Cəmiyyət

Avtomobili park etdinsə, 50 qəpik ödəməlisən?

19 Mart 2017 19:35
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər deyir ki, XTAİ əməkdaşlarının sürücüdən hansısa məbləğ tələb etməsi qanunsuzdur

Əməkdaşımız öz avtomobilini paytaxtın Səməd Vurğun küçəsində, "Olimpik Star"ın yanındakı "Araz" supermarketinin qarşısında park edərkən neqativ məqamla rastlaşıb. Belə ki, o öz avtomobilini çox qısa müddətlik - təxminən 5-10 dəqiqəlik park etmək məqsədilə müvafiq məbləği parkomata daxil etmək istəyib. Lakin xidmətçi ona yaxınlaşaraq bildirib ki, müddətin fərqi yoxdur. Mütləq şəkildə bir saatlıq park üçün nəzərdə tutulan məbləğ - 50 qəpik ödənməlidir. Əməkdaşımız bunun səbəbini soruşduqda isə, xidmətçi rəhbərliyin 2 gün öncə belə bir tapşırıq verdiyini söyləyib.
Biz də bu məsələni araşdırmağa çalışdıq ki, həqiqətən də belə bir tapşırıq varmı? Varsa, bu tapşırıq qanuna uyğundurmu? Ümumiyyətlə, bu kimi məqamlarla rastlaşdıqda, vətəndaşalar nə etməlidir?
 
Milli.Az kaspi.az-a istinadən bildirir ki, Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bizimlə söhbətində vacib məqamları qeyd etdi: "İlk növbədə, Bakı şəhərində yeraltı qarajlar şəklində fəaliyyət göstərən özəl park yerləri haqqında danışmaq istərdim. Adətən böyük ticarət və biznes mərkəzləri tikilərkən onların altında özəl dayanacaqlar yaradılır. Bu dayanacaqlarda parketmə birbaşa şirkətin tənzimlədiyi qiymətlərlə təyin olunur. Məsələn, belə dayanacaqların əksəriyyətində ilk bir saat üçün ödəniş məbləği, heç bir əsaslandırma olmadan bir manat müəyyənləşdirilib. Məsələnin digər tərəfi isə Bakı şəhər icra Hakimiyyətinin ərazisinə aid olan yerlərdə, yaxud müxtəlif bələdiyyələrin ərazilərindəki parkinq xidməti ilə bağlıdır. Bunların hər ikisi üçün nəzərdə tutulan parkomatlar var. Bu parkomatlarda isə ödəniş yalnız qəpiklərlə həyata keçirilir. Bu da ondan ötrüdür ki, müxtəlif müddətə görə qiymətlər də dəyişir. Məsələn, orada göstərilir ki, hansı müddət üçün nə qədər ödəniş etməlisən. Yəni 10 qəpikdən tutmuş, bir manata qədər dayanma müddəti göstərilməklə nə qədər ödəniş olunması parkomantların üzərində konkret şəkildə göstərilir".
 
Ekspert bildirdi ki, konkret hansısa yerüstü dayanacaqda xidmətçi fəaliyyət göstərirsə, onun vəzifəsi parkomatdan istifadə edə bilməyən sürücülərə istifadə qaydasını başa salmaqdır: "Onların hansısa müddət üçün pul tələb etməsi birbaşa qanunla qadağandır. Bir qədər irəli getsəm, deyə bilərəm ki, bununla bağlı həmin xidmətçi hətta inzibati məsuliyyətə cəlb oluna bilər. Bu həmin sürücüyə qarşı qeyri-qanuni bir hərəkətdir. Gərək vətəndaşlar belə məsələlərdə diqqətli olsunlar. Yenə də qeyd edirəm ki, məbləğlər parkomatın üzərində yazılıb. Hansı müddətdən hansı müddətə kimi ödəniləcək məbləğlər burada aşkar şəkildə qeyd olunub. Belə neqativ hallar zamanı çek saxlanılmalı və məhkəməyə müraciət edilməlidir. Çünki bir çox hallarda həmin xidmətçilər prosesi bilməyən sürücüləri asanlıqla aldadırlar".
 
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı da hesab edir ki, bu, tamamilə qanunsuz bir yanaşmadır: "Çünki xidmətçi sürücüdən bəlli məbləğ tələb edə bilməz. Sürücü özü istədiyi məbləği ödəyə bilər. Qiymətlər də parkomatların üzərində yazılıb. Əgər sürücü bir saatın ödənişini edib iki saat maşını orada saxlayırsa, sonradan həmin bir saatın ödənişi də edilməlidir. Lakin belə qanun pozuntusu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə müraciət edilməlidir. Çünki hazırda bu məsələləri adıçəkilən qurum tənzimləyir. Heç kimdən məcburi ödəniş tələb etmək olmaz. Ödənişi yalnız sürücülər özləri parkomata ödəməlidirlər. Bu, birbaşa qanun pozuntusudur. Yaxşı olardı ki, həmin idarənin rəhbərliyinə müraciət edilsin və məsələ araşdırılsın. Bizdə parkomatların neçə illərdi istifadə olunmasına baxmayaraq, bəzi çatışmazlıqlar hələ də qalmaqdadır. Məsələn, tutaq ki, bir saatlıq işin varsa, bir saatın da ödənişini edirsən. Lakin işin tez bitərsə, yerdə qalan müddətin pulu geri qaytarılmır. Həmin xidmətçilərin kimdənsə pul tələb etməsi tamamilə qanunsuzdur. Qanunvericilikdlə belə şey yoxdur".
 
"Digesta" firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, bununla bağlı iyul ayında qanunvericilik aktı qəbul ediləcək: "Dövlət tərəfindən, yəni rəsmi olaraq Tarif Şurası, Nazirlər Kabineti tərəfindən müəyyən edilən rəsmi ödəniş məbləği yoxdur. Bunu Bakı Şəhər İcra Hakimiyyəti özü müəyyən edir. Yəni müxtəlif ərazilərdə parkinq üçün qiymətlər fərqlidir. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib ki, iyulun 1-nə qədər qiymətlər və digər məsələlər müəyyən edilsin. Bundan sonra belə halların qarşısı alınacaq. Qanun qüvvəyə mindikdən sonra belə neqativ halların baş verdiyi təqdirdə, cərimələr də müəyyən olunacaq. O ki qaldı xidmətçinin belə bir məbləğ tələb etməsinə, deyə bilərəm ki, bu, açıq-aşkar qanun pozuntusudur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.