Cəmiyyət

Toyxanaya dönən Novruz bayramımız - VİDEO

23 Mart 2017 13:10
13 Şərh     Baxış: 3 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun illərdir nəsildən nəsilə ötürülən adət-ənənələrimiz, deyəsən, son nəfəsini verir. 

Kimi çöldə danışdırırsan deyir "bizim vaxtı Novruz bayramı başqa cür keçirilirdi". Bu fikirlərlə razılaşan da var, razılaşmayan da. İnsanlar düşünürlər ki, bu, yaşla bağlıdır. Çünki insan böyüdükcə onun maraq dairəsi də dəyişir, bəzi hallarda bayrama, şənliyə əvvəlki kimi həvəs göstərmir. 

Əlbəttə, mümkündür ki, insanların Novruzu istədikləri kimi qeyd edə bilməsinə devalvasiyadan sonra yaranmış vəziyyət də səbəb olsun. Ancaq diqqət çəkmək istədiyim mövzü madiyatla yox, mənəviyyatla bağlıdır. 

Düşünməyin ki, müasirlik dedikdə sizləri Avropaya və yaxud okeanın o tayına yönəltmək istəyirəm, əsla. Azərbaycan xalqı hər zaman özünün mədəniyyəti, ənənələri ilə fərqlənib. Bununla paralel müasirliyi simvolizə edən dəyərlərdən də gen-bol yararlanıb. Xüsusi qeyd etmək gərəkdir ki, cəmiyyətə sirayət edən müasirlik elementləri xalqımızı öz kökündən, milli-mənəvi dəyərlərindən ayırmayıb.   

Ölkəmizdə Novruz bayramı qeyd olunur, həmişə olduğu kimi hər evdə, hər obada hər ürəkdə bu bayrama sevgi var. Adət-ənənəyə görə, bahar bayramının simvolu kosa, keçəl və tonqal hesab olunur. İnsanlar tonqal ətrafına yığışar kosa-keçəl isə onları əyləndirər. 

Bu il isə bu əyləncə o qədər bayağılaşdırıldı, əndazədən çıxarıldı ki, insanda ikrah hissi doğurdu. Bayram toyxana, "bozbaş" müğənnilərə həvalə olundu. Məlumatı olanlar, gedib görənlər bilirlər ki, Bakının mərkəzində Qoşa-qala divarlarının yaxınlığında təşkil edilən kiçik Novruz festivalı keçirilir. Artıq bir neçə gündür həmin festivalda kosa-keçəl deyil, söz açdığım "bozbaş" müğənnilər səhnə alır. 

Düzdür, normal ifa edən müğənnilər də var, ancaq 10 dəqiqə həmin festivalın kənarında durub musiqi dinləyib dincəlmək istəsəz, inanın ki, bu alınmayacaq. Çünki özünüzü bayram festivalında deyil Bakı-Gəncə avtobusunda hiss edəcəksiniz.

Aşağıda təqdim etdiyim video görüntüdə də bunun şahidi ola bilərsiniz. Müğənni səhnədə bayrama aid maraqlı, şənləndirici mahnı ifa etmək əvəzinə hələ "taleh və sevgidən danışır", sanki, toy aparır. 

Novruz şənliyi

Orada baş tutan toyxana isə artıq ikinci gündü sosial şəbəkədə geniş müzakirə olunur. Axı insanlar Novruzu başqa cür bilib, seviblər, "bozbaş" mahnıları ilə deyil.

Azərbaycana ən müxtəlif ölkələrdən, xüsusilə də qonşu dövlətlərdən turistlərin axını artıb. Artım səngimək bilmir və bu, yaxşı haldır. Fəqət, gələn qonaqlara, mehmanlarımıza, turistlərə mədəniyyətimizi, sənətimizi belə təbliğ edirik?! Səhnəyə çıxanla özlərini toyda hiss edən, fonoqramla oxuyan, "Allah mübarək eləsin!" hayqıran, az qala "Qudalar buyursunlar!" deyəcək hala düşən bu "sənətçiciyəz"lərə meydan niyə, nə səbəbə verilir?

Ceyhun Ələkbərov
Milli.Az

Video Rəsul Həsənova məxsusdur.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.