Cəmiyyət

Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz

18 Mart 2017 19:20
0 Şərh     Baxış: 356

Hədis və Quranın bağlılığı

Milli.Az islam.az-a istinadən bildirir ki, hədisin   mötəbər  sayılması  üçün  həm sənədin, həm də mətnin səhih (düzgün) olması əsas şərtdir. Qeyd etmək lazımdır ki, hədis nə qədər etibarlı olsa da, əgər Qurani-kərimin ayələri ilə ziddiyyət təşkil edərsə, üstünlük Qurana verilməlidir. Məsumların öz dilindən rəvayət edilmiş bəzi hədislərdə də müsəlmanlara tapşırılır ki, eşitdikləri hədisi Quranla yoxlasınlar, Quranla zidd deyilsə qəbul etsinlər, Quranla ziddiyyət təşkil edirsə, kənara qoysunlar. Çünki əvvəla, Quran Allahın kəlamı, hədis isə bəşərin (Peyğəmbərin) kəlamıdır. İkincisi, Quran hər cür təhrifdən uzaqdır və onun heç bir hökmündə qiyamətə kimi dəiyşiklik ola bilməz. Qurani-Kərimin özündə buyurulur: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq" (Hicr, 9). Hər hansı hədısin isə zamanımıza kimi toxunulmaz və təhrifsiz gəlib-çatdığına tam qətiyyətlə zəmanət vermək çətin¬dir, bunu elmi metodlarla araşdırmaq tələb olunur.

Hədislər Qurani-kərimin təfsiri üçün əvəzsiz mənbə hesab edilir. Çünki Quranda məsələlər bir qayda olaraq çox qısa və ümu¬miləşdirilmiş şəkildə bəyan olunub. Üstəlik, bəzi ayələr mütəşabeh qisminə aiddir ki, bu da onlara düzgün şəkildə izahat verilməsini tələb edir. İslam şəriətinə aid olan heç bir hökm tam xırdalıqlarına qədər Quranda göstərilməyib. Bunların şərhini yalnız hədislər¬də tapmaq mümkündür. Məsələn, Quranda namaz qılmaq, oruc tutmaq, həccə getmək əmr olunur. Amma bu əməllərin necə yerinə yetirilməsi ayələrdə icmal şəklində təqdim edilir. Hədislərdə isə bu ibadət əməllərinin bütün təfərrüatı ən xırda cəhətlərə qədər açıqlanır.

İki ifrat düşüncə

Son zamanlarda müsəlmanlar arasında yayılmış və hədisi inkar edən, "yalnız Quran bizə bəsdir" tezisini irəli sürən quranilər hərəkatının heç bir elmi-məntiqi əsası yoxdur. Quranilər hər şeyin ayələrdə mövcud olduğunu iddia edir, Quranda izahı verilməyən, sünnədə öz əksini tapan məsələləri inkar edirlər. Onlar bəzi hədislərin zəif və qondarma olduğunu əsas gətirərək, bütünlükdə sünnəni mötəbər mənbə olaraq şübhə altına alırlar. Quranilər müqəddəs ayələri öz düşüncələrinə və istəklərinə uyğun şəkildə təfsir edir, hər kəsin bunu bacaracağını söyləyirlər. Quranilik gəlişi gözəl sözlərdən ibarət olan, əslində isə İslam dinini sünnə kimi nəhəng bir irsdən məhrum etməyə yönələn təxribatdır.

Bunun əksinə olaraq, tarixin müəyyən dövrlərində üstünlük qazanmış, bu gün az da olsa ardıcıllarına rast gəldiyimiz əxbarilik cərəyanı da bu mövzuda ifrat mövqe sərgiləməklə obyektivlikdən kənara çıxır. Əxbarilər ictihadi batil sayır, hədisləri səhih və zəif qismlərə ayırmağı günah hesab edir, yeni meydana çıxan və haqqında hədislərdə heç nə bildirilməyən məsələlərdə ehtiyata uyğun davranmağı vacib bilirlər. Onların fikrincə, təkbaşına Quran ayələri ilə heç bir hökmü əsaslandırmaq mümkün deyil və hədissiz Quran əhəmiyyət daşımır.

Hər iki düşüncə yanlışdır və İslam bütün məsələlərdə olduğu kimi, bu mövzuda da ifrat və təfritdən uzaq, orta yolu tutmağı tövsiyyə edir. Quranın və sünnənin yeri, əhəmiyyəti, bir-biri ilə bağlılığı və üstünlük dərəcəsi barədə həm ayələrdə, həm də hədislərdə kifayət qədər dəqiqliklə məlumat verilmişdir və bu məlumatlar yuxarıdakı iki yanaşmanın səhv olduğunu anlamaq üçün kifayətdir.

Quranla hədisin (sünnənin) bağlılığını ifadə edən daha bir dəlil Peyğəmbərdən rəvayət edilən "səqəleyn" hədisidir. Səqəleyn hədisi əhli-sünnə və şiə mənbələrində fərqli variantlarda qeyd edilib. Hədisin ümumiləşdirilmiş məzmunu budur ki, Peyğəmbər buyurub: "Sizin aranızda iki ağır əmanət qoyuram. Onlar cənnət hovzunun kənarında mənə qovuşana kimi bir-birindən ayrılmazlar. Əgər onlara sarılsanız, azğınlığa düçar olmazsınız. Əgər onlardan ayrılsanız, zəlalətə düşərsiniz". Hədisin bütün variantlarında birinci əmanət Qurani-Kərimdir. Əhli-sünnə mənbələrinin bir qismində ikinci əmanət Peyğəmbərin sünnəsidir. Bəzi əhli-sünnə mənbələrində və şiə məzhəbinə aid bütün mötəbər qaynaqlarda isə ikinci əmanət kimi Peyğəmbərin itrəti (Əhli-beyti, imamlar) qeyd edilib. Əhli-beyt imamları Peyğəmbər sünnəsinin daşıyıcıları və şərhçiləridir. Bu mənada hədisin hər iki variantı sünnənin, yəni hədisin Quranla bağlılığını və Quran qədər əhəmiyyətli olduğunu vurğulayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.