Cəmiyyət

Gəncənin ilk ixtisaslı memar-mühəndisi - Abuzər bəy Rzayev - FOTO

22 Mart 2017 23:37
0 Şərh     Baxış: 2 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim Gəncənin məhəllələrini gəzdikcə, göylərə boy verən Xan çinarların altında durub bu şəhərin qırmızı kərpicli, incə naxışlı imarətlərinə, mülklərinə baxdıqca insanı bir sual düşündürür. Görəsən bu cür möhtəşəm binaların memarı kimdir?

Çoxları bilmir ki, şəhərin məhəllələrini, küçələrini bəzəyən ən yaraşıqlı tarixi memarlıq tikililərinin müəllifi Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. Təəssüflər olsun ki, bu cür görkəmli memarın həyatı, ictimai-siyasi fəaliyyəti və müəllifi olduğu inzibati və yaşayış binaları haqqında bu vaxta qədər heç bir ciddi tarixi araşdırma aparılmayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, memar haqqında yazılan iki kitabdakı çox kiçik məlumat və bir publisist yazı isə oxucularda bu böyük şəxsiyyət haqqında nəinki dolğun fikir yaratmır, hətta buradakı faktların biri digərini inkar edir. Həmin kitablarda Abuzər bəy Rzayevin doğum və ölüm tarixi ilə bağlı ayrı-ayrı illər göstərilir. Həmçinin memarın valideynləri, təhsili, ictimai-siyasi fəaliyyəti və ölümü ilə bağlı da ziddiyyətli faktlara rast gəlinir.

Abuzər bəy Əsgər bəy oğlu Rzayev 1876-cı ildə Gəncə şəhərində anadan olub. Abuzər bəy həm də görkəmli Rəfibəylilər nəslinin nümayəndəsidir. Orta təhsilini əvvəllər mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. Abuzər bəy 1894-cü ildə Tiflis realnı məktəbini, 1899-cu ildə isə Moskva texniki məktəbini bitirib. Elə həmin ildən də Azərbaycan milyonçuları Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra isə mədən müdiri işləyib. Neft sənayesindəki böhranla əlaqədar olaraq Abuzər bəy 1909-cu ildə Gəncəyə köçüb və bir müddətdən sonra şəhər idarəsi başçısının (şəhər qlavası) müavini seçilib, şəhərin içməli su ilə təchizatı sahəsində səmərəli fəaliyyət göstərib. Gəncədə yaşayıb işlədiyi müddətdə gənc mühəndis inzibati və yaşayış binalarının layihələndirilməsində, şəhərin mərkəzi hissəsindəki evlərin planauyğun tikilməsində müstəsna xidmətlər göstərib. Məhz Abuzər bəyin rəhbərliyi ilə Avropasayağı inzibati və yaşayış binalarının tikildiyi illəri Gəncədə memarlığın çiçəklənmə dövrü də adlandırmaq olar. Bu gün də Gəncə şəhərinin ümumi görünüşünə gözəllik bəxş edən bir-birindən yaraşıqlı binaların möhkəmliyinə və onların gözəlliyinə heyran qalmamaq mümkün deyil.

Abuzər bəy Rzayevin ictimai-siyasi fəaliyyəti də çoxşaxəli və zəngin olub. O, 1906-cı il iyunun 30-da yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təftiş komissiyasının üzvü olmaqla bərabər, ayda beş manat ödəməklə cəmiyyətin həqiqi üzvü seçilmişdir. Gənc mühəndis 1917-ci il fevral inqilabından sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Abuzər bəy, həm də Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olub. O, Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilib və burada "Bitərəflər" fraksiyası dağılana qədər həmin fraksiyanı təmsil edib. Eyni zamanda, maliyyə-büdcə komissiyasının üzvü, sonralar isə sədri olub.

Elmli və maarifpərvər insan olan Abuzər bəy Rzayev Gəncəbasarın, İrəvan və Tiflisin, eləcə də Bakının demokratik fikirli ziyalıları ilə hər zaman yaxından əlaqə saxlayıb. Hacı Zeynalabdin Tağıyevlə yaxın dostluq edən Abuzər bəy 1916-cı ildə onun məsləhəti ilə Bakıya köçüb və bir müddət orada yaşayıb. Hacı Zeynalabdin Tağıyev isə hər dəfə Gəncəyə gələndə yalnız onun evində qonaq qalıb.

1920-ci il bolşeviklərin aprel işğalından sonra bir müddət Bibiheybət rayonu neft mədənlərinin müdiri işləyən Abuzər bəy elə həmin il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilib və güllələnib.

Abuzər bəyin 3 övladı olub. Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən oğlanlarından Səməd 1922-ci ildə Türkiyəyə, Əskər isə 1925-ci ildə İrana getməyə məcbur olub. Səməd ailə qursa da, Əskər ömrünün sonuna kimi evlənməyib. Abuzər bəyin 1915-ci il təvəllüdlü yeganə qız övladı olan Züleyxa xanım Tibb İnstituna daxil olsa da, IV kursdan təhsilini yarımçıq qoymağa məcbur olub.

İndi Abuzər bəydən Gəncəyə yadigar qalan vaxtilə onun layihələndirdiyi və müəllifi olduğu bir-birindən yaraşıqlı çoxlu sayda inzibati və yaşayış binalarıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.