Cəmiyyət

"Şabrana 12 manat, Quba-Qusar 15 manat..." - Sərnişinlərə sürücülərdən "BAYRAM HƏDİYYƏSİ" - FOTO

19 Mart 2017 15:05
1 Şərh     Baxış: 10 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il bayramqabağı paytaxtdan regionlara üz tutanlar nəqliyyatda süni qiymət artımı ilə qarşılaşırlar.

Xüsusən də, avtobusa bilet ala bilməyənlər və ya qəfildən yola çıxmaq qərarı verənlər rayonlara aparan taksilərin ümidinə qalır ki, onlar da bəzən iki dəfəyə qədər bahalaşdırır. 

Milli.Az bildirir ki, virtualaz.org metronun "20 Yanvar" stansiyası, 3-cü mikrorayon dairəsi və Bakı Avtovağzalı ərazisindən rayonlara sərnişin daşıyan taksilərlə bağlı araşdırma aparıb, qiymətləri və sərnişin sıxlığını öyrənib.

5 manatlıq yola 12 manat

Sərnişindaşımada əsas ağırlıq həmişə olduğu kimi avtovağzalın üzərinə düşsə də, "20 Yanvar" stansiyası, 3-cü mikrorayon dairəsi və "Şamaxinka" kimi tanınan ərazidə rayonlara müştəri gözləyən taksilər çoxdur. Bir-birinin növbəsinə girənlər, sərnişin götürmək üçün şirin dilini işə salanlar və mahnı oxuyaraq müştəri cəlb edənlər səhər saatlarından burada iş başında idilər. Taksi sürücülərinin çoxu qiymət artımını etiraf etməsələr də, sərnişinlər gediş haqqının çoxluğundan narazıdır.

Bizi də sərnişin zənn edən sürücülər onlara yaxınlaşan kimi rayonların adlarını sadalayırlar: "Şabran, Xaçmaz", "Quba, Qusar..." Əvvəllər adambaşına 5 manatdan aparan taksilər indi qiyməti qaldırıblar, məsələn, Şabrana 10-12 manata aparırlar.

Quba-Qusara isə gediş haqqı 15-17 manata qədər artıb.

"3-cü mikrorayon dairəsi"ndən Ağcabədi rayonuna sərnişin daşıyan sürücülərdən isə qiyməti çətinliklə öyrənə bilirik:

- Vallah biz bayramla bağlı qiyməti qaldırmamışıq, ancaq yol puluna aparırıq.

- Elə yol pulunu soruşuruq da, nə qədərdir?

- 10 manat...

Sürücü Fədai deyir ki, bu həmişəki qiymətdir, yəqin ayın 19-dan bu qiymətə taksi tapmaq olmayacaq. "Bayram günlərində adambaşına gediş qiyməti 15-20 manata qədər qalxır. Avtobuslar 7-8 manata aparırlar, kim ucuz getmək istəyirsə, avtobusla getsin. Axı avtobus böyükdür, adambaşına 8 manatdan yığsa, ona sərf eləyir. Amma biz 4 adamla o boyda yolu 8 manata sürə bilmərik axı. Həm də taksinin rahatlığı ilə avtobusunku eyni deyil. Bizim öz müştərimiz var, onların öz müştəriləri", - deyə sürücü bildirir.

Fədai deyir ki, taksiyə müraciət edənlər daha çox təcili getmək istəyənlər, avtobusa bilet ala bilməyənlər və bir də səhhətində problem olanlardır.

Regionlara sərnişin daşıyan "Avtovağzal" stansiyasının ətrafında dayanan taksi sürücülərinin də qiyməti qaldırıblar. Avtovağzalın girişində dayanıb müştəri yığan sürücülərin hay-harayından içəri girmək mümkün deyil. Avtobusa bilet tapa bilməyən, saatlarla gözləyəndən sonra taksi ilə getməyə məcbur olan sərnişinləri taksi sürücüləri elə oradaca qamarlayırdılar. Məsələn, avtovağzaldan Mingəçevirə sərnişin daşıyan taksilər gediş haqqını 20 manatdan 25 manata, Ağdama 20 manata qaldırıblar.

"Müştəri çoxdu, taksi az, qiymət qalxmalıdı da..."

Saatlı istiqamətində sərnişin daşıyan sürücü Əjdər isə deyir ki, ən çox qazancları məhz bu günlərdə olur. Sürücü qiymət artımını da təbii hesab edir. "Bizim ildə bir-iki dəfə belə bayramlarda babat qazancımız olur, başqa vaxtlar ya boş gedirik, ya da maşının dolmasına görə saatlarla gözləyirik. Qiymətin artmağı da təbiidir də, mən artırmıram ki?! Müştəri çoxdu, maşın azdı ona görə qiymət qalxmalıdı da".

Sürücü Mirəli isə deyir ki, Masallıya 10 ilə yaxındır ki, sərnişin daşıyır. Hələ indiyə kimi qiymətlə bağlı razılığa gəlmədiyi adam olmayıb: "Masallıya çoxu 15 manata aparır, mən 12 manata aparıram. İndiyə qədər heç vaxt sərnişinlə qiymət üstündə razılğa gəlmədiyim olmayıb. Nə veriblər demişəm min bərəkət. Hələ lap imkansızları pulsuz da aparmışam. Amma indi hər şeyin qiyməti qalxıb, sürücünü də qınamayın, o da məcburdu qiyməti qaldırmağa".

"6 manata heç Bakının içində taksi işləmir"

Orta yaşlı başqa sürücü durmadan rayonların adlarını sadalayır: "İmişli, Beyləqan, Daşburun, Əhmədbəyli, Füzuli istiqamətində 15-20 manat". Amma jurnalistlərin olduğunu görüb qiyməti xeyli ucuz deyənlər də tapılırdı. Məsələn, İmişli və Saatlıya sərnişin daşıyan taksi sürücüləri gediş haqqının adambaşına 6 manat təşkil etdiyini dedilər: "Biz qiyməti qaldırmırıq, xalqa xidmət edirik. Niyə artıraq ki, xalqın vəziyyəti, onsuz da, yaxşı deyil..."

Sürücü sözlərini tamamlamağa imkan tapmamış yolun o biri tərəfində dayanmış sərnişin hiddətlənir:"Niyə yalan deyirsən, 6 manata heç Bakının içində taksi yoxdur. Qiyməti bahalaşdırıblar, yalandan deyirlər 6 manata aparırıq. Mən Saatlıya gedirəm, 10 manatdan aşağı aparan yoxdur. Belə şey olar?" - bir qadın etiraz edir.   

Bölgələrə işləyən taksilərin dayandığı "Şamaxinka"da isə sərnişinlər qiymət artımından şikayət edirdilər. Avtomobilə əyləşənlər həm qiymətdən, həm də xidmətdən narazıdırlar: "Hər il eyni vəziyyətdir, bu özbaşnalığı nizama salan yoxdur. Heç kim taksi sürücüsündən soruşmur ki, ay qardaş, bu günün digər günlərdən fərqi nədir? Qar yox, çovğun yox, həyatın üçün risk eləmirsən. İndi gedən çoxdur deyə sürücülər milləti soyurlar, qiyməti süni şəkildə artırıblar", - deyə Nəsrəddin adlı sərişin iradını bildirir.

Beləcə Bakıda növbəti Novruz bazarlarda olduğu kimi taksilərdə də bahalaşma dalğası ilə başlayır, şikayətlər və narazılıqlar da öz yerində...Bahalaşma da çoxdan Kosa və Keçəl, səməni və paxlava kimi  Novruzun dəyişməz simvoluna çevrilib...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.