Cəmiyyət

"Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti" müzakirə edildi

21 Aprel 2017 16:14
0 Şərh     Baxış: 1 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında "Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti" başlıqlı tədbir keçirildi. Tədbirdə eyni zamanda "Azərbaycan Milli Kimliyi" kitabının təqdimatı oldu.

Milli.Az xəbər verir ki, "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü bildirdi ki, 12 yaşını tamamlayan təşkilatın fəaliyyətinin böyük bir qismi milli kimlik mövzusunun araşdırılmasına həsr olunub. O, deyib ki, cəmiyyətdə milli-mənəvi dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə, soykökümüzə qarşı olan hücumlar mövzunun bu gün üçün də çox aktual olduğunu göstərir. M.Göyüşlü 2013-cü ildə "Milli-Mənəvi Dəyərlər və Milli Kimlik" layihəsini icra etdiklərini, yekunda "Azərbaycan Milli Kimliyi" kitabını ərsəyə gətirdiklərini vurğuladı. O, kitabdakı məqalələrdən bəhs etdi. M.Göyüşlü müəyyən nöqsanlara baxmayaraq ortaya qoyulmuş bu nəşrlə ciddi nəticə əldə etdiklərini açıqladı. O, bundan sonra da bu istiqamətdə geniş çalışmalar həyata keçirmək niyyətində olduqlarını dedi. Çıxışçı bu mövzuya həsr olunmuş ayrıca bir saytın yaradılmasını nəzərdə tutuduqlarını dedi. Onun sözlərinə görə təşkilatın tərkibində fəlsəfə doktoru Aqil Eyvazovun rəhbərliyi altında "Milli Kimlik" Araşdırma Mərkəzinin yaradılıb. M.Göyüşlü həmin mərkəzin təşkilatçılığı ilə müzakirələrin ictimai, elmi, ideoloji istiqamətdə olacağını vurğuladı. Çıxışçı eyni zamanda bu istiqamətdə çalışan dövlət qurumlarına da yaxından kömək etməyə hazır olduqlarını söylədi.

"Azərbaycan Milli Kimliyi" kitabında Nadir şah Əfşarla bağlı məqalənin müəllifi, AMEA Tarix İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Hacı Həsənov akademik İqrar Əliyev haqqında müsbət fikirlər söylədi. O, Nadir şah Əfşarın timsalında nümunə göstərərərk insanlarımızın əksər tarixi şəxsiyyətlərimizi tanımamasını təəssüflə qeyd etdi. H.Həsənov məhz bu səbəbdən təklif edib ki, milli kimlik mövzusunda daha geniş müzakirələr aparılsın. Tarixçi milli məsələlərdə, dövlətçilik istiqamətində geniş fəaliyyətin tərəfdarı olduğunu açıqladı.

"Azərbaycan Milli Kimliyi" kitabında ümummilli lider Heydər Əliyevlə bağlı məqalənin müəllifi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Yusif Alıyev milli kimliyimizə kənardan çox müdaxilələr olduğunu söylədi. Onun sözlərinə görə nəşrdə ziyalıların milli kimliyimizə baxışı əks olunub. O, bildirib ki, Heydər Əliyevlə bağlı məqaləni hazırlayarkən arxivlərdə çox maraqlı faktlarla rastlaşıb və bunları məqalədə əks etdirib. Y.Alıyev ümummilli liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıb.

"Azərbaycan Milli Kimliyi" kitabında Şirvanşahlar haqqında məqalənin müəllifi, AMEA Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli bildirdi ki, Azərbaycan tarixini qalib dövlətlər yazdığı üçün milli kimlik məsələsinə ciddi zərbə vuruldu. Avropalının öz dini kitablarını təhqir etmədiyini diqqətə çatdıran D.Əzimli bizdə dini kitabın, o cümlədən tarixi şəxsiyyətlərimizin, dəyərlərimizin təhqir edilməsindən narazılığını büruzə verdi. O, tarixi və coğrafi təfəkkürün milli kimlikdə birləşdiyini söylədi. Tarixçi, Şirvanşahların dini həyatından bəhs edərək dini tolerantlığın yüksək səviyyədə təmin olunduğunu açıqladı. O, milli kimlik mövzusunun davam etdirilməsinin tərəfdarı kimi çıxış etdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli bildirdi ki, bu cür müzakirələrin daha müntəzəm şəkildə keçirilməsinin tərəfdarıdır. Y.Məmmədli multikulturalizm haqqında danışaraq təmsil etdiyi qurumun gördüyü işlərdən bəhs etdi. O, azərbaycançılıq, azərbaycanlı kimi anlayışlarından söz açdı. Çıxışçı azərbaycanlı anlayışının Azərbaycanda yaşayan hər kəsi birləşdirdiyini vurğuladı və bunun reallaşdırılmasında Heydər Əliyevin rolundan bəhs etdi. Y.Məmmədli Multikulturalizm Mərkəzinin hazırladığı "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı haqqında danışdı.

