Cəmiyyət

Naxçıvanın milli ruhumuzu yaşadan Novruz adət-ənənələri - FOTO

20 Mart 2017 19:55
1 Şərh     Baxış: 2 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsrlər boyu xalqımız Novruz bayramı ilə bağlı müxtəlif adətlər, mərasimlər yerinə yetirib, həmin adətlər folklorumuzda yaşadılaraq bu günə qədər gəlib çatıb. Ölkəmizin hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında hər il el şənlikləri ilə qeyd edilən Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları bu gün də özünü qabarıq şəkildə göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova deyib ki, muxtar respublikanın müxtəlif bölgələrində qorunub saxlanılan maraqlı Novruz adətləri bu gün də yaşadılmaqdadır. Bu adətlərindən biri "Xan bəzəmə"dir. Novruzda muxtar respublikanın Ordubad rayonunda bayram ərəfəsində bir nəfər "xan" seçilir və o, üç gün əsl "xan" kimi geyindirilir, başına tac qoyulur. Meydanda hündür bir taxt düzəldib "xan"ı ora dəvət edirlər. İki nəfər balaca uşaq "xan"ı yelpiklə yelləyir. Kim istəyir könüllü ona qulluqçu olur.

Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. "Xan"ın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. "Xan"ın əmrinə hamı tabe olur. Hərə öz qabiliyyətini nümayiş etdirir. Arada təlxəklər gəlib "xan"ı güldürməyə çalışırlar. "Xan" isə gərək ciddiliyini qorusun, gülməsin. Əgər gülsə, onu hovuzdakı suya basırlar, sonra təzə "xan" seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər "xan" üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.

Bayram axşamı Ordubad rayonunun kəndlərində dağların başında tonqal qalamaq ənənəsi də var. Kəndin cavanları əvvəlcədən hazırlıq işləri görər, lazım olan yanacaqları dağın zirvəsinə qaldırarlar. Gün batana yaxın tonqallar alovlandırılır. Ulu Dədə Qorqudun dediyi kimi, bütün dağların zirvələrində alovlandırılan bayram, şənlik tonqalları el bayramının təntənəsindən soraq verir. Həmin gün xonçalar bəzənər, qoz, fındıq, püstə, kişmiş, mövüc, şabalıd, cürbəcür meyvələr, hədiyyələr, boyanmış yumurtalar tabaqlara yığılıb nişanlı qızlara aparılar. Çox zaman qırmızı lent bağlanmış səməniləri də apararlar. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirsin deyə mənalandırılır.

Sədaqət Nemətova qeyd edib ki, Naxçıvanın bütün bölgələrində Novruz axşamının səhəri günü ağsaqqalları, ağbirçəkləri görmək adəti uzun illərdir yaşamaqdadır. Bayram günü səhər tezdən qız-gəlinlər axar su üstünə, bulaq başına gedər, evə su gətirərlər, həmin suyu həyət-bacaya səpərlər. Sonra cavanlar bir alma ilə də olsa qonşuları, ağbirçəkləri yad edər, onların bayramını təbrik edərlər. Novruzda evlərdə plov bişirərlər. Muxtar respublikanın bir sıra kəndlərində Xıdır bayramında olduğu kimi, qapılardan şal, papaq atmaq adəti indi də yaşayır. Uşaqlar, yeniyetmələr axşam qonşuların və yaxınların evlərinə şal, papaq atarlar. Ev sahibləri həmin yaylıqlara, papaqlara pay qoyarlar.

Naxçıvanda bayram günləri həyət-bacaları təmizləmək, bayrama bir neçə gün qalmış evin yorğan-döşəyini, pal-paltarını bayıra töküb təmizləmək adəti xalqımızın təmizliklə bağlı inanclarındandır. Xalqda belə bir inam var ki, Novruzda il təzələndiyi kimi, hər şey təzələnməli, təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar alınır, uşaqlar bir dəsmalla, köynəklə, corabla da olsa sevindirilir.

Yalnız Naxçıvana xas olan və bu gün unudulmuş Novruz mərasiminin olduğunu diqqətə çatdıran AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə bildirib ki, bu, "Nuhtaban" və ya "Həzaranpir" mərasimi adlanır. Əkrəm Hüseynzadə həmin mərasimin yerinə yetirilməsi ilə bağlı el arasında yaşadılan rəvayət barədə də danışaraq deyib: "Belə rəvayət olunur ki, Nuh Peyğəmbərin ömrünün son zamanlarında oğlu Yafəs ona yaxınlaşaraq bildirib: "Səndən sonra bu ölkəni qorumaq üçün mənə bir hikmət ver". Nuh Peyğəmbər düşüncələrə dalıb. Bir neçə gündən sonra o, yerdən bir daş lövhə götürüb, üstündə "Türk" sözünü yazaraq Yafəsə verib. Yafəs bu hikmətin sirrini soruşduqda atası deyib: "Bu adı Tanrı özü mənə vəhy etdi və dedi ki, mən Yafəsə bir oğul verəcəyəm, adını da mən qoyacağam. Onun adı Türk olacaq. Türk yalnız sənin ölkəni deyil, bütün dünyanı zülmdən, əsarətdən qurtaracaq, dünyanı cəhalət və nadanlıqdan xilas edəcək, insanlığa səadət yolunu göstərəcək və dünyanı işıqlandıracaq".

