Cəmiyyət

Darçın bir çox xəstəliklərə qarşı kömək edir

21 Mart 2017 13:45
0 Şərh     Baxış: 1 358

Darçın ətirli ədvə olmaqla yanaşı həm də bir çox xəstəliklərə qarşı çox gözəl vasitədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq müasir tibdə təsdiq edilib ki, darçın müxtəlif xəstəliklər zamanı orqanizmin həyat üçün vacib bir sıra sahələrinə müsbət müalicəvi təsir göstərir, bədənin ümumi tonusunu artırır, immunitetin möhkəmlənməsinə kömək edir. Belə ki, bu ədvə B qrup, C, A, PP vitaminləri, kaliy, kalsiy, maqniy, fosfor, sink, dəmir və müxtəlif efir yağları ilə zəngindir.

Tibdə bu ədvədən antiseptik, eləcə də göbələk və mədə-bağırsaq yolu xəstəlikləri əleyhinə vasitə kimi istifadə olunur. Bundan əlavə, darçın artıq duz və mayeni orqanizmdən çıxarır, öd və qaraciyəri təmizləyir. Sağlamlıqla yanaşı, darçından kosmetoloji vasitə kimi də istifadə olunur. Darçından hazırlanan maskalar saçın daha tez uzanmasına, parlaq və canlı görünməsinə kömək edir.

Saçlarda canlandırıcı effekt əldə etmək üçün tərkibində bir çay qaşığı darçın, iki xörək qaşığı bal və iki xörək qaşığı ilıq zeytun yağ olan maskadan istifadə etmək olar. Bu maskanı saçda 45 dəqiqə saxlamaq lazımdır.

Saçların həcminin artırılması və saçqıranlardan azad olmaq üçün bir çay qaşığı darçın, bir yumurta, əzilmiş pomidor, bir xörək qaşığı günəbaxan yağı və bir xörək qaşığı bal qarışımından istifadə etmək olar. Bu maska saçda 20 dəqiqə saxlanıb yuyulduqdan sonra limonlu su ilə yaxalanmalıdır.

Saçların tez uzanması üçün iki çay qaşığı darçın, bir baş soğan əzməsi, dörd diş əzilmiş sarımsaq və bir qaşıq balın qarışımı çox gözəl nəticə verir. Hazırlanmış bu qarışımı saçların dibinə sürtüb, yarım saat saxladıqdan sonra gicitkən dəmləməsi ilə yaxalamaq lazımdır.

Darçından arıqlamaq üçün də istifadə olunur.

Arıqlamaq üçün bir çay qaşığı darçın və 1.5 litr qatığın qarışımından dadlı və az kalorili içki hazırlamaq olar. Bu məhlul vasitəsilə sağlamlığa ziyan vurmadan tez və gözəçarpan nəticə əldə etmək mümkündür.

Orqanizmdə maddələr mübadiləsinin yaxşılaşdırılması üçün yarım çay qaşığı darçına qaynar su əlavə olunub yarım saat dəmlənir. İlıq vəziyyətdə olan məhlula bir çay qaşığı təmiz süzmə bal əlavə olunur. Hazır içkinin yarısı gecə yatmazdan əvvəl, yarısı isə səhər acqarına içilir. Bu içkidən mütəmadi istifadə edilərsə ay ərzində yeddi kiloyadək çəki atmaq mümkündür.

Qeyd edək ki, hamilələr, uşaq əmizdirən analar, mədə yarası və yüksək turşuluq, yüksək qan təzyiqi və hərarət, allergiyası olanların bu ədvədən istifadəsi məsləhət görülmür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.