Cəmiyyət

Bakıda Novruz pərişanlığı: yaxşı ki, zurnaçılar vardı... - VİDEO

23 Mart 2017 13:14
6 Şərh     Baxış: 4 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baba, pəs bu sənətçilər hanı? Hanı Mənsum, hanı aşıq Zülfiyyə?! Pəs biz Ərdəbildən gəldux ki, burada onları dinləyax, onlar yox, səhnədəki şəşibçilər kim?!

Yanımda durmuş güneyli qonağım başını bulayaraq danışırdı. Şikayətlənirdi.

O, yüzlərlə, minlərlə İran vətəndaşı təki Novruzu Azərbaycanda qeyd etmək üçün ölkəmizə gələnlərdən biri idi.

Bakıda, İçərişəhərdə Novruz Festivalı davam edir. Martın 27-dək sənətçilər səhnəyə çıxacaqlar, şəhər sakinləri və qonaqlara məharətlərini göstərəcəklər.

Di gəl, Bakıdakı Novruz Festivalında, Sabir bağının yaxınlığındakı səhnəyə, habelə İçərişəhərdə qurulmuş səhnədə yer alanların seçimi, müəyyənləşdirilməsi ilə kim və necə məşğul olub?

Bunu, sözün açığı, bilmirəm.

Bildiyim isə gördüklərimdir ki, o görüntüləri, mənzərələri də heç yaxşı adlandırmaq olmur.

Çünki dünən Sabir bağında və İçərişəhərdə səhnəyə çıxanların tam, hətta total əksəriyyəti az tanınan ifaçılardı.

Azərbaycanın xalq və əməkdar artistləri, tanınmış aşıqlar, xanəndələr, muğam ifaçıları, rəqqaslar gözə dəymədi.

Əvəzində səhnəyə çıxanlar çox aşağı səviyyəli, zövqsüz mahnılar ifa etdilər.

İş o yerə çatdı ki, İrandan gəlmiş turistlər dilə gəldilər, şikayətləndilər, "Bu, nədir belə?! Kimdir bu adamlar?!" dedilər.

Nədən ki, iranlı qonaqlarımız sənətimizə, sənətkarlarımıza əla bələddir və kimin kim olduğunu əla bilirlər.

Sabir bağında ən çox dinlənən bilirsinizmi kimlərdi?

Məşhur zurnaçı Mehman və onun yanındakı sənətçilər.

Mehman kişiyə səhnədə 2 dəqiqə vaxt ayırdılar, amma Sabir bağına yığışan yüzlərlə tamaşaçı bu sənətkarı az qala bir saat səhnədə saxladılar.

"Baba, qara zurnan ürəyə dərmandı", - Təbrizdən gəldiyini deyən orta yaşlı kişi söylədi.

Və bir qədər sonra isə güneyli qonaqlarımız qara zurnanın sədaları altında rəqsə başladılar.

Yaxşı ki, dünən Sabir bağında Mehman kişi vardı.

Yaxşı ki, onun sənəti Bakıda Novruz Festivalını təşkil edənlərin nöqsanlarını, səhnədəki "ara" müğənnilərinin fonoqramlı çıxışlarının zövqsüzlüyünü ört-basdır etdi...

Elçin Alıoğlu
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda Novruz şənliyi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.