"Azərbaycan Milli Kimliyi" kitabındakı Azərbaycan ziyalılarının Rusiya müsəlmanlarının birliyi ilə bağlı gördüyü işlərlə bağlı məqalənin müəllifi, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu bildirdi ki, gələcəkdə nəzəri araşdırmalardan ibarət vahid bir kitab hazırlanmalıdır. Dünyada bu istiqamətdə çoxsaylı araşdırmaların aparıldığını deyən Y.Qaraqoyunlu qeyd etdi ki, milli kimliyi təşkil edən ünsürlər sistemli şəkildə işlənməlidir. O, təklif etdi ki, gələcəkdə həmin araşdırmanın hər fəsli bir araşdırmaçı tərəfindən işlənilsin: "Məsələn, "Milli kimlik və mədəniyyət", "Milli kimlik və dil" və s. istiqamətdə çalışmalar aparılmalıdır".

"Azərbaycan Milli Kimliyi" kitabında Babəklə bağlı məqalənin müəllifi, "Oğuz" müstəqil araşdırmaçılar qrupunun üzvü Ceyhun Bayramlı bildirdi ki, türk xalqları lokal milli təşəkkül tapmadıqca birlik qurmaq imkanları çətin olacaq. O, sovet imperiyasının milli kimliyimizə vurduğu zərbələrdən danışdı. C.Bayramlı azərbaycançılıq və türklük məsələlərinin bir-birinə qarşı qoulmasına etiraz edərək bunun məqsədli şəkildə həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə etnik kimlik, dini kimlik, vətən kimliyi birləşərək milli kimliyi təşkil edir: "Burada milli-mənəvi dəyərlər mühüm amil təşkil edir". C.Bayramlı hesab edir ki, şəxsiyyətlərin deyil ideyaların müzakirəsinə üstünlük vermək lazımdır. C.Bayramlı kitabda Babəki hökmdar kimi təqdim etdiyini və bununla bağlı bir sıra faktları əks etdirdiyini dedi.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, iş adamı Arzuman Abdulkərimov bildirdi ki, ilk dəfə 1987-1988-ci illərdə milli kimliklə, soykökümüzlə bağlı məsələlərlə maraqlanıb. O, daim türk-islam dəyərlərinə üstünlük verdiyini vurğuladı. A.Abdulkərimov görülən işlərin geniş şəkildə təqdim edilməsinə ehtiyac olduğunu qeyd etdi. O, türklüyə qarşı son dövrlərdə edilən hücumlardan narazılığını gizlətməyərək bunları qanyıb.

"Birlik" jurnalının redaktoru İlqar İlkin türklüklə bağlı gördükləri işlərdən danışaraq bu istiqamətdə sıxıntı yaşamadıqlarını açıqladı. O, Gürcüstanda qarapapaq türkləri adı altında görülən çalışmalardan narazılığını dilə gətirdi. İ.İlkin Gürcüstanda azərbaycanlılarla bağlı görülən bir sıra işlərdən də bəhs edib. Redaktor tarixi şəxsiyyətlərimizə olan münasibətdən bəhs edərək onları daha çox təbliğ etməli olduğumuzu vurğuladı.

Türkiyənin Karabük Universitetinin dosenti Ali Asker bildirdi ki, türklük məsələsi, türklərin problemi dünyanın hər yerində aktual bir mövzudur. O, Türkiyədə məzhəb və din amilinin türklüyə qarşı qoyulmasının yaratdığı çətinliklərdən bəhs etdi. O, milli kimliyin, türklüyün genetik mövzu olmasından daha çox bir ruh məsələsi olduğunu qeyd etdi. A.Asker Gürcüstandakı türklərlə bağlı həyata keçirdikləri araşdırmalardan, nəşr etdikləri kitabdan danışdı. O, Gürcüstanda demokratikləşmə prosesinin getdiyini, lakin bunun altında eyni zamanda gürcü millətçiliyinin olduğunu söylədi.

Tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov bildirdi ki, millətin, dövlətin öz kökünü quracağı dörd əsas sütun var: "Bunlar tarix, mədəniyyət, dil-ədəbiyyat, inancdır. Bunları bir-birinə qarşı qoymaq düzgün deyil. Bu gün minlərlə əsgərimiz var, amma Mübariz İbrahimov olması üçün dördüncü ayaqdan qidalanma olmalıdır".

Sosioloq Əhməd Qəşəmoğlu türklüyü islam dini olmadan təsəvvür etmədiyini açıqladı. O, sufizmdən bəhs edərək bu istiqamətdə konkret misallar çəkdi: "Həyatda imanla idrak yanaşı olmalıdır. İman idraksız olanda cəhalət baş verir, idrakın yanından iman çəkiləndə vəhşilik başlayır. Bunlar bir-birini tamamlayanda ahəng yaranır".

Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli elmi çalışmalarla yanaşı tariximizi, tarixi şəxsiyyətlərimizi geniş kütləyə sevdirmək üçün təkliflərlə çıxış etdi.

"Milli Kimlik" Araşdırma Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Aqil Eyvazov gələcək fəaliyyətlərdən bəhs etdi. O, tarixi şəxsiyyətlərimizi, tariximizi geniş kütləyə sevdirməyə çalışacaqlarını, bu istiqamətdə çalışmalar həyata keçirəcəklərini vurğuladı. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.