Cəmiyyət

Avara indi kimdir görəsən?

20 Aprel 2017 12:58
1 Şərh     Baxış: 1 116

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin "Feysbukda olanların hamısı avara adamlardı" fikri sosial şəbəkələrdə geniş müzakirə mövzusunu çevrilib.

Açığı, mən Araz Əlizadəni ciddi siyasi fiqur kimi, ziyalı kimi qəbul etmirəm. Eyni zamanda, təzadlı fikirləri, mənasız açıqlamaları ilə xatırlanan adamı ciddiyə almaq, onunla polemikaya girmək doğru olmazdı. Sadəcə, dünən bu məsələyə məndən münasibət öyrənmək istəyən dəyərli həmkarlarımın israrından sonra Araz Əlizadəyə mahiyyətinə uyğun cavab verdim. Əsl həngamə də bundan sonra başladı. Araz müəllimin "avara" hesab etdiyi adamlar böyük coşquyla məni təqdir etdi, ünvanıma çoxlu təqdir mesajları gəldi. Deyəsən, çoxlarının demək istəyib, deməyə fürsət tapmadığı fikirləri dilə gətirmişdim. Fikirlərimdə qalıram: Araz Əlizadə olduqca avara, bivec adamdır.

Siyasi arenadakı uğursuzluğunu, bu şəkildə hay-küylü, qalmaqallı sərsəmləmələrlə kompensasiya etməyə çalışır. Üç-beş nəfərin toplaşdığı partiyada sədrlik edən Araz Əlizadə ranqında siyasətçilərimiz kifayət qədərdir. Onlar hamılıqla özlərini biabır etməklə, qınaq hədəfinə çevirməklə məşğuldurlar. Ümumiyyətlə, bu yaş kateqoriyasında olan "ziyalılarımız", "alimlərimiz", "siyasətçilərimiz" kifayət qədər hazırlıqsız, müasir texnologiyalar, internet, sosial şəbəkələr qarşısında acizdirlər. Bu acizliklərini etiraf etməkdənsə, sosial şəbəkələri qınaq hədəfinə çevirməklə, sosial şəbəkələrdən fəal və düzgün şəkildə istifadə edənləri qınamaqla məşğuldurlar.

Araz Əlizadə sosial şəbəkə istifadəçilərini nə üçün avara hesab edir?

Çünki onunla eyni yaş qrupunda olan əksər insanlar, həqiqətən, sosial şəbəkələrdə avaralanır, ağızlarının suyunu axıdırlar. Məsələn, bir neçə ay öncə tanınmış alimlərimizdən, kifayət qədər samballı vəzifədə işləmiş, ağsaqqal ziyalılarımızdan biri elə Feysbuk-da gənc xanım həmkarımıza çox iyrənc şəkildə "padxod" eləmişdi. Həmin "ziyalını" tanımayan həmkarımız isə onun yazdıqlarını fotosu ilə birlikdə sosial şəbəkədə paylaşıb, "ağsaqqalımızı" qınamışdı. Paylaşımı, həmin o professorun gənc xanıma yazdıqlarını görəndə əlim-ayağım boşaldı. Bu yaşda, bu nüfuzda adam niyə nəvəsi yaşında gənc xanıma belə iyrənc şeylər yazmalıdır?  

İcazənizlə izah edim. Sosial şəbəkələrin mahiyyətindən xəbərdar olmayan bu tip qocaman ziyalılar, siyasətçilər, şairlər, ictimai xadimlər özlərini tez dolaşdırırlar. Müasir texnologiyadan, onun imkanlarından düzgün istifadə edə bilmədikləri üçün, tez "tələyə düşürlər". Bəziləri Feysbuk-u çayxana, bəziləri priton, bəziləri oyun konsolu kimi görür. Əslində, isə Feysbuk sosial şəbəkədir və bu və digər sosial şəbəkələrdən düzgün istifadə etmək uğurun açarıdır. Dünyada və ölkəmizdə sosial şəbəkələrdən uğurla istifadə edən, insanların sevimlisinə çevrilməyi bacaran siyasətçilər, ictimai fəallar, ictimai çəkisi olan şəxslər kifayət qədərdir. Mənim dostluğumda dövlət məmurları, eks nazirlər, tanınmış ictimai-siyasi şəxsiyyətlər, şairlər, yazıçılar, millət vəkilləri, media rəhbərləri, alimlər, din xadimləri, ilahiyyatçılar var. Heç biri də avaralanmır. Hər kəs çalışdığı sahəyə aid olan fikirlər paylaşır, insanlar üçün maraqlı fikirlər yazır, tez-tez dəyişən gündəmi təqib edir, maraqlı görünməyə, faydalı olmağa çalışır. Hələ insanlara yardım edən, onların problemlərinə diqqətlə yanaşanlar, bəzən çox ciddi problemləri elə Feysbuk-dan görüb, həllinə yardım edənlər var.

Avaralananlar Araz Əlizadə mahiyyətdə, onunla eyni dünya görüşünü paylaşan adamlardır və çox dar çevrədə gəvəzəlik edirlər. Araz Əlizadənin avara hesab etdiyi adamlar onun çevrəsində olan, onunla eyni zehniyyətdə olan insanlardır.

Sosial şəbəkələrdən düzgün istifadə edə bilməyənlərin, sosial şəbəkədə biabır olanların başqalarını qınaması absurddur. Məncə, Araz Əlizadə əvvəlcə özünə kənardan baxmağı bacarmalıdır. Faydalı insan olmaq üçün elə də çox vaxtı qalmayıb. İnsanların yaddaşında bivec, bacarıqsız, avara siyasətçi kimi qalmamaq üçün hələ də şansının olduğunu düşünürəm. Heç uzağa getməsin, qardaşı Zərdüşt Əlizadədən örnək götürsün. Zərdüşt Əlizadə də uğursuz siyasi fiqurdur. Amma o siyasətdəki uğursuzluğunu başqa sahələrdə kompensasiya etməyi bacarır. Məsələn, tərcüməçilik fəaliyyəti ilə.

Avaraçılıqdan bir şey çıxmaz, Araz Əlizadə. Məncə, özünüzü toparlayıb, ciddi işlər görməyə tələsməlisiniz...

Cəlil Cavanşir
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Robert05 · 20 Aprel 13:3900

    Men her şeyi başa düşdüm ama baçqa bir terrefden baxmaq isteyirem bunun Azerbaycan xalqina Türk milletine hörmeti olduqunu başa düşdüm bunun öz yaxinlarina qohum eqrabalarinadami hörmetidemi qalmayibki?A.Elizadenin yaxinlarindan,qohum eqrabalarindan sosial şebekelerden ola bilmezki istifade eden olmasin onlardami avaradir?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.