Zaman keçib, Yafəsin oğlu dünyaya gəlib. Ona gözəllik, igidlik mənalarını ifadə edən "Türk" adı qoyulub. Beləliklə, bu gün sayı milyonlarla olan Türk millətinin ilk nümayəndəsi Azərbaycan torpağında - Naxçıvanda doğulub. Yafəsin həmişə fəxr etdiyi oğlu Türk ədəbiyyatımızda "Əbu-türk" adıyla qalıb. Türkün də oğlu dünyaya gələrkən onu Əlincə adlandırıb. Həmin adla bağlı möhtəşəm qala - Əlincə qalası da məhz Naxçıvandadır. Deyilənlərə görə, Nuh Peyğəmbərin "Türk" adı yazdığı həmin müqəddəs daş lövhə vaxtilə Əlincə qalasında saxlanılırdı.

Mərhum tədqiqatçı Lətif Hüseynzadə Novruz ilə bağlı artıq unudulan bayram ənənəsi barədə deyirdi ki, hər il mart ayının əvvəllərində, bayram ərəfəsində üç gün davam edən mərasim keçirilib. Belə ki, əvvəlcə Əlincə qalasında saxlanılan daş lövhə təntənəli şəkildə Nuhun Naxçıvan şəhərində yerləşən məzarına gətirilib. Mərasim daş lövhənin Nuhun məzarı üzərinə qoyulması ilə başlayıb. Məhz həmin mərasim "Nuhtaban" və ya "Həzaranpir" adlanıb. "Nuhtaban" Nuhun məzarına işarə olaraq "İşıq saçan" deməkdir. Mərasimin "Həzaranpir" deyimi də mühüm bir semantik anlama malikdir. "Həzar" min rəqəmini ifadə edir. "Həzaran" minlər mənasında işlənir. "Həzaran" - yəni "min yaşlıların min yaşlısı" deməkdir. "Pir" isə "qoca", "mürşid", "rəhbər", "peyğəmbər" mənalarında işlədilir. Həzaranpir dеyiləndə, yəni yaşlıların min yaşlısı, qoca Nuh Peyğəmbər nəzərdə tutulub.

Mart ayının ilk günlərində Nuhtabanda "min yaşlıların min yaşlısı" mərasiminə başlanılırmış. O zamanlar Naxçıvan şəhər məscidinin baş ruhanisi, qazi Əbdül Kərim ağa Qazızadənin başçılığı ilə şəhərin mötəbər şəxslərindən, xan və bəylərdən, müəllim və ziyalılardan ibarət bir heyət Əlincə qalası ətəyindəki Nəiminin türbəsi yanında məsciddə mühafizə olunan Nuh Peyğəmbərin üstündə "Türk" adı yazılmış daş lövhəsini gətirmək üçün gedərmişlər. Bu hikmətli, qiymətli daş Nuh Peyğəmbərin nəticəsi Əlincə xanın iqamətgahında, Əlincə qalasındakı xəzinəsində qorunub saxlanılırmış.

Naxçıvandan Əlincəyə gedən heyət oradakı məscidin ruhaniləri ilə bərabər o müqəddəs daş lövhəni Nuh Peyğəmbərin məzarı olan türbəyə - Nuhtabana gətirərmiş. Bu müqəddəs daşı görmək, ona nəzir, niyazlar etmək üçün insanlar yollara toplaşarmışlar.

Heyət Nuhtabana daxil olduğu vaxt həm sevinc, həm də həyəcan doğuran səslər bütün ətraf kəndlərə də yayılırmış. Əlincədən gələn heyətin başçısı bu müqəddəs daşı Nuhtabanda, məzarın önündə nümayiş etdirirmiş. Bundan sonra heyət sərdabəyə daxil olub daşı məzarın üzərinə qoyurmuş. Bu mərasim zamanı el şənlikləri, xalq oyunları keçirilərmiş. Bura ziyarətə gələnlər qurbanlar kəsər, ehsanlar, ziyafətlər verərmişlər. Həmin ziyafət, mərasimi "Şölən" adlandırılırmış. Bu sözün məna və mahiyyətini yaxşı bilənlər bu mərasimlər dövründə doğulan övladlarına "Şulan" və ya "Şölən" adlarını verərmişlər. Buna görə də "Şulan" adı yalnız Naxçıvandakı şəxs adları üçün daha səciyyəvidir. Bu ad, bəlkə də, yalnız Naxçıvanda qoyulur.

Nuhtaban mərasimlərində bayatı da deyilirmiş. Həmin bayatılardan biri belə idi:

Əzizim ozan ağlar,

Daşları yazan ağlar,

Burda Nuhum ölübdür,

Qəbrini qazan ağlar.

Çar Rusiyası Naxçıvanı işğal еtdikdən sonra bu mərasimlərə də son qoyulub. O zamanlar Nuhun məzarı dağıdılıb, o müqəddəs daş lövhə də yoxa çıxıb və ya məhv edilib.

Bu gün Nuh Peyğəmbərin məzarüstü türbəsi Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə yenidən bərpa edilib. Bu gün həmin türbə yüzlərlə insanın ziyarət yerinə çevrilib. Martın 18-dən başlayaraq Nuh Peyğəmbərin məzarüstü türbəsinin yanında yerləşən və Naxçıvanın 5 min illik qədim tarixinə şahidlik edən Naxçıvanqalada ("Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi) Novruz bayramı münasibətilə bayram şənliklərinə start verilib. Novruz şənliklərinin tarixi minilliklərlə ölçülən bu qalada keçirilməsi milli adət-ənənələrimizə və şərəfli tariximizə göstərilən diqqətin növbəti nümunəsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.