Cəmiyyət

Cinsi istək, yuxu, xəstəliklər və intihar... – QAN QAYNAYANDA NƏ BAŞ VERİR?

19 Mart 2017 19:13
5 Şərh     Baxış: 2 353

Yazın gəlişi, günəşin çıxması insanlarda əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. El arasında deyildiyi kimi, "qan qaynayır". Bu fəsildə bəzi xəstəliklər də özünü büruzə verməyə başlayır. Payız və qış boyunca bədən topladığı bütün mineral və vitamin ehtiyatlarından bəhrələnir və yaza tükənmiş formada daxil olur. Yazın gəlişi bədənin oyanması ilə nəticələnsə də, vitamin çatışmazlığı baş verir və orqanizmin müqaviməti aşağı düşür, immunitet zəifləyir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, terapevt Mətanət Cəfərlinin dediyinə görə, yazda immunitet zəiflədiyindən soyuqdəymə halları baş verir, yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərinə, qrip kimi epidemiyalara yoluxma riski artır.
 
M. Cəfərli yazın bağırsaq xəstəliklərinin kəskinləşməsi üçün əlverişli dönəmlərdən biri olduğunu da vurğulayır. Xora, qastrit, xroniki qastritdən əziyyət çəkən xəstələr bu günlərdə ehtiyatlı olmalıdırlar. Yaz fəsli allergik xəstəliklərin də baş qaldırdığı fəsildir. Məsələn, bronxit, astma xəstəlikləri allergik tiplidir və yazda tozlanma ilə bağlı olaraq kəskinləşmə baş verə bilər: "Bildiyimiz kimi, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər meteohəssas insanlar qrupuna aiddirlər. Onlar işemik xəstəliklərdən əziyyət çəkirlər. Havanın qəfil dəyişməsi, məsələn, mart ayında hava gah isti, gah soyuq olur, kardio infakt keçirmiş insanlara öz mənfi təsirini göstərir. Təzyiqi yüksək olan insanlar da meteohəssas insanlardır. Onlar dərman içsələr də, təzyiqləri normaya düşmür. Bunun üçün həkimə müraciət etməlidirlər, dərmanlar korreksiya olunmalı və ya dozası artırılmalıdır. Bu cür insanlar yuxu rejimləri, qidalanmalarına diqqət etməli, duzlu qidalardan imtina etməli, istirahəti, fiziki aktivliyi artırmalı, təmiz havada çox gəzməlidirlər. Bunlarla yanaşı həkimlə məsləhətləşməyi unutmaq olmaz. Bu cür hava normal insanların ürək-damar sisteminə də təsir edir".
 
Həkim deyir ki, təzyiqdən əziyyət çəkən insanlar hətta dərman qəbul etsələr belə, təzyiqi stabil saxlaya bilmirlər. Bütün bunlarsa əlbəttə ki, sinir sisteminə də təsirsiz ötüşmür. Yazın gəlişi sinir-damar tonusuna təsir göstərdiyi üçün nəticədə əhval-ruhiyyə dəyişir. Bəzi insanların əhvalı yüksələr, bəziləri isə sinir krizi keçirir, əsəb, depressiyadan əziyyət çəkir: "Bütün bədəndə sinirlər və damarlar təpədən dırnağa qədər yanaşı gedir. Sinir sistemində baş verən hər hansı qıcıq damara da təsir edir. Orqanizmin emosional sferasından asılı olaraq hər kəs dəyişikliklərə müxtəlif cür reaksiyalar verir, hərəyə bir cür təsir edir. Çünki insan psixologiyasında, əhval-ruhiyyəsində 4 temperament tipi mövcuddur: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Bəzi insanlarda depressiya, stressə meyllilik yaranır. Bəzənsə tam əksinə, insanın əhvalının yaxşılaşmasına səbəb olur. Buna da el arasında "qanın qaynaması" deyirlər. Tibb isə bu halı belə izah edir: damarlar daralır, endorfin ifraz edilir və əhval-ruhiyyə yaxşılaşır. Daralmış damarda qan daha sürətli dövran edir. Ona görə də buna "qan qaynamaq" deyirlər".
 
Belə nəticəyə gəlinir ki, "qan qaynaması" müəyyən qədər endorfin miqdarının artmasına səbəb olur. Bəzi insanlarda depressiya, yuxuya meyllilik, işdən soyuma hallarının baş verməsi isə kortizolun miqdarının artması ilə bağlıdır. Həkim kişilərdə testesteron, qadınlarda estrogenin artmasının bununla heç bir əlaqəsi olmadığını əlavə edir.
 
