırıcı, zərərli şüalarından necə müdafiə edirsə, eləcə də onlar bir-birini cəhənnəmin odundan, yandırıcı əzabından qorumalıdır. Uca Allahın buyurduğu kimi "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" ("Təhrim" surəsi, 6).

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, arvad əri, ər də arvadı üçün cəhənnəmdən qorunmağa qarşı bir sipər rolunu oynamalıdır. Həmçinin, libas insanı cismən soyuqdan qoruduğu kimi, bu cütlük də bir-birini tənhalığın, sevgisizliyin, biganəliyin soyuq nəfəsini hiss etməkdən və depressiyalara düşməkdən qorumalıdır. Çünki hər kəs öz həyat yoldaşını özü ilə bir əmanət olaraq daşıyır.

Ən əsası, libas vücudu gizlədiyi kimi, kişi və qadın da bir-birinin sirlərini qorumalı və başqalarından gizləməlidir.

Demək ki, Uca Allah Quranda ər və arvad haqqında "libas" kəlməsini işlətməklə həm onların bir-birinə ən yaxın kəslər olduğunu bəyan edir, həm də bir-birlərinin nöqsan və eyiblərini insanı istidən, soyuqdan, məhrəm olan gözdən qoruyan, onun ayıblarını örtən, həm də hər zaman zinəti, yaraşığı hesab etdiyi libası kimi ört-basdır etmələrini buyurur. Və əlbəttə ki, ən doğrusunu da Allah bilir.

Peyğəmbər (s) hər kəsi bu əməldən çəkindirib. Bəs Rəsulullahın (s) pislədiyi bu əməlin-qadınla kişinin arasındakı sirri açmağın fəsadları nə ola bilər?

Əvvəla, bütün müsəlmanların, eləcə də, ərlə arvadın sirri bir-birinə əmanətdir. Əmanətə xəyanətsə münafiqliyin əlamətidir. Ərinin sirrini açan qadın və ya xanımının sirrini yayan kişi ona bunu hansı üzlə etiraf edib halallıq istəyə biləcək?

Ümumiyyətlə, halallıq tələb olunan günahları etməzdən öncə mütləq düşünməliyik - halalığı necə alacağam? Axı, bu növ günahlara tövbə belə kifayət etmir. Həm də tövbə bir peşmançılıq əlaməti olmaqla bu günaha bir daha qayıtmamaq deməkdir. Bu isə halallaşmanın məsuliyyətindən bizi xilas etmir.

İkincisi, haqqında danışılan söhbəti öyrənən qadın və ya ər bu söhbətdən sonra yaranmış soyuq münasibətlərdən yox olan səmimiyyəti, etibarı necə geri qaytara və ya necə bərpa edə bilər?

Üstəlik bu, dünənə qədər möhkəm hesab etdiyi, onu qarşı bağlayan tellərin qırılmasına, ona bəslədiyi hisslərin sönüb-getməsinə, psixoloji sarsıntılara və ümumiyyətlə, öz həyatına olan marağının itməsinə aparıb çıxarmayacaqmı?

Üçüncüsü, yanında başqasının xanımının və ya ərinin sirri açılan, özəlliyi; nazı, işvəsi, çəkisi, görkəmi təqdim olunan, gizli məqamları üzə çıxaran söhbətlər günahkar nəfsdə ona qarşı (maraq) iştiyaqın yaranmasına səbəb ola bilər, ona çatmaq istər. Nə yolla olursa-olsun, onu yaxından görmək istər, başqasının məhrəminə nəfsi keçər, nəfsi də onu yüyənsiz at kimi hansı səmtə istəsə aparar. Ərinin və ya xanımının sirrini yayan şəxs, beləcə, hər üçünü fəlakətə sürüklər, uçuruma təslim edər.

Hələ bu sirri yaymanın həsədçinin həsəd aparmasına, bədnəzərin nəzər obyektinə çevrilməsinə səbəb olmasından dolayı yaranan fəsadları demirik.

İslamın qətiyyətlə pislədiyi günahlardan biri də ərlə arvadın yaxınlıq etdikdən sonra sirlərini açmalarıdır. Peyğəmbər (s) buyurub: "Qiyamət günü Allah dərgahında insanların ən şərliləri qadını ilə yaxınlıq etdikdən sonra, sirrini başqasının yanında danışandır" (Səhih Muslim 3615).

Uca Allah buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir. Əməlisaleh qadınlar itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah Ucadır, Böyükdür!" ("Nisə" surəsi, 34).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.