Cəmiyyət

Birinci sinfə qəbul üzrə 13 877 valideyn sorğu yerləşdirib

17 Mart 2017 19:10
0 Şərh     Baxış: 883

Elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə qəbulla bağlı 17.03.2017-ci il (saat 18:00) tarixinə olan məlumata əsasən, 13 877 nəfər valideyn sorğu yerləşdirib.

Qurumdan Milli.Az-a verilən məlumata görə, onlardan 12 259 nəfəri övladlarının təhsil alması üçün ümumi təhsil məktəblərini, 1 618 nəfəri isə lisey və gimnaziyaları seçib.

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu prosesi 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edir.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Qeyd edək ki, ümumi təhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli "Zəkalar" liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə, ilk növbədə həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi "Facebook" səhifəsində 15-17 mart 2017-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.