Həkim pis hallardan qorunmaq, depressiyaya düşməmək üçün, işdən soyuma halları baş verdikdə qısa müddət də olsa istirahət götürməyi, təmiz havada gəzməyi və bol maye qəbul etməyi məsləhət görür. Vitamin, minerallarla zəngin meyvə-tərəvəzləri bol-bol qəbul etmək də vacibdir. M. Cəfərova insan bədəni və psixologiyasının yaz fəslinə uyğunlaşması üçün bir həftə və ya 10 gün adaptasiya dövrü keçdiyini əlavə edir: "Əksər insanlar yaz gələr-gəlməz daim yuxulamaqdan şikayət edirlər. Yuxululuğa səbəb kartizol - stress hormonunun artması ilə bağlıdır. Yuxululuğa başqa səbəb isə sinir-damar sistemində baş verə bilən dəyişikliklər ola bilər. Yəni orqanizmin bioritmləri var, bu bioritmlər fəsillər dəyişdikdə dəyişilir. Yazda bioritmlər bir qədər yavaşlayır, sürəti azalır. Müəyyən proseslər var ki, bioloji saatda işə qoşulub hərəkətə gəlir. Yaz gələndə bioloji saatlarda normal ritmlə gedən hallar yavaşlamağa başlayır, sanki bioritmlərin tempi azalır. Bu isə bəzi insanlarda yuxululuq yaradır. Yazın ilk dönəmində yuxu ilə mübarizə də zəifləməyə başlayır. Kartizolun artması da mübarizəni zəiflədir. Bu cür insanlar yatıb yuxularını almalı və qısa müddət istirahət etməlidirlər".
 
Psixiatr Orxan Fərəcli isə günəş şüalarının, mövsümü faktorların beyində seratonin, yəni xoşbəxtlik hormonunun ifrazına təsir etdiyini vurğulayır. O, insanların çoxunun yaz dövründə özlərini yaxşı və xoşbəxt hiss etmələrinin bununla bağlı olduğunu deyir. Yaz fəslində depressiya hallarına az rast gəlinsə də, əlamətləri daha qabarıq olur: "Yaz depressiyalarında həyəcan, təşviş, boğulma kimi əlamətlər özünü göstərir. Bəzi insanlar yazı "qan qaynayan" dövr kimi tanıdıqları üçün xəstəliklərinin yenidən qayıdacağından ehtiyat edərək, köhnə dərmanlarını yenidən atırlar. Yəni köhnə xəstəliklərinin yenidən alovlanmağının qarşısını almağa çalışırlar. Əslində buna o qədər də ehtiyac yoxdur, sadəcə yazda "qan qaynayan" vaxtı anlayışı beyinlərinə yeridiyi üçün ehtiyac olmasa da, dərman qəbul etmək istəyirlər. "Qan qaynamaq" deyəndə insanda yeni qanın əmələ gəlməsini nəzərdə tuturlar. Yeni qanın əmələ gəlməsi isə bütün mövsümlərdə davam edən bir prosesdir. Yəni məhz yaz fəslində yeni bir şey baş vermir".
 
Bəs görəsən, günəş şüaları ilə bağlı olaraq seratonin hormonun artması libidonun (cinsi istək) artmasına da səbəb olurmu? O. Fərəcli libidonun günün saatına görə dəyişə bildiyini vurğulayır: "Məsələn, cinsi istək kişilərdə səhər erkən saatlarda yaranır. Cinsi istəyin mövsümə görə dəyişməsi elmi fakt kimi yoxdur. Sadəcə olaraq, yazın verdiyi müsbət hallar nəticəsində aura, əhval-ruhiyyə yaxşılaşır, onun fonunda insanın libidosu arta bilər. Amma normalda səhərlər kişilərdə cinsi enerjinin aktiv olduğu dövrdür".
 
Psixoloq yazda yuxu rejiminə diqqət etməyi, vaxtlı-vaxtında yatıb-durmağı məsləhət görür. Günorta saatlarında yatmaqdan bacardıqca qaçmaq lazımdır. Payız və qış mövsümündən yaz üçün planlar qurmaq da depressiya və həvəssizliyin qarşısını ala bilər: "Yazda nə edəcəyiniz barədə yeni hədəflər qurun. Qışın eyni templə davam edən əhval-ruhiyyəsindən çıxmaq üçün bu, əlinizdə bir bəhanə olar. Çünki monoton həyat tərzi də insanda depressiyaya səbəb olur. Nahaq yerə intiharı depressiya ilə əlaqələndirmirlər. İntihara səbəb olan amillərdən biri də depressiya və depressiyanın ən ağır forması olan bipolyar affektiv pozuntu deyilən xəstəlikdir. Uzun müddət insan depressiyada olur və birdən-birə əhval-ruhiyyəsi yüksəlir. Bu hipotomlarda intihar riski bir az yüksəkdir. Yaz dövründə intihar hallarına çox rast gəlinmir. Amma kliniki tədqiqatlar deyir ki, bəzən bu mümkündür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    a olmaz · 19 Mart 19:5000

    Bunu gorub day istemedim

    Cavab yaz
  • Anonim
    Aydlndl · 19 Mart 20:0500

    Hmm

    Cavab yaz
  • Anonim
    · 19 Mart 20:2310

    Bir weyide yaddan cixarmayaq ki, fesil deyiwdikce bezeb insanlar stresse duwur.

    Cavab yaz
    • Anonim
      ... · 19 Mart 20:2601

      Hmm yox beli

      Cavab yaz
      • Anonim
        Aydlndl · 19 Mart 21:1110

        Senlik deyil kiwi iwine qarlwmaz arvadlar

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.