Cəmiyyət

"Forum Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitədir"

17 Aprel 2017 21:17
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın müxtəlif ölkələrində Qafqaz problemi fərqli aspektlərdən öyrənilir. Ancaq burada bir sistemsizlik, pərakəndəlik var. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Bakıda Qafqazşünasların I Beynəlxalq Forumunun keşirilməsinin məqsədi dünyanın müxtəlif ölkələrində Qafqaz mövzusu, problemi ilə məşğul olan alimlərin əlaqələrini yenidən formalaşdırmaq və möhkəmləndirməkdir. Məqsəd həm də bu mövzuda yazan alimlərin AMEA-nın Qafqazşünaslıq İnstitutunda koordinasiyasını aparmaq, onların gələcəkdə birgə elmi fəaliyyətləri zamanı işlərinin əlaqələndirilməsinə imkan yaratmaqdır. Forum Azərbaycan reallıqlarını və süni erməni yalanlarını dünya ictimaiyyətinə çatdırmaq, Qafqazı real elmi əsaslarla sistemli şəkildə öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. O, həmçinin Azərbaycan elminin dünya elmi ilə əlaqələrinin və Qafqaz haqqında düşüncənin miqyasının genişləndirilməsinə özünün sanballı töhfələrini verəcək.

Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli söyləyib.

Akademik bildirib ki, Qafqazın tarixi, multikultural dəyərləri, dinlərarası dialoq kimi məsələlərlə birgə Qafqazdakı münaqişələrin öyrənilməsi də konfransın diqqət mərkəzindədir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər. Elm burada çağırışlarını meydana qoymalı və öz töhfəsini verməlidir. Forumda bu istiqamətdə də müzakirələr aparılacaq.

Akademik İ.Həbibbəyli Qafqazdakı münaqişələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xüsusi yer tutduğunu söyləyib, və dünya alimlərinə də mənfur qonşularımızın "Böyük Ermənistan" xülyalarını irəli sürmək məsələlərinin məlum olduğunu bildirib. Qeyd edib ki, indi dünya elmi "Böyük Ermənistan" yoxsa "Qafqaz Evi" kimi iki dilemma qaşısında qalıb. Forumda bütün bu kimi məsələlər geniş müzakirə olunacaq.

AMEA-nın vitse-prezidenti beynəlxalq tədbir çərçivəsində akademiyanın Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu arasında ikitərəfli elmi əməkdaşlığa dair imzalanan niyyət memorandumlarının xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Akademik bildirib ki, tədbir çərçivəsində uydurma erməni soyqırımı məsələsinə də aydınlıq gətiriləcək. Çünki bu, Qafqazdakı bir çox hadisələrə təsir edir, müxtəlif xalqları əhatə edir. Bir əsrdən artıq Qafqazda işğalçılıq, soyqırımı siyasəti həyata keçirən Ermənistan tərəfi bu məsələləri cəmiyyətə yanlış, öz maraqlarına uyğun şəkildə çatdırır. Buna görə də forumda dünyanın müxtəlif ölkələrindən çoxlu tanınmış elm adamlarının iştirak etdiklərini nəzərə alaraq AMEA-nın hazırladığı "Soyqırımı həqiqətləri" kitabı təqdim edildi. Kitabda Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, İsrail, Gürcüstan, Özbəkistandan olan alim və tədqiqatçıların erməni terror təşkilatlarının, daşnak Ermənistanın, mənfur qonşularımızın azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri kütləvi qırğınlardan və soyqırımılarından bəhs edən rus və ingilis dillərində məqalələri toplanıb. Kitabın ingilis dilində nəşr olunması isə dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılmasında böyük vasitə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.