Cəmiyyət

Jurnalist xəstəxanadan şikayətçidir

27 Mart 2017 19:27
7 Şərh     Baxış: 1 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist Tahirə Məmmədqızı xəstəxanadan şikayətçidir.
Milli.Az sherg.az-a istinadən jurnalistin başına gələn hadisəni təqdim edir:

"Azərbaycan səhiyyəsi əslində heç vaxt biz vətəndaşları təəccübləndirməyib. Elə dünən gecə yaşadığımız stressdən sonra bir daha səhiyyəmizin acınacaqlı və dözülməz durumunun bir daha şahidi olduq.

Deməli, ötən gün gecə saat 02 radələrində bacımın 6 aylıq körpəsini dövlət xəstəxanası olan 2 saylı Qarayev adına Uşaq Xəstəxanasına aparmağa məcbur qaldıq. Uşağın qulağında pambıq qaldığından, ev şəraitində müdaxilə edə bilmədik. Qısası, həmin xəstəxanada Jalə Hümmətli adlı lor həkimi və onunla gecə növbəsində çalışan tibb bacısı körpəni müayinə etməyə başladılar. Yarım saat uşağın qulağını su ilə yumağa çalışsalar da, balaca pambıq parçasını körpənin qulağından çıxara bilmədilər. Jalə həkimin çox gənc, eyni zamanda təcrübəsizliyi əslində açıq şəkildə görünürdü. 

Qulaqda qalan pambıq parçası çıxarılmadı. Ən azı biz bunun gözümüzlə şahidi ola bilmədik. Otaqdan çıxanda həkimin masasına az miqdarda pul qoyub təşəkkür etdik ki, evdən tələsik çıxmışıq. Dəhlizə çıxanda həkimin həmin anda vəkili rolunun oynayan tibb bacısı üstümüzə gəldi ki, siz həkimə bu məbləği verəndə utanmadınızmı? Gecə yarı xəstəxanaya gəlib həkimi də, məni də narahat edirsiniz, bu nə puldur verirsiniz? Həkim xanım da deyinə - deyinə qalmışdı. Bildirəndə ki, xanım evdən tələsik çıxmışıq, bir də bura dövlət xəstəxanasıdır, hansı ixtiyarla xəstədən pul tələb edirsiniz? Bildirdilər ki, nə olsun dövlət xəstəxanasıdır? Gecə saat 2-də həkimə gələndə bilmirsiniz ki, pul verilməlidir? Körpənin ağlamasına görə birtəhər maşına oturduq. Həkimin verdiyi kağızda telefon nömrəsi qeyd olunduğundan, Jalə xanıma telefon açdıq. Söylədik ki, Jalə xanım nə vaxtdan dövlət xəstəxanasında gecə saat 1- dən sonra xəstələrdən pul tələb olunur? Mənim pulum yoxdursa, demək xəstə uşağı müayinə etməyəcəksiniz? Jalə həkim heç bir həkim etikasını nəzərə almadan "Dövlət xəstəxanası olanda həkimə pul verilməməlidir ki? Özəl klinikaya getsəydiniz, havayı müayinə edərdilər körpənizi?" 
deyərək özünə bir də haqq qazandırdı. 

Mətbuat nümayəndəsi olduğumu da xanımın diqqətinə çatdırdıq. Bildirdik ki, dövlət xətəxanasında yaşayan bu gecəki xoşagəlməz olay barədə Səhiyyə Nazirliynə məlumat verərik. Jalə həkim isə çox rahat şəkildə, "Kimə şikayət edirsiniz, gedin şikayətinizi bildirin, mənim heç kimdən çəkinəcəyim yoxdur" dedi. Cavan həkimin bu qədər rahat şəkildə rüşvət tələb etməsi və üstəgəl, "kimsədən çəkinmirəm, gedin hara şikayət edirsiniz edin", deməsi həm təəsüf, həm də sual doğurur. Gənc həkim rüşmət almağı azmış kimi çəkinmədən də hərəkətinə bəraət qazandıranda görəsən, kimə, nəyə güvənirdi? Dövlət xəstəxanasında bildiyimiz qədər vətəndaşların müayinə üçün heç bir həkim və tibb personalı pul tələb edə bilməz. Bu nə cəsarətdir? Bu qədər rahat şəkildə səhiyyə sahəsində bu gənc həkim kimə arxalanır?

Bu xoşagəlməz insidentlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etdik. Qısa müddətdə 2 saylı xəstəxananın baş həkiminə olay barədə məlumat verilib. Xəstəxanadan bildirilib ki, H.Jalə adlı həkim əslində xəstəxanın rəsmi həkimi deyil. Bu gənc xanım hələ Tibb universitetinin rezidentidir. Və qısa zamanda xəstəxana J.Hümmətli ilə bağlı lazımı ölçü götürəcək.

Təsəvvür edirsinizmi, hələ bu gənc xanıma həkim diplomu verilməyib. Təcrübə dövründə əlinə düşən ilk fürsətdən bu qədər çirkin şəkildə istifadə edən J.Hümmətli görən diplomu əlinə alandan sonra xəstələrlə necə davranacaq? Sizcə, belə həkimə insan taleyini etibar etmək olarmı? Xəstəyə insan olaraq deyil, gəlir mənbəyi kimi baxan gələcəyin həkimindən sizcə, nə gözləyə bilərik? Deməli, bir bu gənc xanım, sabah diplomlu həkim kimi harada çalışsa, fəaliyyəti ancaq insanları soymaq, rüşvət almaq, insan taleyi ilə oynamaq olacaq? Görəsən, Tibb universitetində Hippokrat andını içəndə həkimlərə bu andın nə qədər müqəddəs və məsuliyyətli olduğunu xatırlatmırlarmı?

Allah heç kimi xəstəxanalıq etməsin. Bizim "şəfa verən" həkimlərimiz, hər mənada "can" almağı da bacarırlar... Onsuz da, sosial şəraitin ağır olduğu dönəmdə bilmirsən, içindəki yanğıyla əlini xəstənin və öz ürəyinin üstündə olsun, yoxsa ki, cibində..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.